Qazaxda aparılan quruculuq işləri davam edir
Əliağa Şıxlinski küçəsi
Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində respublikamızın bütün bölgələrində yenidənqurma və abadlıq-quruculuq işləri aparılır. Dövlət başçısının diqqət və qayğısı sayəsində Qazax rayonunda da aparılan abadlıq və quruculuq işləri günü-gündən geniş vüsət alır.
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur ki, bu sahədə işlər sürətlə davam etdirilir. Şəhərdə nəinki su və kanalizasiya xətlərinin çəkilişi aparılır, eyni zamanda işlərin başa çatdırıldığı küçələrdə abadlıq işləri görülür. Həyata keçirilən işlər sayəsində yeni asfalt vurulan küçələrin, "Abad məhəllə”lərin sayı artır.
Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif küçələrində yeni bardürlərin düzülməsi, asfalt örtüyün vurulması bu dediklərimizin bariz nümunəsidir. Şəhərdə yeni asfalt döşənəcək Əliağa Şıxlinski küçəsində görülən işlər də onu deməyə əsas verir ki, quruculuq işləri bundan sonra da uğurla davam etdiriləcək.
Şəhərdə küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də quruculuq işləri aparılaraq "Abad məhəllə” adı altında bina sakinlərinin ixtiyarına verilir. Nəriman Nərimanov yaşayış massivində yerləşən binaların həyətində görülən işlər də bunun əyani sübutudur. Hazırda su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli 61A, üçmərtəbəli 63, dördmərtəbəli 65 saylı, Azadlıq küçəsində yerləşən beşmərtəbəli 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən hər biri beşmərtəbəli olan 12 və 14 saylı, Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.Xiyabanı 27, şəhər sakinlərinin yaşadığı Ş.Xiyabanı 25 saylı çoxmənzilli yaşayış binalarının həyətində aparılan abadlıq işləri onu sübut edir ki, şəhərdə "Abad məhəllə”lərin sayı duramadan artır.
Hər kəsə o da yaxşı məlumdur ki, rayon rəhbərliyi istər su və kanalizasiya sisteminin çəkilişini, istərsə də görülən işləri daim diqqət mərkəzində saxlayır. Belə ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hər zaman abadlıq-quruculuq işləri aparılan ərazilərdə görülən işlərin mövcud vəziyyəti ilə maraqlanır. Görülən işlərlə yerində tanış olur, hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edərək aidiyyəti üzrə tapşırıqlarını verir.
Qazaxda həyata keçirilən tikinti-quruculuq işlərini yüksək qiymətləndirən rayon sakinləri bu işlərə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. Rayonda görülən işlərin keyfiyyətini hər zaman diqqət mərkəzində saxladığı üçün rayon rəhbərliyinə təşəkkürlərini çatdırırlar.
Əliağa Şıxlinski küçəsi
Molla Vəli Vidadi küçəsi
Zeynalabdin Tağıyev küçəsi
Hüseyn Arif küçəsi
Heydər Əliyev prospekti
Azadlıq küçəsi
Azadlıq küçəsi 92 saylı bina
Şəhidlər Xiyabanı küçəsi 12 saylı bina
Şəhidlər Xiyabanı küçəsi 14 saylı bina
Şəhidlər Xiyabanı küçəsi 25 saylı bina
Şəhidlər Xiyabanı küçəsi 27 saylı bina
GOYEZEN.AZ
Facebook-da paylaş