• Təqvim

  • Maraq



Qazax rayonunda ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsinə dair maarifləndirici tədbir keçirilib


Kənd təsərrüfatında məsul bir dövrün - dənli və texniki bitkilərin yığımı, o cümlədən ot biçini mövsümündəyik. Bol məhsul yetişdirməklə yanaşı, onun tədarükü, emalı da mühüm şərtdir. Ona görə də, dənli və texniki bitkilərin tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu əhəmiyyətli məhsulun, xüsusən strateji əhəmiyyətli taxılın yanğın təhlükəsizliyi də daim diqqət mərkəzində olmalı, bütün zəruri tədbirlər həyata keçirilməlidir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da rayon ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə mütəmadi olaraq maarifləndirici söhbətlər aparılır.
Növbəti tədbir iyunun 25-də rayonun Bala Çaylı kəndi ərazisində keçirilib. Tədbirdə Qazax RİH başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, Qazax Rayon Polis Şöbəsinin rəis müavini Şakir Rüstəmov, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov, Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti Şöbəsinin böyük inspektoru Etibar Vəliyev, Gəncə RDYNİ-nin Dövlət Yanğın Nəzarəti Şöbəsinin inspektoru Orxan İbrahimov, RİH başçısının İƏD-si üzrə nümayəndələri, bələdiyyə sədrləri, təsərrüfat rəhbərləri iştirak ediblər. Maarifləndirici tədbirdə praktik təlim aparılması üçün sahəyə kombayn, kotanlı traktor, yanğınsöndürmə avadanlıqları, su maşını və yük maşını cəlb olunub.

Qazax RİH başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov giriş sözü ilə çıxış edərək təşkil olunmuş tədbirin məqsəd və əhəmiyyətindən danışıb. A.Hümbətov hazırda kənd təsərrüfatı işlərinin qızğın dövrü olduğunu və belə bir vaxtda yanğın təhlükəsizliyi tədbirlərinə qarşı hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü, bu sahəyə daha həssas yanaşılmalı olduğunu bildirib. Dənli və texniki bitkilərin əkin sahələrinin, meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün şəxslərin ümdə vəzifəsi olduğunu diqqətə çatdırıb. Hər il ot və taxıl yığımı mövsümünə hazırlıq dövründə yanğına qarşı təbliğat xarakterli tədbirlər həyata keçirilməsinə baxmayaraq, taxıl sahələrində, meşələrdə yanğın hadisələri baş verdiyini bildirib. Araşdırma zamanı yanğınların müxtəlif səbəblərdən, siqaret çəkmə zamanı ehtiyatsızlıqdan, nəqliyyat vasitələrinin sistemlərinin, mexanizmlərinin və hissələrinin nasazlığından, yüksək gərginlikli hava elektrik xətlərində baş verən qəzadan, ocaqdan düşən qığılcımdan, kombaynlarda və digər texnikaların atqı borularında qığılcımsöndürənin olmamasından, biçilmiş sahələrin yandırılması səbəbləri ilə baş verdiyini qeyd edib. Bunun üçün hər kəsin üzərinə düşən məsuliyyətin mahiyyətini dərk edərək dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin olunmasına daha ciddi şəkildə yanaşılmalı, bütün qüvvələri bu sahəyə səfərbər etməli  olduğunu bir daha diqqətə çatdırıb. Qeyd edilənlərlə bağlı aidiyyatı üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.

Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti Şöbəsinin böyük inspektoru Etibar Vəliyev tədbir iştirakçılarını salamlayıb, bugünkü tədbirin təşkil olunmasında əsas məqsədin yay mövsümünün başlaması ilə əlaqədar olaraq taxıl biçini zamanı  yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsini bir daha nəzər çatdırmaq olduğunu vurğulayıb. Dənli və  texniki bitkilərin yetişdirilməsi, tədarükü əhalinin ərzaqla  təminatında  mühüm  əhəmiyyət kəsb etdiyindən ölkəmizdə bu  sahənin inkişafının  daim  diqqət mərkəzində saxlanıldığını qeyd edib. Odur ki, son dövrlər bu istiqamətdə, xüsusən də taxıl tədarükünün artırılması, əhalinin ərzaqla etibarlı təminatı ilə bağlı dövlət və ölkə rəhbəri tərəfindən mühüm qərarlar qəbul edildiyini söyləyib.
Dənli və texniki bitkilərin, o cümlədən taxıl tədarükünün artırılması ilə bağlı qarşıya qoyulan vəzifələrdən birinin də biçin dövründə yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsi olduğunu bildirib. Hər kəsi üzərinə düşən işin məsuliyyətini dərk etməyə, dövlətin bu sahədə gördüyü işlərə dəstək olmağa çağırıb.
Dənli və texniki bitkilərin, o cümlədən taxıl tədarükünün artırılması ilə bağlı qarşıya qoyulan vəzifələrdən birinin də biçin dövründə yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsi olduğunu bildirib. Hər kəsi üzərinə düşən işin məsuliyyətini dərk etməyə, dövlətin bu sahədə gördüyü işlərə dəstək olmağa çağırıb.

Qazax Rayon Polis Şöbəsinin rəis müavini Şakir Rüstəmov yanğın təhlükəsizliyi qaydalarına əməl etməyin vacibliyini qeyd edərək bu sahədə qanun pozuntularına yol verən şəxslər barədə hüquqi qaydada ciddi tədbirlər görüləcəyini bildirib.
Gəncə RDYNİ-nin Dövlət Yanğın Nəzarəti Şöbəsinin inspektoru Orxan İbrahimov çıxış edərək biçinə hazırlıq dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar hansı tədbirlərin həyata keçirilməli olduğu barədə ətraflı məlumat verib. Meşələrin yanğın təhlükəsizliyinin də daim diqqət mərkəzində saxlanılmalı, belə hadisələrin qarşısının alınmasında aidiyyatı dövlət orqanları ilə yanaşı, vətəndaşların da üzərinə çox mühüm vəzifələr düşdüyünü qeyd edib. Bildirib ki, ot-taxıl biçini mövsümündə tarlalarda və meşə massivlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi üçün hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməklə, sağlamlığımızın mənbəyi olan meşələrimizin yanğından qorunmasını təmin edə bilərik. O.İbrahimov bir neçə sadə təhlükəsizlik qaydalarını da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki:
- taxıl zəmilərində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə etməyin və siqaret çəkməyin;
- sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın;
- siqaret kötüyü və kibriti tam söndürülməmiş atmayın;
- fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətlərini quru ot və tullantılardan vaxtaşırı təmizləyin;
- təbiət qoynunda tonqal qalayarkən bunun üçün xüsusi hazırlanmış yer, yaxud köhnə tonqalın yerini, quru ot, kol-kos, ağac və ağac qırıntılarının olmadığı açıq sahəni seçin, ətrafını 0,5-1 metr radiusda otlardan təmizləyin. Tonqalı nəzarətsiz qoymayın;
- tonqalın tam söndüyünə əmin olmadan ərazini tərk etməyin – tonqal əvvəlcə su ilə söndürülməli, sonra isə üstü torpaqla örtülməlidir;
- küləkli havada tonqal qalamayın;
- yadda saxlayın ki, meşə sahələrində tonqalların qalanması qadağandır;
- yanğın baş verərsə, mümkündürsə, onu əlinizin altında olan vasitələrlə (su, torpaq, qalın parça materialı və s.) söndürməyə çalışın və "112” qaynar xəttinə məlumat verin.
Təhlükə zamanı "112”yə zəng edin!
Çaylı kənd sakini, fermer
Mahir Nağıyev, RİH başçısının Dəmirçilər kənd İƏD-si üzrə nümayəndəsi Gülnaz Mahmudova mövzu ilə bağlı fikirlərini bölüşüblər. Yanğın təhlükəsizliyi qaydalarına əməl etməyin vətəndaş olaraq hər kəsin üzərinə düşən ən böyük məsuliyyət olduğunu qeyd ediblər. Bu cür maarifləndirici tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər. Tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.





GOYEZEN.AZ



Facebook-da paylaş