Əsas Səhifə > Mədəniyyət > Qazax Tarix-Diyarşünaslıq Muzeyində "II Dünya Müharibəsi" mövzusunda "Açıq dərs" keçirilib
Qazax Tarix-Diyarşünaslıq Muzeyində "II Dünya Müharibəsi" mövzusunda "Açıq dərs" keçirilib19-12-2019, 20:30 |
Bu gün Qazax Tarix-Diyarşünaslıq Muzeyində Bakı Dövlət Universitetinin Qazax filialının tarix fakültəsinin III kurs tələbələrinin iştirakı ilə "II Dünya Müharibəsi" mövzusunda "Açıq dərs" keçirilib. Muzeyin direktoru Gülnaz Alişanova Vətənimizin qərbində qərar tutan, Qərbin qapısı sayılan Qazax torpağının sipər qalası, ulular ocağı, qəhrəmanlar məskəni, igidlər oylağı, mərdlər-mübarizlər eli olduğunu bildirib. Bu torpağın hər qarışında minillikləri ötüb keçən qılınclar, qalxanlar, ox ucları, sığınacaqlar, zaman-zaman hasarlanan səngər qalalar, şahid nişangahları yaşadığını diqqətə çatdırıb. Bir sözlə, bu yerlərin qəhrəmanlıqla dolu öyünməli, qürur duyulmalı tarixi olduğunu qeyd edib. Qazaxdan müharibəyə 12510 nəfərin səfərbər edildiyini, onlardan 9200 nəfərin müharibədə iştirak etdiyini, 5532 nəfərin qəhrəmancasına uzaq ölkələrdə, yad torpaqlarda həlak olduqlarını bildirib. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında Qazaxın mərd oğullarının da böyük payı olduğunu və hazırda Qazaxda həmin müharibədə iştirak edən 3 nəfər Böyük Vətən Müharibəsi iştirakçısının yaşadığını vurğulayıb. Şəhər sakini Xanqulu Süleymanovun, Aşağı Əskipara kənd sakini Hümbət Alıyevin və Daş Salahlı kənd sakini Abbas Şərifovun döyüşdə rəşadət və qəhrəmanlıq nümunələri göstərdiklərini, SSRİ-nin və bir çox digər ölkələrin yüksək adları, orden və medalları ilə təltif edildiklərini söyləyib. Bu gün onlara dövlət və ölkə başçısı cənab İlham Əliyev, eləcə də rayon rəhbərliyi tərəfindən hər cür diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.
Bakı Dövlət Unviversitetinin Qazax filialının tarix müəllimi Leyla Civişova "Açıq dərs”in mövzusuna uyğun olaraq tələbələrə dolğun məlumatlar çatdırıb. 1941-1945-ci illər müharibəsində, dünya, bəşəriyyət tarixində ən dəhşətli hesab edilən müharibədə Azərbaycan xalqının qəhrəmanlıq göstərən generalları, zabitləri, sıraviləri olduğunu bildirib. Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin, İtalyanın əfsanəvi qəhrəmanı Tahir İsayevin, Fransa Partizan hərəkatının iştirakçısı Xanos Əhmədovun və başqa müharibə iştirakçılarının böyük qəhrəmanlıqlar göstərərək Azərbaycan xalqını tanıtdıqlarını qeyd edib. Bu gün həmin qəhrəmanların gənc nəslimiz üçün örnək olduqlarını vurğulayıb və gənclərə bu cür insanların həyatını dərindən öyrənməyi tövsiyə edib. "Açıq dərs”dən məmnun qaldıqlarını söyləyən tələbələr muzeyin kollektivinə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkdiriblər.
GOYEZEN.AZ Geri qayıt |