• Təqvim

  • Maraq



Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür

Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
GOYEZEN.AZ AZƏRTAC-a istinadən bildirir ki, 2013-cü il oktyabrın 9-u Azərbaycanda prezident seçkiləri günü kimi tarixə düşüb. Həmin gün kütləvi şəkildə seçki məntəqələrinə axışan xalqımız öz seçimini edib və İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçib. İndi o tarixdən dörd il ötür.

Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Xalqın iradəsi yerli və xarici ekspertlərin də diqqətini cəlb etdi. Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Fransa və digər ölkələr İlham Əliyevin Prezident seçilməsini çox uğurlu addım kimi qiymətləndirdilər və onunla rasional əməkdaşlığa hazır olduqlarını bəyan etdilər. Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı.

Xalqın bu ümummilli hədəflərə çatmaq arzusu İlham Əliyevin növbəti prezident seçkisindən də qalib çıxmasını şərtləndirdi. 2008-ci ilin oktyabrında xalq yenə də “Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir”, - deyən Prezident İlham Əliyevə səs verdi. 2008-ci ilin prezident seçkiləri ölkədə və dünyada böyük rezonans doğurdu. Çünki xalqın yenidən İlham Əliyevə etimad göstərməsi onun həyata keçirdiyi siyasətin uğurları ilə bağlı idi. İkinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin fəaliyyəti, əslində, müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətin konsepsiyasına çevrildi. Dövlətimizin başçısı qarşıdakı illərdə Azərbaycanı idarə etməyin strategiyasını bəyan etməklə yanaşı, xalqımızda siyasi və sosial-iqtisadi uğurlar seriyasının davamlı xarakter alacağına əminlik yaratdı. İlham Əliyevin xalqdan aldığı dəstəyin təməlində isə yenə də onun Heydər Əliyev siyasətinə sadiqliyi dayandı.

2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində xalq öz seçimini etmək üçün kütləvi şəkildə yenidən məntəqələrə axın etdi. Vətəndaşların səsvermədəki fəallığı seçkiləri müşahidə edən xarici ekspertlərin diqqətindən yayınmadı. Müşahidəçilərin hamısı bu amili yüksək qiymətləndirərək İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə demokratik proseslərin geniş vüsət aldığını və budəfəki prezident seçkilərinin də demokratiyanın inkişafı istiqamətində mühüm addım olduğunu bildirdilər.

Ötən dövr Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşahidə olundu. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Bununla belə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın apardığı etnik təmizləmə və işğal siyasəti nəticəsində doğma torpaqlarından qovulan bir milyon insanın həyat şəraitinin yaxşılaşdırılması, yeni qəsəbələrin salınması diqqətdə saxlanıldı.

Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Dağlıq Qarabağın Azərbaycandan qoparılması ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi, xalqımızı ordumuzun etibarına inandırdı. Azərbaycanda güclü müdafiə sənayesi quruldu və indi ölkəmiz 750 adda silah istehsal edir.

Bu dövrdə Azərbaycanın iqtisadi uğurları daha da böyüdü, iqtisadi nailiyyətləri ilə hər zaman diqqət mərkəzində olan ölkəmizin valyuta ehtiyatları, o cümlədən Azərbaycana qoyulan sərmayələrin həcmi artdı, güclü sahibkarlıq sinfi yarandı. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən üç dövlət proqramı sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü, Azərbaycanda 1 milyon 600 min yeni iş yeri yaradıldı.

Ölkədə qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı oldu. Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələrinin, Olimpiya İdman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına mühüm töhfələr verdi. Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını göstərdi. Ölkədə minlərlə məktəb tikildi, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Bütün bunların təməlində isə uğurlu enerji siyasəti dayandı.

Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi, Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. 2017-ci ildə isə Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici amil olduğunu bir daha təsdiqlədi. Bu illərdə Azərbaycan, həm də Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi, Oğuz-Qəbələ-Bakı su kəmərinin və Taxtakörpü su anbarının istifadəyə verilməsi kimi nəhəng layihələrin icrasına nail oldu.

Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

Bu etimadın nəticəsidir ki, 2015-ci ildə ölkəmiz tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarını yüksək səviyyədə qəbul etdi. İctimai-siyasi sabitliyin, iqtisadi inkişafın hökm sürdüyü Azərbaycan cəmiyyətinin tolerantlığı belə mühüm tədbiri həyata keçirmək üçün siyasi iradəyə, iqtisadi qüdrətə və zəruri infrastruktura malik ölkəmizin sahib olduğu güclə vəhdət təşkil etdi. Azərbaycan qədim və zəngin mədəniyyətini, modern və sivil ölkə olduğunu təqdim etmək üçün mühüm beynəlxalq arena qazandı. Əhalisinin mütləq əksəriyyətinin müsəlman olduğu Azərbaycan Avropa dəyərlərini özündə ehtiva edən, həmçinin müasir dünyaya açıq olan ölkə olduğunu sübuta yetirdi. Avropanın 50 ölkəsindən 6 mindən artıq idmançının 20 idman növündə mübarizə apardığı birinci Avropa Oyunlarına Azərbaycan 291 atletlə qatıldı. İdmançılarımız bu oyunlarda 21-i qızıl, 15-i gümüş və 20-si bürünc medal olmaqla 56 medal qazandı. 2016-cı ildən Bakıda “Formula-1” yarışlarının keçirilməsinə başlandı. Ətrafında yarım milyard tamaşaçı auditoriyası toplayan bu beynəlxalq idman yarışı da bütün dünyanın diqqətini ölkəmizə yönəltdi. Son illərdə Azərbaycanın ev sahibliyi etdiyi idman yarışları arasında 42-ci Dünya Şahmat Olimpiadasını da vurğulamaq lazımdır. 176 ölkədən 181 kişi və 142 qadın komandasının mübarizə apardığı bu yarışda Azərbaycan şahmatçıları da öz çıxışları ilə diqqət mərkəzində oldular. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın gücünü, onun müsəlman dünyasında oynadığı rolu göstərdi. Bu oyunlar ölkəmizin müasir tarixində şanlı hadisə kimi qaldı və müsəlman ölkələri üçün idman bayramı olmaqla yanaşı, həm də İslam dininə etiqad edən xalqlar arasında əlaqələrin və ümumbəşəri dəyərlərin möhkəmlənməsinə şərait yaratdı. Azərbaycanın bu addımı həmrəylik, əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunun daha da möhkəmləndirilməsinə yönəldi. Əlli yeddi ölkədən 3 mindən çox idmançının mübarizə apardığı oyunlarda Azərbaycan atletləri 75 qızıl, 50 gümüş və 37 bürünc, ümumən 162 medal qazanaraq birinci oldular. Azərbaycanın idman sahəsində daha bir uğuru 2019-cu ildə reallaşacaq. Həmin il Bakı Olimpiya Stadionu UEFA Avropa liqasının final matçına ev sahibliyi edəcək. Bundan əlavə, Azərbaycan paytaxtı 2020-ci ildə futbol üzrə Avropa çempionatı oyunlarının keçiriləcəyi 13 şəhərdən biridir. Bununla da güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrildi, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil oldu, çünki onun müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində ancaq bir qüvvə - Azərbaycan vətəndaşı dayanır.


Facebook-da paylaş