• Təqvim

  • Unutma

  • Maraq



“İki ölkə arasında əməkdaşlıq tarixə yazıldı”


Azərbaycanın Vətən müharibəsində regionun böyük dövləti olan Türkiyənin mövqeyi bir tərəfdən siyasi və mənəvi dəstək olduğu halda, o biri tərəfdən bir çox qüvvələr üçün çox ciddi mesaja çevrildi. Azərbaycan Prezidenti İlham Əliyevin tarixi faktlardan qaynaqlanan fikirləri onu deməyə əsas verir ki, Qafqaz geosiyasi məkanında müxtəlif vaxtlarda öz maraq dairəsi baxımından bir sıra dövlətlərin apardığı siyasət bu regionda həlli dalana dirənmiş problemlərin əsasını qoymuşdur. Bu problemlərin mənfi təsiri xalqların həyatından yan keçməmişdir.

Müharibəyədək, hətta, müharibə zamanında Azərbaycanın sülhməramlı missiyasını heç bir dövlət inkar edə bilməz. Azərbaycan 30 ilə yaxın bir tarixdə yalnız bu mövqedən çıxış etmişdir. Tələbləri isə çox sadə və ədalətli idi. Azərbaycan torpaqlarından erməni işğalçıları çıxmalıdır. Müasir siyasi prosesləri şərh edərkən dövlət başçısı demişdir: "Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bizim bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir. Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb. Çünki bir daha qeyd etmək istəyirəm, biz hesab edirik və bizim bir çox tərəfdaşlarımız hesab edirlər ki, müharibə başa çatıb və biz artıq kitabın o səhifəsini bağlamalıyıq, gələcəyə baxmalıyıq. Çünki postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır. Bütün bu əməkdaşlıqlar isə Qafqazın inkişafı üçün təminat yaradır.

Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi əməkdaşlığın strateji istiqamətlərindən biridir. Türkiyənin bu məsələdə daim Azərbaycana dəstək göstərməsi, Azərbaycanın yanında olması tarixə yazılmış qardaşlıq nümunəsidir.

Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycana Türkiyənin mənəvi-siyasi dəstəyi əvəzolunmazdır.

Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynayır.

Türkiyə ilə əməkdaşlıq həm də ölkələrin hərbi qüdrətinin artmasına xidmət edir. Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər. İki qardaş ölkə arasında 15 iyun 2021-ci il tarixində imzalanmış Şuşa Bəyannaməsinə əsasən tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir. Strateji Əməkdaşlıq Şurası tərəflərin məsuliyyətini və Bəyannamənin statusunu müəyyən edir.

Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və BMT, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər. Bütün bunlar isə beynəlxalq təşkilatlar müstəvisində qarşılıqlı dəstəyin yüksək səviyyədə olması deməkdir və bu hərbi tərəfdaşlıq beynəlxalq hüquqla qorunur.

Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirəsalınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş