Sərhəd kəndi Fərəhlidə yeni asfalt örtüyünün vurulmasına başlanılıb – FOTOLAR
Hər kəsə yaxşı məlumdur ki, son illər cənab
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yol infrastrukturunun
yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülür. Bunu ölkə başçısının respublika və yerli əhəmiyyətli yolların
yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə
bağlı imzaladığı çoxsaylı sərəncamlardan da aydın şəkildə görmək olur. Bu
sahənin daim diqqət mərkəzində saxlanılmasının
nəticəsidir ki, paytaxt Bakıda, eləcə də respublikamızın bölgələrində
yeni asfalt çəkilmiş yolların sayı ildən-ilə artır. Bu gün tam əminliklə deyə bilərik ki, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində
həyata keçirilən tədbirlər Qazaxda da uğurla yerinə yetirilir. Ölkə
Prezidentinin qayğısı sayəsində son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı
Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala
Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə
yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin bariz nümunəsidir. Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, rayonda
uzun illər istifadə
olunduğundan yararsız vəziyyətə düşən Fərəhli avtomobil yolunun da əsaslı
şəkildə təmir olunmasına böyük ehtiyac vardı. Kənd sakinlərinin müraciəti
əsasında Qazax Rayon İcra Hakimiyyəti tərəfindən dəfələrlə qum-çınqıl tökülərək
cari təmir edilən Fərəhli yoluna bu gün yeni asfalt örtüyü vurulur. Ölkə
Prezidentinin 10 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən düşmənlə
sərhəddə yerləşən Fərəhli kəndinə yeni asfalt yolun çəkilməsi bir daha onu
göstərir ki, bu sahədə görülən işlər bundan sonra da uğurla davam
etdiriləcək. Ən əsası da Fərəhli kəndinə yeni yolun çəkilməsi
dövlətin və dövlət başçısının sərhəddə yaşayan vətəndaşlara olan növbəti
qayğısıdır. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Fərəhli kəndində olub,
yeni asfalt örtüyü çəkilən yolda görülən işlərlə maraqlanıb. "28 nömrəli Yol
İstismarı" MMC-nin direktoru Kərəm Məmmədrzayev görülmüş işlər barədə məlumat verərək bildirib ki, yol yatağı 9-12 metr enində genişləndirilib
və əsasın qurulması işləri başa çatıb. Artıq yeni asfalt örtüyünün vurulmasına
başlanılıb. Rayon rəhbəri ilə səmimi söhbət edən sakinlər kənd
yolunun əsaslı təmir olunması xəbərini bu gün də razılıq hissi ilə qarşıladıqlarını
bildiriblər. Ölkə başçısına kəndə yeni asfalt yolun çəkilməsi ilə bağlı
imzaladığı sərəncama görə bir daha təşəkkürlərini çatdırıblar. Kəndə yeni
asfalt yolun çəkilməsi ilə bağlı qaldırdıqları məsələnin müsbət həllini
tapmasında, aidiyyəti orqanlar qarşısında məsələ qaldırılmasında əziyyəti keçən
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidova və rayon rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər. Bu gün düşmənlə üz-üzə dayanan fərəhlilərin hər
zaman ölkə Prezidentinin ətrafında sıx birləşdiklərini və dəstəklədiklərini
dilə gətiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş