• Təqvim

  • Maraq



Azərbaycan-Türkiyə dostluğunun İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mərhələsi


Tarixi köklərə əsaslanan Azərbaycan-Türkiyə qardaşlığı bu gün daha da möhkəmlənən dostluq və qarşılıqlı əməkdaşlıq şəraitində keyfiyyətcə yeni mərhələyə keçməkdədir. Hər zaman bir-birinə doğma, əziz olan iki dövlət arasında münasibətlər getdikcə möhkəmlənir. Ölkələrimiz arasında əldə olunan yeni razılaşmalar, imzalanan müqavilələr xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə və sarsılmazlığına xidmət edir. Eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığı, bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsində və bölgədə iqtisadiyyatın daha da güclənməsində böyük təsir gücünə malikdir.

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edərək Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan haqq-ədalət savaşında ilk günlərdən Azərbaycanın yanında olan Türkiyə Ümummilli Lider Heydər Əliyevin "Bir millət-iki dövlət” şüarını rəhbər tutdu, Qazi Mustafa Kamal Paşa Atatürkün ifadəsi ilə "Azərbaycanın kədərini kədərləri, sevincini sevincləri” bildilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın haqq işinə öz dəstəyini bildirərək "Azərbaycan bu müharibədə haqlıdır, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır” - deməsi hər bir azərbaycanlını qürurlandırdı və sevindirdi.

44 gün ərzində və ondan sonrakı dövrdə ölkəmizin hər yerində Azərbaycan bayraqları ilə yanaşı Türkiyə bayraqları da dalğalandırıldı və bu gün də dalğalanmaqdadır. Bu isə bütün dünyaya iki qardaş ölkənin birliyini sübut edir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Türkiyə-Azərbaycan arasında tarixi birlik və qardaşlıq daima yüksələn xətlə inkişaf edir. Çünki bu qardaşlıq möhkəm təməllərə əsaslanır. Ümummilli Lider Heydər Əliyevin "Bir millət-iki dövlət” kəlamı həm siyasi, iqtisadi, mənəvi, həm də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb. Bu istiqamətdə siyasi liderlərin nümunəvi münasibəti əsas rol oynayır. Atılan qəti addımlar, Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir.

Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə "qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir.

44 günlük Vətən müharibəsində Qələbəyə həsr olunmuş zəfər Paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir” - deməsi Türkiyənin, qardaş dövlətin hər zaman Azərbaycanla həm cəbhədə, həm də diplomatik səviyyədə mübarizədə yanında olmasının və bu qardaşlığın daha da möhkəmlənməsinin göstəricisidir. Azərbaycan və Türkiyənin mövcud potensialı əlaqələrimizin iqtisadi sferada, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir. Bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. Yəni ölkələrin iqtisadi potensialı qardaşlığımızın qüdrətini daha da artırır. Birgə iqtisadi layihələrin böyük geosiyasi əhəmiyyəti var. Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb. Ölkələrimiz arasında yeni sazişin imzalanması isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biri olacaq. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı "Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.

Çoxəsrlik tarixi olan Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bu gün İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan mərhələsi xalqlarımızın və ölkələrimizin şanlı birlik salnaməsinə qızıl hərflərlə yazılmış yeni səhifələr əlavə edir. Bu dostluq və qardaşlıq dostlarımız üçün sevinc, düşmənlərimiz üçün isə göz dağıdır.

Yaşasın Azərbaycan-Türkiyə dostluğu!

Yaşasın türk birliyi və həmrəyliyi!

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş