Avropa İttifaqı ilə əməkdaşlıq sülhün və rifahın təminatçısıdır
18 iyul 2021-ci il tarixində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında geniş tərkibli görüş və birgə mətbuat konfransı keçirilmiş, əməkdaşlıq, planlar və nailiyyətlər barədə çox səmərəli müzakirələr aparılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel əvvəlcə mətbuata bəyanatlarla çıxış etmişdirlər.
Respublika Prezidenti İlham Əliyev çıxışında bildirmişdir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri tərəfdaşlığımızın göstərcisidir. Əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. Eyni zamanda, əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar mövcuddur. Şarl Mişelin Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, ölkəmizin gündəliyinə tam uyğundur.
Prezident İlham Əliyev həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi tərəfdaşlıqdan danışaraq bildirmişdir ki, Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldır. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir.
Enerji təhlükəsizliyi ilə bağlı öz fikirlərini bildirən dövlət başçısı onu da qeyd etmişdir ki, enerji təhlükəsizliyinin təmin olunması əməkdaşlığın əsas istiqamətlərindən biridir. Enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması qeyd olunmalıdır. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq.
Azərbaycan Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir. Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurası bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng "Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir. Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Eyni zamanda, artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Qaz təchizatçısı kimi Azərbaycanın potensialı artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir.
Nəhəng nəqliyyat infrastruktur layihələri Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verir - deyə vurğulayan Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanların yarandığını diqqətə çatdırmışdır. Bu gün genişmiqyaslı əməkdaşlıq üçün yeni imkanlar yaranıb.
İnnovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdan danışan dövlət başçısı onu da qeyd etmişdir ki, Avropa İttifaqı ilə əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. Mövcud əlaqələrə əlavə, növbəti təkan verilməlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başlanılan layihələrin əsasında olmalıdır.
Avropa İttifaqı sərhədlərin delimitasiyasına köməklik göstərməyə hazırdır. Bir sıra öhdəlikləri öz üzərinə götürməsi Azərbaycanın məsuliyyətli dövlət olmasından xəbər verir. Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır. Sərhədlərin delimitasiyası məsələsində də Avropa İttifaqı yaxından iştirak etməyə hazırdır.
Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək, həvəsləndirmək arzusundadır. Dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir. Bu isə dayanaqlı sülh naminə əməkdaşlığa böyük töhfələr verəcəkdir.
Ceyhunə HÜSEYNOVA,
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Facebook-da paylaş