• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində “Qəhrəmanlıq salnaməsinin müəllifləri” başlıqlı tədbir keçirilib


Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzinin, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin, N saylı Hərbi Hissənin əsgər və zabitlərinin,  N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə "Qəhrəmanlıq salnaməsinin müəllifləri” başlıqlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan QMƏVŞAİB-nin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev və Birliyin üzvü olan müharibə veteranları, N saylı Hərbi Hissənin komandiri Tariyel Didarov, o cümlədən əsgər və zabitlər, fəal gənc Akif Əmirov, 5 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olmuş igid, qəhrəman oğul və qızlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, şəhidlərimizə olan ehtiramlarını bildiriblər.


Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq gənc nəslin vətənpərvərlik ruhunun gücləndirilməsində müharibə veteranları və hərbiçilərlə görüşlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib. Mərkəz olaraq bu cür tədbirlərin təşkilinə hər zaman böyük önəm verildiyini, məktəblilərin mərkəzə ekskursiyası zamanı da vətənpərvərlik mövzusunda söhbətlərin aparıldığını, xüsusilə də Ulu Öndər Heydər Əliyevin vətənpərvərlik ruhlu kəlamlarının məktəblilərə çatdırıldığını qeyd edib.

Azərbaycan QMƏVŞAİB-nin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, N saylı Hərbi Hissənin komandiri Tariyel Didarov və fəal gənc Akif Əmirov çıxış edərək dövlətimizin və dövlət başçısının bu gün müharibə veteranlarına, əlillərinə və şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan söz açıblar. Bu cür görüşlərin mütəmadi olaraq keçirilməsini arzulayan çıxışçılar bugünkü tədbirin gənc nəslin, məktəblilərin vətənpərvərlik hisslərinə müsbət təsir göstərdiyini bildiriblər. Qeyd ediblər ki, döyüş zamanı sağlamlığını itirmiş insanların, hal-hazırda torpaqlarımızın bütövlüyünün və toxunulmazlığının keşiyində dayanan hərbiçilərimizin və gələcəkdə bu missiyanın daşıyıcıları olacaq gənc nəslin iştirakı ilə keçirilən görüşün böyük məntiqi mənaya malik olduğunu vurğulayıblar. Xalqımızın mənəvi sərvəti olan qəhrəmanlıq, döyüşkənlik ruhunun tariximizin bütün dövrlərində nəsildən-nəslə şərəflə, qürurla ötürüldüyünü diqqətə çatdırıblar.

Tədbir uşaqların ifasında Əsgər marşının və Vətənə həsr olunmuş şeirlərin söylənilməsi ilə başa çatıb. 



 

GOYEZEN.AZ



Facebook-da paylaş