• Təqvim

  • Maraq



İsmayıl Şıxlının əsərləri öz yerində, onun böyük şəxsiyyəti də milli sərvətimizdir

İsmayıl Şıxlının həyat və yaradıcılığı üzərində düşünən hər bir tədqiqatçı, birinci növbədə, təhlilə çətin gələn mühüm bir keyfiyyəti görür: bu, ədəb-ərkandır - İ.Şıxlı nə qədər istedadlı olubsa, o qədər ədəb-ərkanlı olub və "nəsildən, kökdən gələn mədəniyyət" öz yerində, eyni zamanda güclü təlim-tərbiyə məktəbi keçmişdir.

İsmayıl Şıxlının əsərləri öz yerində, onun böyük şəxsiyyəti də milli sərvətimizdir və istərdim ki, müşahidələrim dairəsində həmin şəxsiyyəti xarakterizə edim.

Hər şeydən əvvəl, onun etnoqrafik zənginliyindən danışmaq lazımdır - İsmayıl Şıxlı elə bir torpaqda dünyaya gəlib ki, orada həm məişətdə, həm əxlaqda, həm də ictimai münasibətlərdə qəribə bir epos təbiiliyi, təmizliyi var. Etnoqrafik zənginlik (və müəyyənlik) İ.Şıxlının şəxsiyyəti üçün elə bir kontekstdir ki, sonradan nə qazanıbsa, nələri mənimsəməyə "məcbur edilibsə", hamısı bu kontekstdə meydana çıxıb, onda cilalanıb və onu cilalamışdır...

Xalq öz gələcəyi üçün təhlükə hiss edəndə keçmişinə üz tutur, keçmişi ilə bu günü arasındakı ən zəif duyulan əlaqələri belə canlandırır. Həm də bir qayda olaraq bugünündə o keyfiyyətə qarşı həssas olur ki, həmin keyfiyyət ona bilavasitə genezisdən gəlir. Azərbaycan xalqı təbii olaraq özünün ən narahat günlərində Xalq yazıçısı İsmayıl Şıxlıya, onun şəxsiyyətinə, yaradıcılığına üz tutdu... Və mütəfəkkir yazıçının şah əsəri "Dəli Kür", onun baş qəhrəmanı Cahandar ağa milli ictimai təfəkkürdə bütün gücü ilə bir daha canlandı.

"Dəli Kür" onlarca povestin, romanın düşüncələrdə yaratdığı mənəvi səhradan axıb keçdi və ona can verdi - adi bir məktəblidən tutmuş böyük Mehdi Hüseynə qədər "Dəli Kür"lə tanış olan hər kəs öz emosiyasını, heyrətini gizlədə bilmədi. İsmayıl Şıxlı 50-ci illərin sonlarından 60-cı illərin ortalarına - təxminən 10 ilə qədərki "guşənişinlik"dən çıxaraq ədəbiyyatımızın Səməd Vurğundan sonrakı şah əsərini yaratdı... Bu əsərin ilk oxucusu Səməd Vurğun olmalı, yazıçını ilk dəfə o özü təbrik etməli, "Ayə, yaman yazıbsan" sözünü də o deməli idi. Və, nədənsə, mənə elə gəlir ki, İsmayıl Şıxlı "Dəli Kürheç kimin yox, məhz Səməd Vurğunun xeyir-duası ilə yazmağa başlayıb. Əsər üzərində işlədiyi dövrdə də ölməz sənətkarın ruhu həmişə onunla olub. Kim bilir, bəlkə yazıçı xəyalən öz sələfindən məsləhətlər alıb, təhtəlşüur bir qüvvə ilə Səməd Vurğunun işini davam etdirib...

Mənim dərin inamıma görə, İsmayıl Şıxlının "Dəli Kür"ə qədərki yaradıcılığı onu "Dəli Kür"ə gətirib çıxarmır... "Cəbhə yolları"ndan tutmuş "Ayrılan yollar"a qədər yazıçı, demək olar ki, heç bir əsərində "Dəli Kürişarə eləmir. Lakin İsmayıl Şıxlı çox gənc yaşlarında - tələbəlik illərində "Dəli Kür" adlı hekayə yazıb təhsil aldığı ali məktəbin qəzetində çap etdirmişdi. 1962-ci ildə "Azərbaycan" jurnalında (N 5, 6, 7, 8) "Dəli Kürn birinci hissəsi çap olunur və ədəbi ictimaiyyətin diqqətini cəlb edir.

"Dəli Kürn nəşrindən dərhal sonra çap olunmuş tənqidi məqalələrin, resenziyaların hamısında İsmayıl Şıxlının nə isə qeyri-adi iş gördüyü, ədəbiyyatımıza nəhəng bir əsər bəxş etdiyi ya bilavasitə, ya da dolayısı ilə qeyd olunur, lakin "isti başla" yazılmış həmin yazılarda "Dəli Kür" bütün mürəkkəbliyi ilə şərh olunmur (və əslində oluna da bilməzdi). Sənət barədə artıq köhnəlmiş trafaret təsəvvürlər həm professional, həm də kütləvi (qeyri-professional) təfəkkürü əsəri bütün mürəkkəbliyi ilə başa düşməkdən məhrum edir.

"Dəli Kür" - eposdur, Cahandar ağa isə, hər şeydən əvvəl, epos qəhrəmanıdır... Onu nə keçmiş qəbul edir, nə də gələcək, lakin o əbədidir...

İsmayıl Şıxlının yaradıcılığı onun mükəmməl şəxsiyyətindən ayrılmazdır. Təsadüfi deyil ki, böyük yazıçının araşdırıcıları həmişə "Ayrılan yollar"da, "Dəli Kür"də, "Ölən dünyam"da, hekayələrində müəllifin öz obrazını, xarakterini görməyə qarşısıalınmaz bir ehtiyac hiss etmişlər. Və bu da təsadüfi deyil ki, Azərbaycan ədəbi-mədəni, ictimai-estetik təfəkküründə İsmayıl Şıxlı obrazı yazıçının yaratdığı obrazlardan, əgər belə demək mümkündürsə, daha mükəmməl, daha məşhur, daha bədiidir... O, həyatı, fəaliyyəti, yaradıcılığı ilə təkrarsız bir obraz - İSMAYIL ŞIXLI obrazı, qeyri-adi bir metafora - İSMAYIL ŞIXLI metaforası yaratdı. 

Nizami CƏFƏROV,

Milli Məclisin deputatı, professor, əməkdar elm xadimi 

 



Facebook-da paylaş