Qazax Tarix-Diyarşünaslıq Muzeyində "Vətən mənə oğul desə nə dərdim!" adlı tədbir keçirilib
Bu gün Qazax Tarix-Diyarşünaslıq Muzeyində "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Qazax rayon şöbəsinin üzvləri və N saylı Hərbi Hissənin əsgər və zabitləri ilə birlikdə "Vətən mənə oğul desə nə dərdim!" adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Muzeyin direktoru Gülnaz Alişanova tədbiri giriş sözü ilə açaraq
keçirilən bugünkü görüşün məqsəd və əhəmiyyətindən danışıb. Təcavüzkar Ermənistanın
Xocalı, Malıbəyli, Meşəli, Qaradağlı faciələrindən də öncə - 1990-cı il martın
23-dən 24-nə keçən gecə Qazax rayonunun Bağanıs Ayrım kəndini işğal
etdiyini bildirib. İşğal zamanı əli silahsız günahsız kənd əhalisinə qarşı
tarixdə görünməmiş divan tutulduğunu bir daha diqqətə çatdırıb. Ailənin beş
üzvünün xüsusi amansızlıqla qətlə yetirilərək yandırıldığını, on nəfərin
öldürüldüyünü, on beş nəfərdən çox kənd sakininin yaralandığını qeyd edib. Kəndin
yerlə-yeksan edildiyini, əhalinin kənddən çıxara bilmədiyi ev əşyalarının,
mal-qaranın ermənilər tərəfindən talan olunduğunu vurğulayıb.
Tədbirdə iştirak edən Azərbaycan QMƏVŞAİB-nin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, II qrup Qarabağ müharibəsi əlilləri Bəxtiyar İsayev, Hüseyn Yunisov, I qrup Qarabağ müharibəsi əlili Razim Həsənov və N saylı Hərbi Hissənin komandiri Tariyel Didarov çıxış ediblər. Çıxış edənlər müharibə dövründə baş verən hadisələrdən, əsgərlərimizin şücaətindən söz açıb, igid oğullarımız haqqında çox maraqlı xatirələr danışıblar.
Çıxışçılar əsgəri xidmət keçən əsgərlərə müraciət edərək Dağlıq Qarabağ və işğal altında olan digər rayonlarımız kimi Qazaxın düşmən caynağında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrımlı, Qızılhacılı, Barxudarlı və Sofulu kəndlərini də düşmən tapdağından azad etmələrini, Aprel döyüşlərində olduğu kimi xalqımıza qələbə sevincini yaşatmalarını arzulayıblar. Ali Baş Komandan İlham Əliyevin hər bir əmrinə hər an hazır olmalarını tövsiyə ediblər.
Sonda gənc əsgərlərlə veteranlar arasında maraqlı fikir mübadiləsi aparılıb. Görüş muzeyin ekskursiyası başa çatıb.
GOYEZEN.AZ
Facebook-da paylaş