• Təqvim

  • Maraq



Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın inşasına start verilib


Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda genişmiqyaslı tikinti və abadlıq işləri aparılır. Bölgələrdə yeni sosial obyektlər tikilir, infrastruktur layihələri həyata keçirilir, çoxmərtəbəli yaşayış binaları və yollar əsaslı təmir olunur, müasir dizaynda parklar, bağlar salınır.

Ölkə başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın respublikamızda uşaq və yeniyetmələrə, gənclərə göstərdikləri diqqət və qayğı da dövlət siyasətinin əsasını təşkil edir. Məhz bu qayğı sayəsində bölgələrdə yeni-yeni məktəblər, körpələr evi-uşaq bağçaları inşa edilir və yaxud da əsaslı təmir olunur.

Dövlət başçısının diqqət və qayğısı sayəsində Qazaxda da uşaqların daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün lazımi tədbirlər görülür. Rayon rəhbərinin uşaqlara olan qayğısı sayəsində rayonda mövcud olan 25 körpələr evi-uşaq bağçasından (6-sı şəhər, 19-u kənd üzrə) 20-nin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması da bu dediklərimizin əyani sübutudur.

Ötən yazımızda xəbər verdiyimiz kimi, "Qazax Sement Zavodu” MMC Azərbaycanın iri sement istehsalçılarından biri olaraq rayonda görülən işlərə öz töhfəsini verməkdə davam edir. Belə ki, zavod fəaliyyətə başladığı ilk gündən nəinki tikinti sektorunda fərqlənməyi qarşıya məqsəd qoyub, bu şirkət eyni zamanda öz xeyirxah əməlləri ilə də hər zaman seçilməyi bacarır. Zavodun yerləşdiyi Daş Salahlı kəndində həyata keçirdiyi çoxsaylı işlər hər kəsə məlumdur. Zavod tərəfindən 2017-ci ildə Daş Salahlı kənd 2 saylı uşaq bağçasının və 3 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurularaq körpə balaların istifadəsinə verilməsi deyilənlərə bariz nümunədir. Öz ənənəsinə sadiq qalan "Qazax Sement Zavodu” MMC xeyirxah əməllərini bu il də davam etdirir. Artıq zavod kənddə təmirə ehtiyacı olan Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçası üçün də 55 yerlik yeni binanın inşasını öz üzərinə götürüb. Bu isə o deməkdir ki, bu xeyirxahlıq sayəsində kənddə olan üçüncü bağça da tam müasir səviyyəyə çatdırılacaq.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Qazax Sement Zavodu” MMC-nin İdarə heyətinin üzvü Hikmət Əliyev və digər aidiyyəti şəxslərlə birlikdə Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni tikiləcək binanın yerinə baxış keçirib, görülən işlərlə tanış olub.

Rayon rəhbərliyinə məlumat verilib ki, hazırda inşa olunacaq binanın özül hissəsinin tökülməsi üçün qazıntı işləri aparılır. Görülən işlərlə tanış olan rayon rəhbəri lazımi tapşırıq və tövsiyələrini verib.

Bağça müdiri Təranə Sultanova uşaqlara göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə  rəhbərlik etdiyi kollektiv və valideynlər adından minnətdarlığını bildirib. Bağça müdiri qeyd edib ki, bu gün ölkəmizdə sahibkarlara göstərilən dövlət qayğısının nəticəsidir ki, onlar da öz növbələrində bu cür xeyirxah əməllərə imza atırlar. Yeni bağça binasının tikintisinə görə bütün kənd sakinləri adından "Qazax Sement Zavodu” MMC-nin kollektivinə və rayon rəhbərliyinə bir daha təşəkkürlərini çatdıran bağça müdiri rayonda, eləcə də Daş Salahlı kəndində görülən işləri yüksək qiymətləndirib.


 

GOYEZEN.AZ



Facebook-da paylaş