• Təqvim

  • Maraq



Azərbaycan NATO ilə etibarlı tərəfaşdır


Azərbaycan dövlət müstəqilliyinə nail olduqdan sonra ilk illərdə dövlət idarəçiliyindəki rəhbərlərin səriştəsizliyi səbəbindən beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində heç bir iş görülməmişdi. Dahi siyasətçi Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı prioritet vəzifə kimi dövlətçiliyin inkişafı məqsədilə qarşıya qoyuldu. 1993-cü ildən başlayaraq Azərbaycan ilə Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, NATO, Avropa Birliyi və digər beynəlxalq təşkilatlara üzv olaraq regional təşəbbüslərdə iştirakı ilə öz milli maraqlarını qorumaqla etibarlı tərəfdaşlığa başladı.

1949-cu ildə yaradılmış və sülhün qorunmasını, azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən, üzvlərinə qarşı yönəlmiş istənilən aqressiyanın dəf edilməsini, lazım gəldikdə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan NATO ilə Azərbaycan Respublikası arasında ilk təmasların tarixi ölkəmizin 1992-ci ildə NATO- nun yeni yaradılmış məşvərətçi Forumuna-Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulması ilə başlanmışdır. NATO ilə ölkəmiz arasında əməkdaşlığın əsası isə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1994-cü il 4 may tarixində "Sülh Naminə Tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə qoyulmuşdur. Müstəqilliyini yenicə bərpa edən dövlətimiz üçün NATO ilə əməkdaşlıq xarici siyasət strategiyasının inkişafı baxımından çox zəruri idi. Çünki müharibə vəziyyətində olan bir ölkə üçün beynəlxalq aləmlə təmas çox vacib idi. Xüsusilə NATO ilə. Məhz bu səbəbdən Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində NATO ilə əməkdaşlıq getdikcə möhkəmləndirildi. 1994-cü il mayın 4-də "Sülh Naminə Tərəfdaşlıq” çərçivə sənədinin Heydər Əliyev tərəfindən imzalanması ilə Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi istiqamətində mühüm addımlar atıldı, Azərbaycan NATO-ya daxil olan Avropa dövlətləri ilə təhlükəsizlik sisteminin sivil qaydada təmin edilməsi, Azərbaycan ordusunun NATO hərbi strukturları ilə sülh naminə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, ordu quruculuğu təcrübəsini artırmaq, peşəkar hərbiçilər yetişdirmək sahəsində əhəmiyyətli addımlara yol açıldı.

Prezident İlham Əliyevin ölkə rəhbərliyinə gəlməsindən sonra Azərbaycan beynəlxalq nüfuzlu təşkilatlarla əməkdaşlıq istiqamətində mühüm işlər görüldü, beynəlxalq aləmə inteqrasiya yolunda qətiyyətli addımlar atıldı. Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsi, NATO standartlarının tətbiqi, təminat və təchizat sisteminin, maddi- texniki bazanın yenilənməsi və digər əsaslı islahatlar NATO ilə əməkdaşlığın yeni mərhələsinin əsasını qoydu. Həmin dövrdən etibarən qarşılıqlı səfərlər ölkəmizin bu təşkilatla əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm rol oynadı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun mənzil-qərargahına 2004-cü ildən bu günə qədər yeddi dəfə işgüzar səfərdə olması əməkdaşlığın dinamizmini göstərir. Artıq Azərbaycan ilə NATO arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir. NATO rəsmiləri Azərbaycanla əməkdaşlığa yüksək önəm verdiklərini etiraf edirlər, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı fəaliyyətini yüksək qiymətləndirirlər. Həmçinin NATO və üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, siyasi müstəqilliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dair hər zaman davamlı dəstək nümayiş etdirirlər. Azərbaycan da NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda "Qətiyyətli dəstək” əməliyyatlarındakı xidməti beynəlxalq təşkilatlar tərəfindən yüksək qiyməyləndirilir. Azərbaycan Əfqanıstandakı sülhməramlı missiyasına 2002-ci ildə başladı və cari ilin avqustun sonunda onu bitirdi. Azərbaycan hərbçiləri Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyəsində müstəsna rol oynayıb və Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında idi. Azərbaycan NATO-nun hərbi təlimlərində mütəmadi iştirak edir. NATO-nun aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız cari ildə yeddi birgə hərbi təlim keçirilib. Sözügedən təcrübə regionda sülh və sabitlik işinə xidmət edir.

Həmçinin Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın müstəsna rolu vardır. NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Alyansın 4 ölkəsi, o cümlədən Türkiyə Azərbaycandan qaz idxal edir və gələcəkdə bu ölkələrin coğrafiyası genişlənə bilər. Azərbaycan enerji təchizatı sahəsində etibarlı tərəfdaşdır.

Azərbaycanın NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparması, müxtəlif formatlarda və səviyyələrdə aparılan siyasi dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, əməliyyatlarda iştirak, meydana gələn təhlükəsizlik təhdidləri və s. kimi aktual məsələlərin müzakirə olunması və onlara dair fikir mübadiləsi aparılması qarşılıqlı anlayışa əsaslanan, yüksək səviyyəli əməkdaşlıq sahəsində tərəqqinin və ölkəmizə göstərilən yüksək etimadın açıq təzahürüdür.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş