Prezident İlham Əliyev: “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir”
Cari ilin 21 iyul tarixi “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun keçirilməsi, Prezident İlham Əliyevin açılış mərasimində iştirakı və çıxışı ilə yadda qaldı.
Ölkə Prezidenti İlham Əliyev çıxışı zamanı bildirdi ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Şuşa həm də bizim cəsarətimizin rəmzidir.
Ölkə başçısı qeyd etdi ki, Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır. İki ölkə arasında mövcud qardaşlıq əlaqələri regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Türkiyə və Azərbaycan xalqları arasında olan münasibətlər uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur.
Ölkə rəhbəri bildirdi ki, Türkiyə Prezidenti Ərdoğan Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik. İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq. Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bəyannamə qarşımızda yeni üfüqlər açır. Əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığın olduğunu görərik. Bu gün Türkiyə qlobal liderlərdəndir. Türkiyənin beynəlxalq nüfuzu ildən-ilə artır. Həm qlobal məsələlərdə və xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmli və vacibdir, o, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir.
Ölkə başçısı vurğuladı ki, torpaqlarımızı azad edəndən sonra ölkəmizə qarşı potensial təhlükə görmürük. Daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir. Azərbaycanın iqtisadiyyatı özünü təmin edir, biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik mövcuddur.
Ölkə rəhbəri onu da bildirdi ki, biz ayıq olmalıyıq və keçmişimizi unutmamalıyıq. Unutmamalıyıq ki, qonşularımız tərəfindən kürəyimizə bıçaq sancıldı, gözlənilmədiyi anda qonşularımız kürəyimizə bıçaq sancdı və o zaman Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdi. Biz unutmamalıyıq ki, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə İkinci Qarabağ müharibəsi bitən kimi müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq.
Dövlət başçısının söylədiyi kimi, bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür. Buna ehtiyac var. Bu gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulur, beynəlxalq hüquq selektiv tətbiq edilir. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin tendensiya davam edir.
Ölkə rəhbəri söylədi ki, ötən ilin fevralında imzalanan Bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafında bir mərhələdir. Bəyannamə özündə müstəqilliyin ayrı-ayrı dövrlərində müxtəlif cür inkişaf edən, lakin hər iki ölkənin uzun illər ərzində bəyan etdikləri kimi strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu münasibətlərin inkişafı tarixini ehtiva edir. Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması möhkəm təmələ malik idi. Məhz Rusiya tərəfi Ermənistan və Azərbaycan 2020-ci il noyabrın 9-da, Üçtərəfli Bəyanatın razılaşdırılmasının getdiyi bir vaxtda həmin birləşdirici rolu oynamışdı. Bəyannamə imzalanan andan bəri Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı kifayət qədər uğurlu olub. Yüksək səviyyədə xeyli təmaslar olub, hökumət başçıları, xarici siyasət qurumları və digər hökumət və ictimai strukturların təmsilçiləri səviyyəsində təmaslar olub.
Sabit əməkdaşlıq əlaqələrindən söz açan ölkə başçısı bildirdi ki, Rusiya kütləvi informasiya vasitələrində Azərbaycana münasibətdə və Azərbaycan kütləvi informasiya vasitələrində Rusiyaya münasibətdə gördüyümüz kiçik nahamarlıqlar Azərbaycan və Rusiyanın siyasətinə heç bir təsir göstərmir. Dünyada Rusiya-Ukrayna müharibəsinin başlanmasından, o cümlədən İkinci Qarabağ müharibəsindən sonra vəziyyət bizim regionda dramatik şəkildə dəyişdiyi üçün müxtəlif qiymətləndirmələr, müxtəlif təhlillər və müxtəlif rəylər qaçılmazdır. Lakin belə məqamlar Azərbaycan rəhbərliyinin siyasi iradəsinə təsir etmir. Ona görə münasibətlərimizin gələcəyi də ötən illərdə olduğu kimi, belə müsbət və uğurlu olacaqdır
Ölkə rəhbəri qeyd etdi ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə sürətlə inkişaf edib. Sirr deyil ki, son zamanlarda Hərəkat tədricən deqradasiyaya uğramışdı və o, praktik olaraq xüsusi davamı olmayan müəyyən məsələlərin müzakirə platformasına çevrilmişdi. Azərbaycanın sədrliyi dövründə isə Hərəkatın institusional inkişafı müşahidə olunur.
Dövlət başçısının vurğuladığı kimi, COVID-19 pandemiyası zamanı Qoşulmama Hərəkatı dünya ictimaiyyətinin bu problemə diqqətinin cəlb olunmasında liderlik nümayiş etdirdi. Azərbaycan sədr kimi, vaksin milliyyətçiliyinə qarşı fəal çıxış edən ölkələrdən biri olub. Biz heç kimdən çəkinməyərək, ölkələri öz adları ilə adlandırırdıq – onlar özlərinə lazım olduğundan beş dəfə artıq vaksin alırdılar, baxmayaraq ki, eyni zamanda, bir çox yoxsul ölkələr müdafiə olunmamış qalırdılar. Azərbaycanın təşəbbüsü ilə Hərəkat ölkələrində məlumat bazası yaradılıb, bu bazadan Ümumdünya Səhiyyə Təşkilatı da istifadə edib. Bundan başqa, Azərbaycan humanitar və maliyyə yardımı məqsədilə 10 milyon ABŞ dolları ayırıb və bir çox ölkələrə vaksinlərlə yardım edib.
Ölkə rəhbəri söylədi ki, bu gün Azərbaycan mediası çox böyük işlər görür. İşğal dövründə biz hamımız, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan gedirdi.
İnformasiya müharibəsində önəmli amildən söz açan ölkə başçısı qeyd etdi ki, Azərbaycan reallıqları haqqında məlumatları dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemləri çatdırmaq üçün birinci vasitəmiz media olmuşdur.
Dövlət başçısı vurğuladı ki, öz həqiqətlərimizi sübut etməliyik. Bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik.
Ölkə başçısı qeyd etdi ki, Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Regional inkişaf əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Bu günə kimi gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır.
Ölkə rəhbəri bildirdi ki, İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib, biz getdikcə daha çox sayda birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın ərazisidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı. Təəssüf ki, uzun illər - 28 il ərzində Minsk qrupu çərçivəsində gedən danışıqlar heç bir nəticə vermədi. Ümumiyyətlə, həll üçün hər hansı düstur ortaya qoyulmadı.
“İkili standartlar” siyasətinin təzahürünə toxunan ölkə başçısı bildirdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa Şurasının, həmçinin Avropa Şurası Parlament Assambleyasının qərarları, hətta Avropa Parlamentinin, - baxmayaraq ki, hazırda kifayət qədər ermənipərəst mövqedədir, onun da qəbul etdiyi qətnamə var idi ki, reallığı əks etdirirdi, - lakin bu sanksiyalar baş vermədi, bunlar Ermənistana qarşı tətbiq olunmadı.
Ölkə rəhbəri bildirdi ki, öz müqəddəratının təyin olunması ərazi bütövlüyü prinsipini kölgədə qoymur. Ermənistan artıq müstəqil dövlət kimi mövcuddur. Biz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri döyüş meydanında icra etməli olduq. Beynəlxalq hüququn fundamental prinsipləri var və onlara riayət olunmalıdır. Hazırda üç beynəlxalq tərəf var ki, sülh prosesinə dəstək olurlar - ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur.
Son iki il yarım ərzində bir neçə məqam oldu və onlar birbaşa Ermənistana nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır. Bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Əgər bu addım atılsa və Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina edilsə, bu sazişin ilin sonunadək imzalanması kifayət qədər mümkündür.
Transxəzər Qaz Boru Kəməri Azərbaycanın təşəbbüsü ilə başlayacaq bir layihə deyil. Transxəzər layihəsi bir ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslanır. Odur ki, bu təşəbbüsün irəli sürülməsi və yaxud ona sərmayə yatırılması bizdən asılı deyil. Lakin kimsə Transxəzər boru kəmərini inşa etmək istəsə biz şad olarıq. Nəticədə bizə əlavə tranzit rüsumları ödəniləcək və yeni əməkdaşlıq imkanları yaranacaq.
Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir. Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Avropa İttifaqının enerji komissarı Azərbaycanı panAvropa qaz tədarükçüsü adlandırır. Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir və ilin sonuna qədər əlavə iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək.
Ölkə Prezidentinin söylədiyi kimi, xalqımızla, ordumuzla, qəhrəmanlarımızla fəxr etməmək mümkün deyil. Şuşaya çatmaq üçün bizim qəhrəman əsgərlərimiz və zabitlərimiz yüngül silahlarla, qarşılarında topla, tankla, artilleriya ilə silahlanmış düşmənlə üz-üzə, bəzi hallarda əlbəyaxa döyüşlərdə ölümə gediblər.
Həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanı qaytaracağıq. 30-dan çox şəhər və kəndin Baş planı təsdiqlənib. Bir çox kəndlərin təməli qoyuldu. Şəhərlərin Baş planları təsdiq olunanda həmin şəhərlərdə yaşamış insanların rəyi də nəzərə alınmışdır.
Dövlət başçısı vurğuladı ki, minatəmizləmə prosesi ən böyük əngəldir. Minalar müharibə bitəndən sonra üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıbdır. Bu müharibə cinayətidir, minaları basdırmaq müharibə cinayətidir. Amma həmin minaların xəritəsini təqdim etməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Azərbaycana təqdim olunmuş xəritələrin dəqiqliyi heç 25 faiz deyildi.
Ölkəmiz ciddi səylər göstərir, tədbirlər həyata keçirir ki, minalardan azad olaq. Biz avadanlıq almışıq, xüsusi maşınlar gətirmişik. Yerli şirkətlərdən biri artıq Azərbaycanda onları istehsal etməyə başlayıb. Özəl şirkətləri dəvət etmişik və bu istiqamətdə bir neçə özəl şirkət yaradılıbdır, onlar da bu prosesə qoşulublar. ANAMA Müdafiə Nazirliyinin müvafiq bölmələri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə gecə-gündüz çalışırlar ki, əraziləri minadan təmizləsinlər. Bizdə olan hesablamaya görə, ərazilərimizdə bir milyondan artıq mina basdırılıb. Ermənilərin isə bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir. Bizim yerli şirkətlərimiz və ANAMA minatəmizləmə fəaliyyətini beynəlxalq şirkətlərlə müqayisədə 8 və ya 10 dəfə ucuz həyata keçirir.
Qarabağda hakimiyyəti ələ keçirmiş xunta artıq hər kəsdə gülüş doğurur. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayanları girov götürüblər. Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün xüsusi nümayəndə təyin olunmuşdur. Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında oldu. Bundan sonra biz Qarabağ ermənilərinin nümayəndələrini dialoqu davam etdirmək üçün Bakıya dəvət etdik. Lakin onlar imtina etdilər, həm də nümayişkaranə şəkildə. Müəyyən vaxtdan sonra biz onları yenidən dəvət etdik, onlar yenə də imtina etdilər. Üçüncü dəvət olmayacaq.
Ədalətli mövqedən söz açan ölkə rəhbəri qeyd etdi ki, biz utana biləcəyimiz və ya “bəli, bax, burada biz haqsızıq” deyəcəyimiz heç bir şey etməmişik.
Ölkə rəhbəri qeyd etdi ki, sərhəddə nəzarət-buraxılış məntəqəsinin qoyulması postmünaqişə dövründə mühüm mərhələ idi və şəraiti əhəmiyyətli dərəcədə dəyişdi. Azərbaycanın sözügedən təşəbbüsü tam olaraq legitimdir.
Azərbaycan öz hərbi üstünlüyünü hər zaman nümayiş etdirib. Fərrux əməliyyatı, 2021-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədində vəziyyət, 2022-ci ilin sentyabrında sərhəddə vəziyyət, habelə nəzarət-buraxılış məntəqəsinin açılışı üstünlüyümüzün sübutlarıdır.
Bu gün çadırlarda oturub və kiməsə etiraz edilməsi komediya şousudur. Bu, sadəcə, lətifədir. Özünü “prezidentlər” adlandıran şəxslərin etiraz etməsi, oturaq tətil Azərbaycanda bəzi jurnalistlər tərəfindən zarafat mövzusu olub. Yəqin ki, növbəti mərhələdə “uzanan” tətil olacaq.
Tolerantlığın və demokratik yanaşmanın təcəssümündən danışan ölkə rəhbəri söylədi ki, biz Qarabağdakı erməni azlığının hüquqları və təhlükəsizliyinə əməl etməklə Konstitusiyamız çərçivəsində və Azərbaycanda bu məsələlərin necə həll edilməsi üzrə xeyirxah təcrübə çərçivəsində yenidən inteqrasiya yolu ilə irəliləməyə hazırıq.- Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Azərbaycanda yaşayan etnik qrupların bütün nümayəndələri eyni hüquq və vəzifələrə, təhlükəsizlik səviyyəsinə malikdirlər.
Bu gün kapital və sərmayə proqnozlaşdırıla bilən və sabit məkanlara gedir, belə bir məkan məhz Azərbaycandır. Hətta işğal dövründə də Azərbaycan sabitlik məkanı idi. Bu gün bizim prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Biz ümumi daxili məhsulda iqtisadiyyatımızın qeyri-neft sektorunun payını ildən-ilə artırırıq. O, artıq 50 faizdən yüksəkdir. Bu gün biz həm də qeyri-neft ixracını artırırıq.
Hökumətimizin çox uzaqgörən və proqnozlaşdırıla bilən proqramı var. İnkişafla bağlı, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı proqramımız var. Azərbaycanda yaşayan əcnəbi insanlar təsdiq edə bilərlər ki, ölkəmizdə idarəçilikdə çox müsbət dəyişikliklər var, xüsusilə də bizim maliyyə sistemimizdə. Korporativ menecment baxımından da bizim şirkətlərdə böyük dəyişikliklər var.
Ölkəmizin iqtisadiyyatı sabitdir. Xarici borcumuz ümumi daxili məhsulla müqayisədə təqribən 10 faizə bərabərdir. Bizim valyuta ehtiyatlarımız da ümumi daxili məhsuldan 10 dəfə artıqdır və biz xarici borcumuzu bir həftə içərisində bağlaya bilərik.
Ticarət dövriyyəmiz böyük profisitlə həyata keçirilir. Son altı ay ərzində ixrac-idxalla müqayisədə bizim profisitimiz 10 milyard dollara bərabər idi. Siyasi vəziyyət sabitdir. Azərbaycan özünü neft-qaz sahəsində etibarlı tərəfdaş kimi sübut edib və bu gün coğrafi yerləşməni, artıq çox müasir nəqliyyat infrastrukturunu nəzərə alaraq əlaqələndirmə məsələlərində fəal çalışır.
Rəqəmsallaşma sektoruna böyük həcmdə maliyyə vəsaiti ayrılıb. Mövcud istiqamətdə böyük potensialımız var və fərqli təyinatlı layihələr icra olunur.
Bəzi Amerika şirkətləri artıq Azərbaycanın bərpaolunan enerji sahəsinə maraq göstərir. Biz bu sahədə çox böyük potensiala malikik. Bakını yaxşı tanıyan insanlar bilirlər ki, Bakı çox küləkli şəhərdir. Külək Xəzər dənizində də böyük gəlir gətirəcək. Artıq Beynəlxalq Maliyyə Korporasiyası hesablama aparıb. Hesablamaya görə, təkcə Xəzər dənizində 157 qiqavat həcmində potensial var. Yeni bərpaolunan enerji sahəsində şirkətlər artıq fəaliyyət göstərir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş imzalandı və Avropa İttifaqının Prezidenti də orada iştirak edirdi. Həmin layihəyə əsasən, biz Azərbaycandan Avropaya Qara dənizin dibi ilə yaşıl enerji xətti inşa edəcəyik.
Bu ilin sonunadək 240 meqavat gücündə birinci Günəş enerjisi stansiyası istifadəyə veriləcəkdir. Biz 10 qiqavat səviyyəsində memorandumlar və sazişlər imzalamışıq, texniki-iqtisadi əsaslandırmaya başlanılıb. Həmin memorandumların yarısı belə həyata keçirilsə, bu, bizim üçün kifayət edəcək ki, Avropada geniş coğrafiyaya elektrik enerjisini ixrac edə bilək.
Kənd təsərrüfatı sahəsində, suvarmada Amerika şirkətlərinin aparıcı avadanlıqlarından istifadə olunur. Ancaq biz Amerika şirkətlərini daha çox investor kimi görmək istəyirik. Burada çox məhsuldar torpaqlar var və bizim su resurslarımızın 25 faizi məhz Qarabağdan qaynaqlanır.
Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük Qayıdış Proqramı qəbul edilib. Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq. Birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır.
Prinsipial məsələyə toxunan ölkə başçısı bildirdi ki, işğaldan əziyyət çəkən 1 milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır.
Laçın şəhəri cəmi səkkiz ay ərzində tamamilə yenidən quruldu və orada 700-dən çox ailə üçün bu gün şərait var. Həm fərdi evlər, həm çoxmənzilli evlər. Sentyabrın 15-dək məktəb də hazır olacaq, uşaq bağçası da hazır olacaq, xəstəxana da hazır olacaq və digər sosial obyektlər də inşa edilir.
Növbəti beş il ərzində azad edilmiş bütün şəhərlərdə artıq insanlar yaşayacaqlar. Amma şəhərlərin inkişaf planı daha genişmiqyaslıdır. Baş planımıza görə Ağdam şəhərində 100 minə yaxın insan yaşayacaq. Bütün bunlar mərhələli yollarla ediləcək. Çünki vəsait o zaman xərclənməlidir ki, artıq insanlar oraya getməyə hazır olsunlar.
Ölkə başçısı bildirdi ki, ermənilər Azərbaycan ərazisində uzun müddətdir ki, yaşayırlar, onların kütləvi surətdə Qarabağa köçü XIX əsrin birinci yarısında başlamışdır. 1805-ci ildə Kürəkçay müqaviləsi nəticəsində Qarabağ xanlığı, ondan sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə isə Azərbaycanın digər xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edilmişdir. Ondan sonra daha çox İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması prosesi başlamışdır. Bunu təsdiqləyən çoxlu sənədlər var. Ermənilər Qarabağ torpağına qonaq kimi gəlmişdilər, o cümlədən Şuşaya. 1752-ci ildə Pənahəli xan Şuşada şəhər salmışdır.
Xankəndi xuntası Şuşada bir daşı daş üstə qoymayıb. Onların Azərbaycana qarşı, xalqımıza qarşı nifrəti normal insan psixikasına sığışmır. Qəbir daşlarını oğurlayıb orada azərbaycanlıların adlarını sildirib öz yaxınları üçün qəbir daşları kimi istifadə edirdilər. Azərbaycanlıların qəbirlərini qazıb orada ölülərin kəllələrindən qızıl dişlərini çıxararaq əridib bazarda satıblar. 60 min hektar meşə fondu ermənilər tərəfindən məhv edildi, doğranıldı və sonra parket kimi satıldı.
Ən böyük dağıntılara məruz qalan Füzuli və Ağdam şəhərləridir, orada bir dənə də salamat bina qalmayıb. Bunun bir səbəbi ola bilər ki, bu bölgəni tamamilə erməniləşdirmək, Azərbaycanın mədəni irsini silmək və öz aləmlərində bu torpaqları gələcəkdə yaşayış üçün yararsız hala salmaqdır.
Biz erməni xalqının tarixi mirasına əl dəymirik. Şuşada erməni kilsəsi var. Hər kəs gedib baxa bilər, orada bir daşa da dəyilməyib, əksinə, ora qorunur.
Biz heç vaxt dinc əhaliyə qarşı vuruşmamışıq. Amma erməni ordusu müharibə zamanı bizim dinc şəhərlərimizi “İskəndər”, “Toçka”, “Skad” raketləri ilə atəşə tuturdu. Yüzə yaxın günahsız insan, o cümlədən 12 uşaq bu namərd atəş nəticəsində həlak olmuşdur.
Ermənistanda əli Azərbaycan xalqının qanına batmış cəlladlar elə erməni hakimiyyəti tərəfindən cəzalandırılır. Biz təkcə Ermənistanı məğlub etmədik, biz erməni faşizminin belini qırdıq. İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyət onlara dərs olacaq və onlar oturub fikirləşəcəklər ki, bundan sonra bu bölgədə necə yaşasınlar, öz günahlarını etiraf edəcəklər, öz cinayətlərini etiraf edəcəklər, cinayətkarları məsuliyyətə cəlb edəcəklər. Artıq bu proses başlayıb.
Strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilmişdir. Həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq.
Hazırda Azərbaycan xalqının rifahının yüksəldilməsi əsas məsələdir. İşğal altındakı ərazilərin azad olunmasından sonra sosial-iqtisadi məsələlər ön planda dayanır.
Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə konsensus var, həmrəylik var.
Azərbaycanın müdafiə qabiliyyəti diqqət mərkəzində qalacaqdır. İkinci Qarabağ müharibəsinin təcrübəsi bizə daha çox lazım olanları, daha az lazım olanları, daha çox nəyin istifadə olunduğu, daha az nəyin istifadə edildiyini göstərdi. Bunlar hamısı nəzərə alınmalıdır.
Birinci planda dayanıqlı inkişaf məsələləri durur, neft və qaz sektorundan asılılığın azaldılması dayanır. Bu hədəf, bu məqsəd neft hasil edən bütün ölkələrin qarşısında dayanır. Neft sənayesinin iqtisadiyyatda önəmli yer tutan ölkələrdə bunu etmək o qədər də asan deyil. Amma bunsuz dayanıqlı inkişaf mümkün olmayacaq. Çünki təbii resurslar bitən resurslardır, biz iqtisadiyyatın istənilən şəraitdə və vəziyyətdə dayanıqlı olmasını təmin etməliyik.
Şəffaflıq və yeni idarəetmə yanaşması sayəsində əldə olunmuş mühüm nəticələrə gəlincə artıq ilk il may və iyun aylarında biz büdcəyə əlavələri artım istiqamətində qəbul edirik və bunun əsası odur ki, vergi və gömrük orqanları planlaşdırılandan daha çox gəlir əldə etmişlər.
Ermənistanla münasibətlərin tənzimlənməsində biz sülh müqaviləsinin imzalanmasına nail olsaq, bu, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyəti sağlamlaşdıracaq və Cənubi Qafqazı yüksək risk zonasından çıxarmış olacaq. Yüksək risk zonası təkcə ekspertlərin qiyməti deyil, bu, həmçinin reytinqlərdir, kreditlənmə imkanlarıdır. Bunlar birbaşa olaraq xarici sərmayələrlə bağlı məsələdir. İnvestorlar, ilk növbədə, potensial və mümkün riskləri nəzərə alırlar.
Təbii və iqlim şəraitinə, turizm potensialına, kənd təsərrüfatı və həmçinin bərpaolunan enerji mənbələri resurslarına, potensialına görə Qarabağ və Şərqi Zəngəzur bizim ümumi daxili məhsulda ciddi artıma səbəb olacaqlar. Növbəti ilin sonuna qədər 200 meqavat gücündə olan 30 hidroelektrik stansiyanın tikintisi başa çatacaq. Artıq 50 meqavatdan çox istismara verilib. Qarabağda su elektrik stansiyalarının istifadə səmərəliliyi Azərbaycanın hər hansı digər bölgəsi ilə müqayisədə dəfələrlə yüksəkdir. Kəlbəcər-Laçın zonasında külək enerjisinin nəhəng potensialı mövcuddur. Cəbrayıl rayonunda isə bir neçə aydan sonra 240 meqavat gücə malik günəş stansiyasının tikintisinə başlanacaq.
Logistik mərkəzdən söz açan ölkə rəhbəri vurğuladı ki, Zəngəzur dəhlizini heç kim ləğv etməyib, bu layihə gündəlikdə qalmaqdadır və həyata keçirilməyənədək gündəlikdə qalacaq. Bu isə olduqca böyük potensial açır.
Afrika ölkələri ilə bizim əlaqələrimiz sürətlə inkişaf edir. Bir müddət bundan əvvəl Afrika İttifaqında səfirliyimiz də açılmışdır. Bununla bərabər, biz Qoşulmama Hərəkatı çərçivəsində Afrika ölkələri ilə sıx əlaqədəyik. COVID dövründə bizim göstərdiyimiz humanitar yardımın bir hissəsi Afrika qitəsinə də istiqamətləndirilmişdir.
Hər bir ölkənin öz gündəliyi var, öz xarici siyasəti var, öz daxili səbəbləri var. Biz bilirik İkinci Qarabağ savaşı dönəmində bizim yanımızda kim olub, biz bilirik Ermənistanın yanında kim olub, neytral mövqedə kim olub. İndi bu məsələnin yenidən gündəmə gətirilməsi düzgün olmaz. Bizim əsas vəzifəmiz torpaqlarımızı azad etmək idi, buna da nail olduq.
Həmrəylik və dostluq jestindən danışan ölkə rəhbəri bildirdi ki, Füzulidə məktəb səxavətli şəkildə Özbəkistan tərəfindən inşa edilməkdədir. Qazaxıstan tərəfindən isə incəsənət mərkəzi ianə kimi ayrılıb. Hər ikisi hazırda inşa mərhələsindədir. Məktəb avqustun sonuna qədər, gənclər üçün olan incəsənət mərkəzi isə ilin sonuna qədər hazır olmalıdır. Bu, iki dəstək rəmzidir və müharibədən sonra xaricdən aldığımız dəstək bu qədər olmuşdur.
Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir. İkitərəfli əsaslarda çox fəal işləyirik, xüsusilə sərmayələr və ticarət sahələrində. Özbəkistanla birgə İnvestisiya Fondu yaradılıb və həmçinin Qırğızıstanla da belə bir təşəbbüs artıq başlayıb. Özbəkistanla fond yarım milyard ABŞ dollarına bərabərdir, Qırğızıstanla isə iyirmi beş milyon. Çünki hələ icra üçün layihələr yoxdur. Sözsüz ki, bu fondlar genişləndirilə bilər.
Azərbaycanın nəqliyyat infrastrukturu müasirdir və yükdaşıma potensialı çox yüksəkdir. Biz Mərkəzi Asiya ölkələri ilə rabitə və nəqliyyat əlaqələrinin qurulması üzərində işləyirik. Asiyadan gələn yüklər Xəzər dənizindən keçməklə Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxmalıdır. Bu yol Mərkəzi Asiya ölkələri üçün ən mühüm nəqliyyat marşrutlarından biri olacaq.
“İRNA Azərbaycan” iki ölkə arasında münasibətin güclənməsinə müsbət təsir göstərəcək. Məsuliyyətli KİV qonşu ölkələr arasında münasibətlərin güclənməsinə müsbət təsir göstərə bilər. Ən yaxşı üsul İrandakı auditoriyanı Azərbaycandakı reallıqlar, Qarabağın və Şərqi Zəngəzurun bərpa prosesi haqqında məlumatlandırmaqdır.
Şuşanın bərpası başlanılıbdır, bir müddət öncə Baş plan təsdiq edilibdir və indi artıq ilk yaşayış layihəsi icra olunur. Həmin layihələr çərçivəsində Şuşa sakinləri yenidən evlərinə qayıdacaqlar. Şuşa nadir, misilsiz bir məkandır. Burada tarix, mədəniyyət, memarlıq və iqlim vəhdət təşkil edir. Bu, bizim böyük sərvətimizdir. Bu şəhər qaya üzərində qurulubdur, qədim şəhərdir və bu, həqiqətən də Qafqazın incisidir və Qarabağın tacıdır.
3-4 il ərzində Şuşa təkcə Azərbaycanın və Qafqazın deyil, dünyanın ən gözəl şəhəri olacaqdır. Şuşanın infrastrukturu inkişaf etdirilir. Ermənilər qaçarkən burada supaylayıcı şəbəkəni dağıtmışdılar. Ona görə də şəhərdə sıfırdan yeni supaylayıcı sistemi qurulub. Baş plan çərçivəsində Şuşa şəhərinin bütün infrastrukturu yenidən qurulub, yeni yollar yaradılıbdır. Bu ilin sentyabr ayında min şagird yerlik məktəbin açılışını edəcəyik və 90 çarpayılıq xəstəxana da ilin sonuna qədər hazır olacaqdır.
Vasitəçilərlə bağlı iki proses mövcuddur. Biri Azərbaycan və Ermənistanladır, birbaşa orada vasitəçi olaraq Rusiya və ABŞ var. Eyni zamanda Brüssel formatı da mövcuddur. Bu, rəsmi danışıqlar formatı deyil, çünki danışıqlar xarici işlər nazirləri, onların heyətləri və ekspertlər səviyyəsində aparılır. Brüssel formatı isə bir balaca əlavə dəstəkverici mexanizmdir ki, Ermənistan və Azərbaycan liderləri təmas qursunlar. Bu formatlar arasında müəyyən fərq var. Minsk qrupu ilə bu formatın fərqi ondan ibarətdir ki, Minsk qrupunda üzvün biri Fransa idi, bu gün Fransa artıq prosesdə yoxdur.
Avropa İttifaqının vasitəçiliyindən danışan dövlət başçısı qeyd etdi ki, Avropa İttifaqı rəsmi vasitəçi olmasa da, müəyyən təzyiqləri azaldan, iki liderin bir-biri ilə danışıqlar aparmasına və mövqelərini daha yaxşı başa düşmələrinə imkan yaradan amildir.
10 noyabr 2020-ci il Bəyannaməsinin iki müddəası hələ də həllini tapmayıb. Erməni silahlı qüvvələri Qarabağdan hələ də çıxmayıb və Naxçıvana çıxış təmin edilməyib.
Minsk qrupunun yenidən canlandırılması qəbuledilməzdir. Bu qırılmış vazanı yenidən bir yerə gətirmək üçün bu gün müəyyən fikirlər, danışıqlar var. Amma bu, praktiki cəhətdən də mümkün deyil. Eyni zamanda, Azərbaycan buna razı olmayacaqdır. Çünki bizim onların fəaliyyəti ilə bağlı o qədər də xoş xatirələrimiz yoxdur.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təşəbbüsü Rusiya öz üzərinə götürdü. Çünki, Rusiya 10 noyabr Bəyannaməsinin hazırlanmasında vasitəçilik edirdi. Rusiya sülhməramlıları hazırda regionda müvəqqəti yerləşdirilib. Rusiya Azərbaycanın qonşusudur, ancaq Ermənistanla qonşu olmasa da, onunla olduqca yaxın ölkədir.
Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır. Rusiya və Amerika silahlı qüvvələrinin yüksək səviyyəli nümayəndələri, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər. Bu isə bizə olan etimadın, etibarın göstəricisidir. Belə görüşlər dörd və ya beş dəfə keçirilib. Bu da onu göstərir ki, Azərbaycan maraqları birləşdirən ölkədir, hətta elə ölkələr arasında ki, onlar hər zaman rəqabətdədir.
İstər Moskva, istərsə də Vaşinqton olsun, hər iki vasitəçi danışıqlar üçün şərait yaradır. Bu, üçtərəfli danışıqlar deyil, bu, ikitərəfli danışıqlardır. Bu yaxınlarda Vaşinqtonda olub, bir neçə gündən sonra Moskvada olacaq. Ermənistan ilə Azərbaycan arasında aparılan danışıqlara dair yanaşma odur ki, bu, ikitərəfli olmalıdır. Bu, bizim yanaşmamızdır.
Ermənistan rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Onlar bunu şifahi şəkildə ediblər, bu, onların mövqeyidir. Onların baş naziri dedi, “Qarabağ Azərbaycandır”.
Qarabağdakı erməni icmasının sülh danışıqlarda hər hansı bir şəkildə daxil edilməsi mümkünsüzdür. Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır;
Sosial medianın rolu durmadan artır. Azərbaycan kimi ölkədə insan 24 saat işləməlidir və istənilən xəbərə, yaxşı və ya pis xəbərə hazır olmalıdır. Sosial media cəmiyyətin nəbzini hiss etməyə kömək edir. Cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır.
Sosial media və ənənəvi KİV-lər adekvat idarəetmənin meyarıdır. Məsələlərdən xəbərdar olmaq və ona dərhal reaksiya vermək üçün sosial medianın potensialına mütləq müraciət olunmalıdır.
Facebook-da paylaş