Qazaxda yol infrastrukturunun inkişafına xüsusi diqqət göstərilir
Son illər Azərbaycanda yol infrastrukturunun yenidən qurulması ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da uğurla yerinə yetirilir.
Dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlara əsasən rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin əyani sübutudur.
Rayonda ölkə prezidentinin avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlara əsasən yeni asfalt yolların çəkilməsi bu il də davam etdirilir. Uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulması da bölgələrimizdə yol infrastrukturunun uğurla davam etdirilməsi deməkdir. Artıq uzunluğu 4,5 km olan Ürkməzli-Dəmirçilər avtomobil yolu çəkilmiş, Daş Salahlı kəndində isə uzunluğu 11,5 km olan yeni asfalt yolun çəkilişi davam edir.
Sevindirici haldır ki, rayonda yeni yolların çəkilməsi ilə yanaşı, küçədaxili yollarda da həm nəqliyyat vasitələrinin, həm də vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Hər il bu məqsədlə şəhərin ehtiyac olan küçələrində cari təmir işləri aparılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin Heydər Əliyev prospektində görülən işlərlə tanış olub, tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün qeyd edək ki, cari təmir işləri digər küçələrdə də aparılacaqdır.
GOYEZEN.AZ
Facebook-da paylaş