• Təqvim

  • Maraq



“Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” deyəndə dahi şəxsiyyətin bu sahədə gördüyü işlər hər birimizin gözü önündə canlanır


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinin  tamamilə yeni bir mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyətdir. Ümummilli ideologiyamız kimi səciyyələndirilə biləcək azərbaycançılıq ideologiyasının müəllifi olan Ulu Öndər Heydər Əliyev qadirbilən xalqımızın qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq. 

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı mühüm Sərəncam dahi şəxsiyyətin 100 illik yubileyinə ən böyük töhfədir. Bu Sərəncam eyni zamanda, xalqımızın dahi rəhbərinə olan sonsuz hörmət və ehtiramını, sevgisini bir daha çatdırmaq, Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərini gələcək nəsillərə ötürmək üçün bizlərə geniş imkan yaradır.

2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə gənclərlə bağlı gördüyü işləri, misilsiz xidmətləri, söylədiyi tematik sitatları xatırlamaq yerinə düşərdi. “Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” deyəndə dahi şəxsiyyətin bu sahədə gördüyü işlər hər birimizin gözü önündə canlanır.

22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə Ulu Öndərin gənclərin ünvanına söylədiyi “Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq”, “Gənclərimizin borcudur ki, Azərbaycan daim müstəqil dövlət olsun, Azərbaycan xalqı bir millət kimi dünyada öz yerini tuta bilsin, gələcəyə daha da uğurla gedə bilsin, dünya millətləri, xalqları arasında aşağı səviyyədə durmasın, ümumdünya səviyyəsində olsun” fikirlərini bu gün hər birimiz qürurla xatırlayırıq. Həmin görüşdə Ulu Öndər qeyd etdi ki, “Həm elm sahəsində, həm təhsil sahəsində, ədəbiyyat, mədəniyyət sahəsində və bizim mənəvi mənbəyimiz olan din sahəsində, İslam dini sahəsində tarixi ənənələrimizdən istifadə edərək gənclərimiz üçün bütün dünyaya geniş yol açmaq lazımdır”.  

31 avqust 1994-cü ildə Bakı şəhərinin təhsil işçiləri ilə görüşdə Ulu Öndər vurğuladı ki, “Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır”. 

Ulu Öndər 11 dekabr 1994-cü ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin və BMT-nin Beynəlxalq Uşaq Fondu – UNİCEF təşkilatının birgə təşkil etdiyi “Uşaqlar dünyanın sevincidir” xeyriyyə telemarafonu münasibətilə televiziya studiyasında uşaqlarla görüşdəki çıxışında qeyd etdi ki, “Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur”.

2 fevral 1996-cı ildə Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumundakı nitqində Ulu Öndər “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir” fikirlərini söylədi. Eyni zamanda vurğuladı ki, “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”. “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir”, - söyləyən Ümummilli Lider gənclərin çiyinlərinə böyük yük düşdüyünü bir daha diqqətə çatdırdı. Dahi şəxsiyyət çıxışı zamanı bildirdi ki, “Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir”.

“Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir”, - deyən Ulu Öndər gənclərimizə verdiyi dəyəri bir daha dilə gətirdi. 

1 iyun 1996-cı ildə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaq musiqi festivalı qaliblərinin yekun konsertindəki çıxışında “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır. Ona görə də bu, bizim müqəddəs borcumuzdur”, - deyən Ümummilli Lider fikirləri ilə uşaqları sevməli, onlara sahib çıxmalı olduğumuzu bizlərə xatırlatdı.

1 fevral 1997-ci ildə Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun birinci ildönümü münasibətilə forum nümayəndələrinin bır qrupu ilə görüşdə Ulu Öndərin səsləndirdiyi “Hər gündən, dəqiqədən səmərəli istifadə olunmalıdır ki, gənc nəslimiz yaxşı bilik, təhsil alsın, elmin, həyatın bütün sahələrində olan təcrübəni mənimsəsin, həyatda, cəmiyyətdə həm özü, həm də ölkə xalq üçün faydalı olsun” fikirləri bu gün də fəxrlə xatırlanır.  Dahi rəhbər vurğuladı ki, “Milli, mənəvi, ümumbəşəri dəyərlərin hamısı birlikdə bütün vətəndaşlarımızın və xüsusən gənclərimizin mənəvi kodeksini təşkil etməlidir”. Bundan başqa, “Milli ideologiya konsepsiyası haqqında danışanda gəncləri birinci növbədə Azərbaycanın müstəqilliyi prinsiplərinə sadiq olmaq ruhunda tərbiyə etmək lazımdır”. 

20 mart 1997-ci ildə Azərbaycan Prezidenti tərəfindən şəhid övladları və kimsəsiz uşaqlar üçün təşkil edilmiş Novruz şənliyində çıxışında dahi şəxsiyyət “Mən inanıram ki, Azərbaycanın bu gün yetişən gənc nəsli bütün keçmiş nəsillərdən daha da yüksəklərə qalxacaqdır. Çünki siz müstəqil Azərbaycanda, öz azad Vətəninizdə yaşayırsınız” fikirləri bu gün artıq bir reallığa çevrilib. 

2 fevral 1998-ci ildə Azərbaycan Gəncləri Gününün ilk ildönümü münasibətilə keçirilən bədii idman bayramında nitqində vurğuladı ki, “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.

21 fevral 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevin YAP-ın Gənclər Birliyi nümayəndələrinin ümumrespublika toplantısındakı nitqində səslənən “Bizim gənclər gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, sağlam həyat tərzi keçirmək, mənəvi, milli dəyərlərimizə daim söykənmək və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etmək lazımdır. Mən əminəm ki, bizim gənclərimiz Azərbaycanın gələcəyini bizdən elə yaxşı təmin edəcəklər. Çünki bizim çox zəkalı, çox bacarıqlı, istedadlı gənclərimiz vardır. Mən ümidvaram ki, gənclər bugünkü təcrübədən yaxşı bəhrələnəcəklər və Azərbaycanın gələcəyini təmin edəcəklər” fikirlərini hər kəs qürurla xatırlayır. 

13 dekabr 1998-ci ildə Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə “Uşaqlar dünyanın sevincidir” devizi altında keçirilən mərasimdəki çıxışında dahi rəhbər bildirdi ki, “Mən inanıram ki, indiki gənclər, indiki uşaqlar bizim nəsillərdən də qabiliyyətlidir, istedadlıdır. Mən inanıram ki, Azərbaycanın bugünkü gəncləri, bugünkü uşaqları Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcəklər. Biz bunun təməlini qoyuruq, əsasını qoyuruq. Siz isə gələcəkdə bunları qurub yaratmalısınız, inkişaf etdirməlisiniz”.

4 mart 1999-cu ildə keçirilən Azərbaycan Respublikası Gənclərinin II Forumundakı nitqində bildirdi ki, “Gənclərin qarşısında duran vəzifələr birinci növbədə cəmiyyətdə öz yerini tutmaqdan, maariflənməkdən, təhsilini artırmaqdan, cəmiyyət üçün faydalı olmaqdan ibarətdir”. Qeyd etdi ki, “Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”. 

1999-cu ilin 31 dekabrında valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün təşkil edilmiş Yeni il şənliyində Ulu Öndər çıxışı zamanı söylədi ki, “Mən bütün Azərbaycanın uşaqlarını öz uşaqlarım hesab edirəm, övladlarım hesab edirəm, nəvələrim hesab edirəm”.

2 fevral 2000-ci ildə Azərbaycanın bir qrup tanınmış idmançıları və yığma komandanın baş məşqçiləri ilə görüşdə söhbəti zamanı qeyd etdi ki, “Biz bu gün hansı gənc nəsli yetişdirə bilsək, Azərbaycanın gələcəyi ondan çox asılı olacaqdır. Əgər bugünkü gənc nəsil Azərbaycan xalqının bütün qayğılarına qalmaq iqtidarına malik olacaqsa, yüksək biliyə, təcrübəyə malik olacaqsa, təbiidir ki, biz Azərbaycanın gələcəyi haqqında narahat olmamalıyıq”. 

24 aprel 2000-ci ildə Türk dünyasının görkəmli oğlu, dünya şöhrətli alim, Azərbaycan xalqının böyük dostu İhsan Doğramacının 85 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edən Ulu Öndər bildirdi ki, “Millət üçün, dövlət üçün, ölkə üçün, xalq üçün uşaq, gənclik hər şeydən qiymətlidir. Uşağın dünyaya gəlməsi, onun sağlam böyüməsi, gənc nəslin yaxşı təhsil alması hər bir millətin, xalqın ən dəyərli sərvətidir. Çünki o, millətin, xalqın gələcəyidir, millətin, xalqın daimiliyidir, əbədiliyidir”. 

29 dekabr 2000-ci ildə yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində Ulu Öndər vurğuladı ki, “Müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir”.

25 iyun 2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinə təbrikində isə bildirdi ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmək hər bir Azərbaycan vətəndaşı üçün, hər bir gənc üçün böyük bir iftixar mənbəyidir, şərəfli bir vəzifədir. Orduda xidmət etmiş, öz vətəndaşlıq borcunu yerinə yetirmiş hər bir gənc bizim cəmiyyətdə, həyatımızın bütün sahələrində ən dəyərli insan hesab olunmalıdır”.

13 sentyabr 2002-ci ildə Goranboy rayonu ictimaiyyəti nümayəndələrinin mitinqindəki nitqində söylədi ki, “Gənclərdə, gənc nəsildə vətənpərvərlik hissini, vətənə xidmət etməyi, orduda xidməti şərəf bilmək və Vətən yolunda həlak olmağa, özünü qurban verməyə daim hazır olmaq hisslərini daha da yüksəklərə qaldırmalıyıq”. 

8 dekabr 2002-ci ildə Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə keçirilən şənlikdəki nitqində söylədiyi “Çadırlarda doğulmuş uşaqlar gələcəkdə öz torpaqlarının sahibi olacaq, öz torpaqlarında böyüyəcəklər, öz elində-obasında yaşayacaqlar” fikirləri də bu gün reallığa çevrildi. Ulu Öndərin də qeyd etdiyi kimi, həmin uşaqlar böyüyüb öz torpaqlarını düşməndən azad etdilər. Qalib ölkənin gəncləri oldular. 

Ulu Öndər həmin şənlikdə “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır” fikirlərini də bir daha səsləndirdi.  

Ulu Öndər 13 oktyabr 2003-cü ildə Azərbaycan Respublikası Gənclərinin III Forumundakı nitqində “Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır” fikirlərini səsləndirərək gələcəyimizin gənclərin əlində olduğunu diqqətə çatdırdı.



Facebook-da paylaş