• Təqvim

  • Maraq



İlham Əliyev döyüş cəbhəsində olduğu kimi, informasiya cəbhəsində da Qalibdir!


2003-cü ildən dahi şəxsiyyət, Azərbaycan xalqının ÜmummilliLideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq xalqının və millətinin qəlbində həm siyasi lider, həm də qalib sərkərdə kimi böyük ehtiram qazanmış praqmatik və prinsipial siyasi xadim İlham Əliyevin ölkəmizə rəhbərliyi Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasında inamla gələcəyə doğru addımlayan qalib dövlətə çevirmişdir. Məhz uzaqgörən siyasətçi İlham Əliyevin sayəsində 2020-ci ilin noyabrında düşmən üzərində qazandığımız qələbədən sonra Azərbaycan təkcə öz tarixi torpaqlarını düşməndən azad etmədi, həm də bütün bu illər ərzində düşmənin beynəlxalq ictimaiyyətdə məzlum tərəf olması barədə yaratdığı yalançı təəssüratlara da son qoydu. Təcavüzkar ölkə xaricdəki havadarların, bəzi ölkələrdə siyasi təsir gücünə malik erməni lobbisinin dəstəyi ilə tarixi saxtalaşdırmalar aparmaqla Qarabağın Ermənistan ərazisi olması haqqında qarayaxma kampaniyaları ilə 30 ildə tarixi torpaqlarımızda vandallıq etmiş, əhalimizə, təbii sərvətlərimizə qarşı terror aktları törətmiş, tarixi abidələrimizi məhvə məruz qoymuşlar.

Lakin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-də ermənilərin silahlı təxribatlarına qarşı başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsindəAzərbaycan güclü ordusunun əzmi və rəşadəti ilə düşmənə qalib gəldi. Döyüş meydanında düşmənin yalan və mifləri darmadağın edildi.

Sahədə gedən döyüşlərlə eyni anda dövlət başçımız diplomatiya və informasiya masasında apardığı mübarizədə də uğurlara imza atdı.Prezident İlham Əliyev dünyanın aparıcı televiziya kanallarına müsahibələr verməklə döyüş cəbhəsində olduğu kimi informasiya cəbhəsində də qələbə çaldı. Ölkə rəhbəri öz müsahibələrində düzgün və düşünülmüş şəkildə tarixi faktlara əsaslanaraq sualları cavablandırır, ermənilərin yalan və iftira üzərində qurulmuş siyasətini, onların faşist ideologiyasını sistemli şəkildə ifşa edirdi. Bu onu sübut edirdi ki, Azərbaycan ənənəvi müharibənin ən vacib hissəsi olan informasiya müharibəsində də qalibdir... Bu qalibiyyət isə "CNN International”, "CNN-Türk”, "Sky-News”, "Euronews”, "Əl Cəzirə”, "Əl-Ərəbiyə”, "TRT Haber”, "Rosiya-1”, "Pervıy Kanal”, "RBK”, " Nikkei”, "Fox News”, "Figaro”, "Rai-1” kimi beynəlxalq televiziya kanalları vasitəsilə dünya azərbaycanlıları tərəfindən qürurla izlənilir və ölkənin siyasi arenasında İlham Əliyevin alternativinin olmamasına bir daha əmin olurdular.

Bu gün münaqişənin bitməsindən sonra postmüharibə dövründə ölkə başçısı dünyaca məşhur KİV-lərlə müsahibələri davam etdirir və Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Növbəti müsahibə Prezident Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın "İl Sole 24 Ore” qəzetinə olmuş və müsahibəsində cənab İlham Əliyev Azərbaycan Ermənistan arasındakı münasibətlərin hazırkı vəziyyətindən, Avropanın bu işdə mövqeyindən və rolundan, Minsk qrupunun fəaliyyətindən və postmüharibə dövründə Azərbaycanın beynəlxalq layihələrlə verdiyi töhfələrdən danışıb. Ölkə rəhbəri bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Avropa İttifaqının səyləri böyük əhəmiyyətə malikdir. Avropa İttifaqının sülh prosesinə dəstəyi çox önəmlidir. İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səyləri böyük əhəmiyyət kəsb edir. Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Lakin çox vacib Bəyanatın bu hissəsinin icrası olduqca ləng gedir. Azərbaycan isə artıq işlərə başlayıb və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Rəsmi İrəvanın hərbi cinayətləri müharibədən sonrakı dövrdə də davam edir. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsi hələ də öz həllini tapmayıb. Avropa İttifaqının bu məsələdə yardımçı olmaq arzusu Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan minalar səbəbindən həlak olub və ya ağır yaralanıb. Avropa İttifaqı tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollar, Azərbaycana isə 140 milyondur. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon. Bundan əlavə, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb. Bu gün əcnəbi vətəndaşlar və jurnalistlər həmin ərazilərə səfər edəndə dağıntıların miqyasını öz gözləri ilə görürlər. Eyni zamanda, 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz. Yanaşma vahid standartlara əsaslanmalıdır. Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsait ayrılmalıdır. Avropa İttifaqı özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirməlidir. Avropa İttifaqı minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayıra bilər və onlar Azərbaycana gələrək işə başlaya bilərlər. Çünki Azərbaycan üçün fiziki olaraq bunu qısa müddətdə etmək mümkün deyil. Minalar təmizlənməsə, insanların geri qayıdışını təmin etmək mümkünsüzdür.

Azərbaycan Prezidenti ölkədə medianın vəziyyətinə toxunaraq qeyd edib ki, Azərbaycanda media ilə bağlı məhdudiyyətlər yoxdur. Azərbaycanda azad internet var və senzura mövcud deyil. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, medianı məhdudlaşdırıb azad internetə malik olmaq mümkünsüzdür. Eynilə insan hüquqları məsələsi. Bütün insan hüquqları qorunur və bu gün Azərbaycan uzun illər əvvəl üzləşdiyi tənqidə məruz qalmır.

Ölkə başçısı həmçinin Minsk qrupunun fəaliyyindən də danışaraq bildirib ki, ATƏT-in mandatına əsasən Minsk qrupu 1992-ci ildən münaqişəni həll etməyə məcbur idi. Minsk qrupu ötən il noyabrın sonunadək, Azərbaycan 44 gün ərzində əraziləri azad edənə kimi 28 il ərzində fəaliyyət göstərdi. Minsk qrupunun fəaliyyəti uğursuz idi. Əgər Minsk qrupunun həmsədrləri - dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. Azərbaycan xalqı Minsk qrupu üçlüyünün daimi səfərlərindən yorulmuşdu. 20 ildən çox fəaliyyət göstərən Minsk qrupunun nəticəsi sıfıra bərabərdir. Ermənistanı Azərbaycan ərazilərini tərk etməyə və BMT Təhlükəsizlik Şurasının bunu tələb edən qətnamələrinə əməl etməyə yola gətirmək və ya məcbur etmək üçün yeganə yol Ermənistana qarşı sanksiyalar tətbiq etmək idi. Müəyyən hallarda bu sanksiyalar digər ölkələrə qarşı tətbiq olunur, lakin Ermənistana qarşı yox. Yenə də ikili standartlar, yenə də ədalətsiz yanaşma. Rəsmi İrəvanın məsuliyyətsiz bəyanatlarına Minsk qrupu reaksiya vermədi. Onlar hətta bu bəyanatı pisləmədilər. Əlbəttə ki, bu cür davranış yalnız Ermənistanı danışıqlar masasında mövqeyini möhkəmləndirməyə və işğalı sonsuz etməyə cəsarətləndirdi.

Prezident İtaliyanın "İl Sole 24 Ore” qəzeti vasitəsilə beynəlxalq ictimaiyyətə həm də yeni layihələr haqqında məlumat verərəkbildirib ki, Azərbaycan Cənub Qaz Dəhlizinin 4 seqmentinin hamısında əsas maliyyə yükünü öz üzərinə götürüb. Sözügedən layihə XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatır. Bu, texniki baxımdan çox mürəkkəb və bahalı layihədir. Ötən ilin dekabrında layihənin tam başa çatmasından əvvəl artıq istehlakçılarla müqavilələr imzalanmışdır. Yanvarın 1-dən başlayaraq İtaliya, Yunanıstan və Bolqarıstan 7,2 milyard kubmetr qazla təchiz olunub. Gələn il bu, 9 milyard, 2023-cü ildə azı 11 milyard kubmetr olacaq. Azərbaycanda neft və qazın ÜDM-də həcminin əhəmiyyətli dərəcədə azaldılmasına nail olunub. Uzun illər bundan öncə neft və qazın ÜDM-də payı mütləq çoxluq təşkil edirdi, indi isə yarıdan da azdır. Beləliklə, Azərbaycan iqtisadiyyatının strukturu daha çox balanslaşdırılmış oldu. Lakin ixracın 90 faizindən çoxunu neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi təşkil edir. Qeyri-enerji layihələrinin ixracı 45 faiz artdı. Energetikaya aid olmayan sənayemiz 20 faiz artdı. Bu, əlamətdar nəticədir.

Müsahibəsində Azərbaycan və İtaliya arasındakı tərəfdaşlıq münasibətindən danışan dövlət başçısı qeyd edib ki, İtaliya dünya miqyasında Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir. Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbəil artacaq. İtaliya dost ölkə olaraq azad edilmiş ərazilərdə fəaliyyət göstərəcəkdir. İtalyan memarları Şuşadakı tarixi abidələrin və məscidlərin bərpa işlərində iştirak edəcəklər. İtalyan şirkəti Bakıda Zəfər Muzeyinin tikintisinə fəal şəkildə cəlb olunub. Azad edilmiş ərazilərdə İtalyan şirkətlərinin çox fəal iştirak etdiyi müxtəlif layihələr mövcuddur.

Bu gün Azərbaycan xalqı güclü dövləti və güclü siyasi lideri olan qalib xalqdır. Bunun üçün Ulu Öndər siyasətinə və bu siyasəti uğurla davam etdirən ölkə başçısı İlham Əliyevə minnətdarıq.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş