• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında “Sazlı-sözlü kəlağayı günləri” adlı ədəbi-bədii tədbir keçirilib


Martın 29-da Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Sazlı-sözlü kəlağayı günləri” adlı layihənin davamı olaraq ədəbi-bədii tədbir keçirilib. 

Tədbir Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Tədbirdə “Anam kəlağayı bir muğamıydı...” kitabı təqdim edilib. Kəlağayı Muzeyinə aid qədim kəlağayılardan ibarət təşkil olunmuş sərgi tələbələr tərəfindən maraqla qarşılanıb. Sərgidə tələbələrin kəlağayıya həsr edilmiş rəsmləri də nümayiş olunub.


BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov qonaqları salamladıqdan sonra qeyd edib ki, Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapıb. Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. 26 noyabrın Azərbaycan Kəlağayısı Günü kimi tarixə düşməsində respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rolu çox böyükdür.


“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı çıxış edərək bildirib ki, tədbirin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərimizin gənc nəsil arasında təbliği, adət-ənənələrimizin yaşadılmasıdır. Natiq Azərbaycan kəlağayısının tarixi, formaları, naxışları, bəzəkləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Qeyd edib ki, müxtəlif dövrlərə aid kəlağayılar toplanır, bölgələrimizdə ədəbi-bədii gecələr və maarifləndirici tədbirlər keçirilir, kitablar nəşr olunur.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Dövlətimiz tərəfindən bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də uğurlu siyasət aparıldığını qeyd edən natiq bildirib ki, milli dəyərlərimizin bir atributu kimi Azərbaycan kəlağayısı ölkədə və xaricdə geniş təbliğ olunur. G.Həsənova analarımızın, qızlarımızın saflığını, gözəlliyini, ismətini özündə təcəssüm etdirən kəlağayının minilliklərdən üzü bəri gələn milli atributlarımızdan biri olduğunu qeyd edib. Həmin başı kəlağaylı qəhrəman analarımızın qəhrəman oğullar böyütdüklərini dilə gətirib. O oğullar ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazdılar. Azərbaycan xalqının 30 illik yurd həsrətinə, niskilinə son qoydular. Təkcə doğma torpaqlarımızı işğaldan azad etmədilər, eyni zamanda, Şuşada, Xocalıda, eləcə də digər torpaqlarımızda amansızlıqla qətlə yetirilən analarımızın, qızlarımızın, körpələrimizin qisasını aldılar. G.Həsənova Azərbaycan xalqı olaraq bu gün Müzəffər Ali baş Komandana, canlarını fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, eləcə də qəhrəman oğullar böyüdən başı kəlağaylı qəhrəman analarımıza borclu olduğumuzu bir daha dilə gətirib. Analarımızın bizə əmanəti olan kəlağayını yaşatdıqlarına, gələcək nəsillərə ötürdüklərinə görə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri Güllü Eldar Tomarlıya və əziyyəti keçən insanlara razılığını ifadə edib. 


Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, filialın Mətbuat xidmətinin rəhbəri Elçin İsmayıl çıxış edərək kəlağayı ilə bağlı öz fikirlərini bölüşüblər. 

Sonra şairlərdən Güləmayıl Murad, Brilyant Atəş, Güləndam Dağlarqızı, Şəhla Ələsgərova yazdıqları şeirləri oxuyublar.  Riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov, Filialın dil, ədəbiyyat və onların tədrisi metokası kafedrasının müəllimi, filologiya üzrə elmlər doktoru Valeh Nəsibov, həmin kafedranın baş müəllimləri Heyran Vəkilova, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının ədəbi məsləhətçisi, şair Mustafa Rasimoğlu çıxış edərək öz xatirələrini bölüşüb, şeirlər səsləndiriblər.

Filialın tələbələrindən Günay Kazımova və Tərlan Aslanlı kəlağayıya həsr olunmuş şeirləri, Natiq Şahüseynov isə qədim saz havalarını ifa ediblər.

Elçin İSMAYIL,

Filialın Mətbuat xidmətinin rəhbəri



Facebook-da paylaş