• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında “Şuşa – dünən, bu gün, sabah” mövzusunda Respublika Elmi Konfransı keçirilib

Noyabrın 25-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə “Şuşa – dünən, bu gün, sabah”  mövzusunda Respublika Elmi Konfransı keçirilib.

Filialın Heydər Əliyev auditoriyasında keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, AMEA Gəncə bölməsinin, Gəncə Dövlət Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Universitetin Quba, Cəlilabad, Ağcabədi filiallarının, Azərbaycan Dövlət Aqrar Universitetinin, Mingəçevir Dövlət Universitetinin, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin nümayəndələri, BDU-nun Qazax filialının professor, müəllim-tələbə heyəti, KİV nümayəndələri iştirak ediblər. Həmçinin, adları qeyd edilən Universitetlərin digər əməkdaşları konfransa onlayn şəkildə də qatılıblar.

Plenar və bölmə iclasları ilə keçirilən konfrans öz işinə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Konfransda Şuşanın 270 illiyinə həsr olunmuş videoçarx təqdim olunub. 

 




Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov konfransı giriş sözü ilə açaraq qonaqları və iştirakçıları salamlayıb, səmimi ürək sözlərini çatdıraraq konfransda iştiraklarına görə razılığını bildirib. A.Rüstəmov qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və fədakar döyüşçülərimizin möhtəşəm mübarizəsi nəticəsində Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqları azad edildi. Noyabrın 8-də fəxr və qürur yerimiz olan Şuşanın azad olunması ilə xalqımızın yaddaşına Zəfər Günü yazıldı. O Zəfər Günü ki, bizim əbədi bayramımız olaraq hər zaman qürurla qeyd olunacaq. Respublika Prezidenti İlham Əliyevin imzaladığı “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” 7 may 2021-ci il tarixli, “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli Sərəncamlarının əhəmiyyətindən söz açan A.Rüstəmov qeyd edib ki, bu Sərəncamlar bir daha onu göstərir ki, Şuşa bizim üçün nə qədər əziz, doğma, xüsusilə də böyük əhəmiyyəti olan bir şəhərdir. 


A.Rüstəmov həmin Sərəncamlardan irəli gələn vəzifələrin icrası məqsədilə filialda Tədbirlər Planının hazırlandığını, filial olaraq silsilə tədbirlərin keçirildiyini, “Şuşa – dünən, bu gün, sabah”  mövzusunda keçirilən bugünkü Respublika Elmi Konfransın da həmin tədbirlərin davamı olduğunu söyləyib. A.Rüstəmov konfransa 14 müxtəlif elmi-tədqiqat və tədris mərkəzindən 133 elmi-tədqiqat işi və məqalə təqdim olunduğunu söyləyib. Plenar iclasından sonra 4 bölmədə “Şuşa: 270 ilə tarixi ekskursiya. Azərbaycanın ictimai-siyasi həyatında Şuşanın rolu”, “Şuşanın təhsil və maarifçilik ənənələri”, “Şuşanın Azərbaycanın ədəbi irsində yeri”, “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa multikultural dəyərlərin daşıyıcısı kimi” mövzuları əhatə edən həmin elmi işlərin müzakirə olunacağını diqqətə çatdırıb. Təqdim olunmuş işlərin gələcəkdə toplu şəklində çap ediləcəyini qeyd edən A.Rüstəmov həmin toplunun gənc tədqiqatçılar, xüsusilə də gənclər, tələbə və magistrantlar üçün ən böyük töhfə olacağını söyləyib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək konfrans iştirakçılarını və qonaqları salamlayıb, ürək sözlərini bölüşərək konfransın işinə uğurlar arzulayıb. Konfransda iştirak edən qonaqları Qərbin qapısı sayılan Qazaxda görməkdən məmnunluğunu ifadə edib. İcra başçısı alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarix yazdığını bildirib. Rayon rəhbəri vurğulayıb ki, cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq daimi fəxr edəcəklər. Müharibənin son məqsədi işğal altında olan torpaqlarımızı, o cümlədən Şuşanı işğaldan azad etmək idi. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”.

Rayon rəhbəri qeyd edib ki, “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” ölkə Prezidenti İlham Əliyev 5 yanvar 2022-ci il tarixdə Sərəncam imzaladı. Sərəncamda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı kimi xüsusi yeri olması qeyd edilmiş və 2022-ci il çərçivəsində ölkədə silsilə tədbirlərin həyata keçirilməsi nəzərə tutulmuşdur. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Rayon rəhbəri vurğulayıb ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. İcra başçısı bildirib ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. İcra başçısı qeyd edib ki, strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır. Rayon rəhbəri haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdiyini, Şuşa qalibiyyətinin xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək tariximizə Zəfər Günü kimi həkk olunduğunu vurğulayıb. Rayon rəhbəri çıxışında Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanıldığını, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirildiyini, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradıldığını söyləyib. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələrin gerçəkləşdirildiyini diqqətə çatdırıb. Qısa müddətdə Şuşanın Baş planının hazırlanmasını, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılmasını, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışlarını, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesini ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsi kimi qeyd edib. İcra başçısı bildirib ki, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Rayon rəhbəri bildirib ki, il çərçivəsində istər Şuşada, istərsə də respublikanın digər şəhər və rayonlarında silsilə tədbirlər həyata keçirilir. 


Qazax rayonunda da il çərçivəsində bir sıra işlər görülmüş, tədbirlər, rəsm, mahnı, şeir müsabiqələri, rəsm, kitab sərgiləri, dəyirmi masalar, konfranslar keçirilmişdir. İcra başçısı bildirib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin Qazax filialının təşkil etdiyi “Şuşa – dünən, bu gün, sabah” mövzusunda Respublika Elmi Konfransın keçirilməsi bu günün tələbidir. Konfransda Şuşanın və Şuşa qəzasının tarixi, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması, Şuşanın Azərbaycanın ictimai-siyasi və mədəni həyatında rolu, coğrafi mövqeyini əks etdirən məqalələrin toplanması, müasir Azərbaycanın həyatında xüsusi yeri olan “Şuşa Bəyannaməsi”nin əhəmiyyəti, bu Bəyannamənin əbədi müttəfiqliyin simvolu kimi dəyərləndirilməsi və gələcəkdə konfrans materiallarının kitab şəklində nəşr olunaraq oxuculara çatdırılması il çərçivəsində həyata keçiriləcək ən mühüm tədbirlərdəndir. Konfransın plenar və bölmə iclaslarında təqdim olunmuş məqalələrin ictimaiyyətə çatdırılması, müxtəlif informasiya saytlarında işıqlandırılması əsas məqsədlərdən biridir. Konfransda ayrı-ayrı ali təhsil müəsissələrinin nümayəndələrinin iştirakı, yaxın ərazidə olan universitetlərin nümayəndələrinin bugünkü konfransda iştirak etmələri, bir çox universitetlərin əməkdaşlarının onlayn şəkildə plenar və bölmə iclaslarına qatılmaları konfransın əhəmiyyətindən xəbər verir. İcra başçısı 44 günlük haqq savaşında respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 1123 nəfər gəncin könüllü olaraq səfərbərliklə döyüşlərə qatıldığını, müharibədə iştirak etdiyini, torpaqlarımızın azadlığı uğrunda 49 nəfər igid Vətən oğlunun, müharibədən sonra 2 nəfərin xidməti vəzifəsini yerinə yetirərkən Şəhidlik zirvəsinə ucaldığını bildirib. Eləcə də 2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısını alan zamanı baş leytenant Kazımov Yunis Qasım oğlunun, baş gizir Məmmədov Azər Mustafa oğlunun, gizir Kərimov Azad Zakir oğlunun Şəhidlik zirvəsinə ucaldığını söyləyib. Vətən müharibəsində şəhid olan oğullarımızdan 11 nəfərin məhz Şuşada şəhadətə ucaldığını, Şuşada döyüşən oğullardan 47 nəfərin müharibə əlili statusunu aldığını vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. "Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhidlərimizə, onların ailə üzvlərinə, qazilərimizə qayğı göstərirsə, şəhidlərimizin, onların ataları, anaları qarşısında baş əyirəm söyləyirsə, Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru, eləcə də hər bir vətəndaş üçün örnək olmalıdır”, - deyən rayon rəhbəri Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü bildirib. Çıxışını ölkə Prezidentinin dəyərli fikirləri ilə yekunlaşdıran rayon rəhbəri qeyd edib ki, dövlət başçısının da söylədiyi kimi, “Azərbaycan ədalətli sülh istəyir. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər. Vətən müharibəsindəki Qələbəmiz imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik”. 


Bakı Dövlət Universitetinin Qazax filialının s.e.d dosent İmaş Hacıyev “Şuşada maarifçilik ənənələri”, filialın baş müəllimi Ülviyyə Bayramova “Şuşanın tarixi və tarixi missiyası”, AMEA Gəncə bölməsinin böyük elmi işçisi, f.ü.f.d Əlimuxtar Muxtarov “Şuşa İli”, Gəncə Dövlət Universitetinin dosenti Cavid Bağırzadə “XIX əsrin sonu – XX əsrin əvvəllərində Şuşa qəzasının bəzi kənd məktəbləri haqqında”, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Elgün Abbasov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatının sədri, Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Elvira Əfəndiyeva “Şuşa Qarabağın baş tacıdır” mövzularında geniş məruzələrlə çıxış ediblər. Çıxışlarda ümumi fikir ifadə olunub ki, konfransın adından da göründüyü kimi, Şuşa dünən də bizim idi, bu gün də bizimdir və sabah da bizim olacaq. “Şuşa İli”nin əhəmiyyətindən söz açan çıxışçılar bu ilin Müzəffər Ali Baş Komandan İlham Əliyevin, şəhidlərimizin, qazilərimizin timsalında böyük ömrün tarixi hesabatı kimi qiymətləndiriblər. Bu gün Şuşanın öz tarixi sahiblərində olduğunu söyləyiblər. Şuşanın Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin düşünülmüş, qətiyyətli, uzaqgörən siyasəti, Azərbaycan Ordusunun tarixə qızıl hərflərlə yazılan şücaəti sayəsində doğma sahiblərinə qaytarıldığını vurğulayıblar. Ən əsası da Qarabağın, Şuşanın dövlət-xalq-ordu birliyi, həmrəyliyi sayəsində, Vətən sevdalı könüllülərimizin döyüş meydanındakı qəhrəmanlıqları nəticəsində yağı düşməndən azad edildiyini diqqətə çatdırıblar. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə, xalqımızı şuşalı etdiklərinə, Şuşanı doğma sahiblərinə qaytardıqlarına görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuz, onlarla qürur duyduğumuz qeyd edilib. 

Sonra konfrans öz işini “Şuşa: 270 ilə tarixi ekskursiya. Azərbaycanın ictimai-siyasi həyatında Şuşanın rolu”, “Şuşanın təhsil və maarifçilik ənənələri”, “Şuşanın Azərbaycanın ədəbi irsində yeri”, “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa multikultural dəyərlərin daşıyıcısı kimi” mövzuları əhatə edən bölmə iclasları ilə davam etdirib.


GOYEZEN.AZ




Facebook-da paylaş