Qazax Tarix-Diyarşünaslıq Muzeyində "II Dünya Müharibəsi" mövzusunda "Açıq dərs" keçirilib
Bu gün Qazax
Tarix-Diyarşünaslıq Muzeyində Bakı Dövlət Universitetinin Qazax filialının
tarix fakültəsinin III kurs tələbələrinin iştirakı ilə "II Dünya Müharibəsi"
mövzusunda "Açıq dərs" keçirilib. Muzeyin direktoru Gülnaz Alişanova Vətənimizin
qərbində qərar tutan, Qərbin qapısı sayılan Qazax torpağının sipər qalası,
ulular ocağı, qəhrəmanlar məskəni, igidlər oylağı, mərdlər-mübarizlər eli
olduğunu bildirib. Bu torpağın hər qarışında minillikləri ötüb keçən qılınclar,
qalxanlar, ox ucları, sığınacaqlar, zaman-zaman hasarlanan səngər qalalar,
şahid nişangahları yaşadığını diqqətə çatdırıb. Bir sözlə, bu yerlərin
qəhrəmanlıqla dolu öyünməli, qürur duyulmalı tarixi olduğunu qeyd edib. Qazaxdan
müharibəyə 12510 nəfərin səfərbər edildiyini, onlardan 9200 nəfərin müharibədə
iştirak etdiyini, 5532 nəfərin qəhrəmancasına uzaq ölkələrdə, yad torpaqlarda
həlak olduqlarını bildirib. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında Qazaxın
mərd oğullarının da böyük payı olduğunu və hazırda Qazaxda həmin müharibədə
iştirak edən 3 nəfər Böyük Vətən Müharibəsi
iştirakçısının yaşadığını vurğulayıb. Şəhər sakini Xanqulu Süleymanovun, Aşağı
Əskipara kənd sakini Hümbət Alıyevin və Daş Salahlı kənd sakini Abbas Şərifovun
döyüşdə rəşadət və qəhrəmanlıq nümunələri göstərdiklərini, SSRİ-nin və bir çox digər ölkələrin yüksək
adları, orden və medalları ilə təltif edildiklərini söyləyib. Bu gün onlara dövlət və
ölkə başçısı cənab İlham Əliyev, eləcə də rayon rəhbərliyi tərəfindən hər cür
diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb. Bakı Dövlət Unviversitetinin Qazax filialının tarix
müəllimi Leyla Civişova "Açıq dərs”in mövzusuna uyğun olaraq tələbələrə dolğun
məlumatlar çatdırıb. 1941-1945-ci illər müharibəsində, dünya, bəşəriyyət
tarixində ən dəhşətli hesab edilən müharibədə Azərbaycan xalqının qəhrəmanlıq
göstərən generalları, zabitləri, sıraviləri olduğunu bildirib. Sovet
İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin, İtalyanın əfsanəvi qəhrəmanı
Tahir İsayevin, Fransa Partizan hərəkatının iştirakçısı Xanos Əhmədovun və
başqa müharibə iştirakçılarının böyük qəhrəmanlıqlar göstərərək Azərbaycan
xalqını tanıtdıqlarını qeyd edib. Bu gün həmin qəhrəmanların gənc nəslimiz üçün
örnək olduqlarını vurğulayıb və gənclərə bu cür insanların həyatını dərindən
öyrənməyi tövsiyə edib. "Açıq dərs”dən məmnun qaldıqlarını söyləyən tələbələr
muzeyin kollektivinə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkdiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş