• Təqvim

  • Maraq



Qazax Tarix-Diyarşünaslıq Muzeyində növbəti “Açıq dərs” keçirilib


Vətənimizin hər guşəsi, yaşadığımız ərazinin, şəhərin, rayonun tarixini, dünənini, bu gününü dərindən öyrənməkdə bizlərə hər zaman yardımçı olan bir məkan var ki, o da muzeylərimizdir. 2016-cı ilin 19 oktyabrında ölkə Prezidenti İlham Əliyevin açılışını etdiyi Qazax Tarix-Diyarşünaslıq Muzeyi də rayonumuzun tarixinin öyrənilməsində, gələcək nəsillərə ötürülməsində böyük əhəmiyyət kəsb edir. Muzey fəaliyyətə başladığı ilk gündən rayonun ali təhsil ocaqları, ümumtəhsil məktəbləri, eləcə də müxtəlif təbəqədən olan insanlar, qonaqlar bu gözəl məkanın qonağı olur. Təqdirəlayiq hal isə odur ki, muzeydə mütəmadi olaraq müxtəlif mövzuları əhatə edən "Açıq dərs”lər də keçirilir.

Bugünkü "Açıq dərs” isə Bakı Dövlət Universitetinin Qazax filialının tarix-coğrafiya fakültəsinin I kurs tələbələrinin iştirakı ilə keçirilib. "Damcılı mağarası" mövzusunda keçirilən "Açıq dərs"də filialın arxeologiya müəllimi Həqiqət Mehdiyeva və 22 nəfər tələbə iştirak edib.

Tələbələr əvvəlcə muzeydə olan eksponatlarla yaxından tanış olaraq rayon haqqında ətraflı məlumat əldə ediblər.

 

Muzeyin direktoru Gülnaz Alişanova dünya əhəmiyyətli abidəmiz olan Damcılı mağarası haqqında ətraflı məlumat verərək bildirib ki, Damcılı mağarası - mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Avey dağın Cənub-Şərqində, əhəng qayalığın altındadır. Avey dağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 kv.m-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır.

Daş məmulatı 8000-dən çox olub 550-dən çoxu alət, qalanı isə qəlpədir. Mağaradan ocaq külləri, kömür qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilir. Daş məmulatının hazırlanma texnikası, forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrü, Mezolit dövrü və Neolit dövrünə aiddir. Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı Avey dağının şərq ətəyində yerləşən Damcılı mağarasında kəşfiyyat xarakterli arxeoloji təqdiqatlar ilk dəfə 1953-cü ildə keçirilmiş və 1956-cı ildən etibarən burada üç il ərzində arxeoloq M.M.Hüseynovun rəhbərliyi ilə əsaslı arxeoloji ekspedisiya təşkil olunmuşdur. Həmin illərdə təşkil olunan ekspedisiya Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar etmişdir. Qeyd edib ki, dünyanın bir çox bölgələrində olduğu kimi burada da ibtidai insanlar təbii mağaralardan özləri üçün bir növ yaşayış yeri kimi istifadə etmişlər. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət ibtidai əmək fəaliyyəti ilə məşğul olub təbii qüvvələrdən, sərt hava şəraitindən və vəhşi heyvanlardan özlərini qoruya bilmişlər. Bildirib ki, mağaranın yerləşdiyi ərazi bir çox qədim tarixə malik və unikal əhəmiyyətli obyektlərlə məşhurdur. Damcılı mağarasında qeydə alınan belə mühüm elementlərdən biri də Damcılı bulağıdır: dar qaya çatlarının arasından saf və duru, buz kimi soyuq su damcı-damcı tökülür, aşağıdakı ovuqda yığılıb bulaq olur. Buna görə də bura "Damcılı bulağı” adlandırılıb. Bu bulaq hazırda yerli camaatın və qonaqların istirahət yeridir.

Tələbələrə son illər qoruq ərazisində aparılan qazıntı işləri barədə də məlumat verilib. 2015-ci ilin yayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü mütəxəssisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyətin Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, həmin il 1 həftəlik axtarışdan sonra Avey dağında, Damcılı mağarası və mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün 3 tərəfli beynəlxalq memorandum imzalanıb. Bu memorandum Mədəniyyət Nazirliyi tərəfindən "Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlanıb. Bu il artıq dördüncü dəfə qazıntı işlərinin aparıldığı və uğurla başa çatdığı qeyd olunub.

Sonra filialın müəllimi Həqiqət Mehdiyeva da Damcılı mağarası haqqında əlavə məlumatlar verib.

Sonda tələbələr "Açıq dərs"dən məmnun qaldıqlarını söyləyərək muzeyin kollektivinə razılıqlarını bildiriblər.




GOYEZEN.AZ



Facebook-da paylaş