• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Xalq şairi Mirvarid Dilbazinin 110 illiyinə həsr edilmiş tədbir keçirilib


XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi respublikamızda silsilə tədbirlərlə qeyd olunur.

Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 illiyinə həsr olunmuş növbəti tədbir avqustun 18-də Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının, "Qazax” Xeyriyyə İctimai Birliyinin və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qazaxda təşkil olunub. 



Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov, ictimai birliyin üzvləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, AYB Qazax zona filialının üzvləri, qonaqlardan “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı, sədr müşaviri Vüsal Sehranoğlu, Bakı Dövlət Universitetinin professoru Məti Osmanoğlu, alim, şair-publisist Əhməd Qəşəmoğlu, şair, Mirvarid Dilbazinin yaxın qohumu Zaməddin Ziyadoğlu, şairə Səadət Buta, muğənnilər Mehranə Vəliqızı, Arif Mehmandost, Xalq şairi Mirvarid Dilbazinin adını daşıyan Cəfərli kənd tam orta məktəbin, Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin müəllim-şagird kollektivi, təhsil, mədəniyyət işçiləri, rayon ziyalıları, ağsaqqalları, KİV nümayəndələri iştirak ediblər.


Tədbirdə Ulu Öndər Heydər Əliyevin Xalq şairi Mirvarid Dilbazini “İstiqlal ordeni” ilə təltifetmə mərasimindən hazırlanmış videoçarx nümayiş olunub. 



Yubiley tədbirinin aparıcısı, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı çıxış edərək tədbir iştirakçılarını, Mirvarid ananın işığına toplaşanları salamlayıb, iştiraklarına görə razılığını bildirib. Yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə rayon rəhbərliyinə ziyalılar adından minnətdarlığını bildirib. Sazlı, sözlü Qazax mahalında Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin 110 illiyinin təntənə ilə qeyd olunmasını onun yaradıcılığına, ziyalılara, şairlərə verilən qiymətin bariz nümunəsi kimi qiymətləndirib. Bugünkü yubiley tədbiri ilə Mirvarid ananın ruhunun şad olduğunu dilə gətirib. 


G.Tomarlı Mirvarid Dilbazinin şərəfli ömür yolundan və zəngin yaradıcılığından danışıb. Mirvarid Dilbazi yaradıcılığının çox zəngin, çoxşaxəli olduğunu qeyd edərək onun yaradıcılığında olan uşaq şeirlərinin körpə balalarımıza sanki lay-lay əzəvi olduğunu söyləyib. Mirvarid Dilbazi yaradıcılığında vətənpərvərlik mövzusunun qırmızı xətlə keçdiyini, onun vətənpərvərlik şeirlərinin Azərbaycan ordusuna, əsgərinə ilham, güc verdiyini qeyd edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, “Mirvarid Dilbazi Azərbaycan qadınının, Azərbaycan xanımının ən parlaq, ən gözəl simasıdır”.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, qonaqları salamlayıb, şairlər yurdu Qazaxda görməkdən məmnunluğunu ifadə edib. İcra başçısı qeyd edib ki, ədəbiyyatımızda qədim dövrlərdən bəri qadın şairlərimiz az olmayıb. Məhsəti Gəncəvi, Heyranxanım, Xurşidbanu Natəvan, Ağabəyim ağa Ağabacı və başqaları öz lirik şeirləri ilə tariximizdə köklü iz qoyublar. Bu sırada Mirvarid Dilbazinin də öz yeri var. Bu günlərdə Azərbaycanın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110-cu ildönümü tamam olur. XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Mirvarid Dilbazi çoxçeşidli mövzularda yazdığı əsərləri ilə zəngin bir yaradıcı ömür yaşayıb. Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da şairlər yurdu Qazax rayonunun Xanlıqlar (əvvəlki Musaköy) kəndində anadan olmuşdur. Atası Paşa bəyi erkən itirən Mirvarid Dilbazi babası Mustafa ağanın mülkündə Qazaxın ulu yurd yerləri olan Dilican yaylaqlarında, təbiətin qoynunda böyüyüb. Böyüdüyü məişət və mədəni mühit, tərbiyə aldığı doğmaların şəxsi nümunəsi və tövsiyələri onun zəngin bir şəxsiyyət kimi formalaşmasına münbit zəmin yaradıb. 1921-ci ildə ana və bacısı ilə Bakıya köçən Mirvarid Dilbazi qızlar seminariyasında təhsil alıb. Sonradan Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat-ictimaiyyət fakültəsində təhsil alan Mirvarid ilk əmək fəaliyyətinə Quba Partiya məktəbində ədəbiyyat müəllimi kimi başlamışdır. Bundan sonra Bakıda Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi vəzifəsində işləmişdir. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi (1976), Azərbaycanın ilk qadın Xalq şairi (1979), “İstiqlal” ordenli Mirvarid Dilbazinin ədəbi-bədii yaradıcılığı poeziyaya yenicə gələn gənc şairlər və həmin dövrü araşdıran tədqiqatçılar üçün böyük bir həyat məktəbidir.

Rayon rəhbəri qeyd edib ki, XX əsrin əvvəllərindən başlayaraq, xüsusən də Cümhuriyyət dövründə və sonrakı illərdə Azərbaycanda böyük bir maarifçi nəsil yetişmişdi. Həmin vaxtda gənclik köynəyini yenicə əyninə almış, bədii yaradıcılığa könül vermiş Mirvaridin “Qadınların hürriyyəti” adlı ilk şeiri “Oktyabr alovlanır” məcmuəsində dərc olunur. 1934-cü ildə isə “Bizim səsimiz” adlı kitabı işıq üzü görür. Elə o vaxtlardan zamanın nəbzini tutan, mənəvi gücünə söykənərək, özünün poetik inciləri ilə xalqın yetişməsi, inkişafı istiqamətində qələm çalan Mirvarid Dilbazi Vətənin taleyi, qüdrətlənməsi yolunda ideoloji mübarizəsini böyük coşqu ilə davam etdirdi. Mirvarid xanım həyatda baş verən hadisələrə hər zaman həssaslıqla yanaşmış, onlara özünün ziyalı baxışları ilə münasibət bildirmişdir. 

Rayon rəhbəri Mirvarid Dilbazinin yaradıcılığının bir qolunun da uşaq ədəbiyyatı olduğunu, şairin balacalar üçün yazdığı nağıllarını, şeirlərini, hekayələrini bu gün həm uşaqların, həm də böyüklərin sevərək oxuduqlarını vurğulayıb. 1940-cı ildən başlayaraq, uzun illər kiçik yaşlı uşaqlar üçün əsərlər yazmağı özünün mənəvi borcu hesab edən müəllif, Vətən övladlarının düzgün tərbiyə olunması, yurdunu, torpağını sevməsi və vətənpərvər ruhda böyüməsini yaratdığı əsərlərində böyük məhəbbət və məsuliyyətlə təsvir etmişdir. Mirvarid xanım həmişə deyirdi ki, uşaqlar üçün əsərlər yazmaq bütün şair və yazıçıların, ədəbiyyat adamlarının bir ziyalı, vətəndaşlıq borcudur. Biz bu borc hissini heç zaman unutmamalıyıq. Mirvarid Dilbazi "Bənövşələr üşüyəndə", "Ana qanadı", "Dağ çiçəyi", "Yasəmən fəsil", "Seçilmiş şeirlər" və s. kitabların müəllifidir. Şair 70 ildən çox yaradıcılıqla məşğul olmuşdur. Mirvarid Dilbazi 21 oktyabr 1967-ci ildə "Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi", 23 fevral 1979-cu ildə "Azərbaycan SSR Xalq şairi" fəxri adlarına layiq görülmüş, 2 dəfə  "Şərəf nişanı" ordeni"Qırmızı əmək bayrağı" ordeni"Əmək igidliyinə görə" medalı ilə təltif edilmişdir. 

İcra başçısı Xalq şairinə dövlətmiz tərəfindən daim diqqət və qayğı göstərildiyini, xüsusilə də Ulu Öndər Heydər Əliyevin ona böyük dəyər verərək 18 avqust 1997-ci ildə Mirvarid Dilbaziyə "İstiqlal" ordeni verdiyini bildirib. Xalq şairinə olan qayğının Respublika Prezidenti İlham Əliyev tərəfindən də davam etdirildiyini qeyd edib. Ölkə Prezidenti tərəfindən Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Xalq şairi Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsinin təmin edilməsi məqsədilə 16 may 2012-ci il tarixli Sərəncam imzalandığını, həmin ildə Mirvarid Dilbazinin 100 illik yubileyinin Bakı şəhəri ilə yanaşı, regionlarda da layiqincə qeyd edildiyini bildirib. 2001-ci il iyulun 12-də haqq dünyasına qovuşan, Bakı şəhərində xalqın sevgisi ilə dəfn olunan, Xalq şairi Mirvarid Dilbazinin, xanım ziyalımızın bu gün də Azərbaycan xalqının qəlbində yaşadığını, ən ülvi hisslərlə yad olunduğunu söyləyib. İcra başçısı qeyd edib ki, Mirvarid xanım ömrünün bir gününü də ümidsiz, arzusuz, işıqsız yaşamayıb və onun şeirləri günü bu gün də oxucularının qəlbinə əlamət və keyfiyyətlər süzür, könüllər sevindirir, ruhlar oxşayır.

Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən şairlərə, saz, söz adamlarına daim qayğı göstərdiyini, dünyasını dəyişən ziyalılarımızı hər zaman ehtiramla yad etdiyini qeyd edib. Bundan sonra da həmin qayğının olduğu kimi davam etdiriləcəyini qeyd edib. Qazax” Xeyriyyə İctimai Birliyinin istər pandemiya, istərsə də 44 günlük Vətən müharibəsində Qazaxda göstərdiyi dəstəkdən söz açan icra başçısı buna görə birliyin sədri professor İlham Pirməmmədova qazaxlılar, ziyalılar adından minnətdarlığını bildirib. Rayon ictimaiyyətinin bu dəstəyi heç zaman unutmayacağını söyləyib. 

                 

Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri, Əməkdar incəsənət xadimi, şair  Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Tədbirin təşkilində verdiyi dəstəyə görə rayon rəhbərliyinə razılığını ifadə edib. Yubileyini qeyd etdiyimiz Mirvarid Dilbazinin hər zaman Azərbaycanı müstəqil, suveren dövlət kimi görmək istədiyini, bu gün onun arzusunun çin olduğunu bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun torpaqlarımızı azad etdiyini, Azərbaycanın qalib ölkə olduğunu və Mirvarid ananın bu gün ruhunun şad olduğunu söyləyib. Qazaxda Xalq şairinin xatirəsinin daim əziz tutulduğunu, Ədəbiyyat Muzeyində digər şairlərimiz kimi, Mirvarid Dilbazinin yaradıcılığını özündə əks etdirən guşənin yaradıldığını söyləyib. Xalq şairi Mirvarid Dilbazi ilə olan xatirələrindən söz açan B.Vüsal onu anası qədər sevdiyini, daim qəlbində yaşayacağını bildirib. Xalq şairinə həsr etdiyi şeiri ilə əziz xatirəsini ehtiramla anıb. 


Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Xalq şairinin ünvanına səmimi fikirlərini çatdırıb. “Mirvarid nənəmiz torpaqlarımızın işğal altında olması ilə heç cür barışa bilmirdi. O, Qarabağ dərdini, niskilini daim qəlbində daşıyırdı. Bunu müharibə illərində yazdığı şeirlərində də görmək olurdu”, - deyən İ.Pirməmmədov bu gün Mirvarid ananın ruhunun şad olduğunu, artıq Qarabağın azad olunduğunu bildirib. 


Alim, şair-publisist Əhməd Qəşəmoğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, belə gözəl yubiley tədbirinə dəvətinə görə razılığını ifadə edib. Qazaxda olmaqdan məmnunluq hissi keçirdiyini, Qazaxı özünə hər zaman doğma bir məkan bildiyini söyləyib. Xalq şairi Səməd Vurğuna olan sevgisindən danışan natiq Qazaxı onun kimi şairlərin timsalında sevdiyini, hörmət bəslədiyini qeyd edib. Xalq şairi Mirvarid Dilbazi ilə olan xatirələrindən söz açan Ə.Qəşəmoğlu onu hər zaman nümunəvi Azərbaycan qadını kimi gördüyünü bildirib. Mirvarid Dilbazi yaradıcılığının ana xəttini təşkil edən vətənpərvərlik şeirlərinin gənclərimizi bu hissdə böyüməyə, vətənpərvər ruhda tərbiyə almağa səslədiyini vurğulayıb. Mirvarid Dilbaziyə həsr etdiyi şeiri səsləndirən natiq onu hər zaman ehtiramla yad edəcəyini qeyd edib. 


Bakı Dövlət Universitetinin professoru Məti Osmanoğlu çıxış edərək tədbir iştirakçılarına səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, “Əgər bir şairin 50 ildən sonra bir şeiri xatırlanırsa, o, ömür boyu o xalqla ömür sürəcək, əbədi yaşayacaq”. 


Şairə Səadət Buta çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. “Bu torpaq elə bir torpaqdır ki, Vaqif, Vidadi, Hüseyn Arif, Səməd Vurğun, Nəriman Həsənzadə, Osman Sarıvəlli, İsmayıl Şıxlı, eləcə də adlarını çəkmədiyim minlərlə ziyalı yetişdirib, bu cür ziyalıların Vətəni olan Qazax mahalı var olsun”, - deyən S.Buta yubiley tədbirində iştirak etməkdən məmnunluğunu qeyd edib. Yubiley tədbirinin keçirilməsinə, Mirvarid Dilbazi yaradıcılığına, onun timsalında Azərbaycan qadınına verdiyi dəyərə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Mirvarid Dilbazi ilə olan görüşündən, xatirələrindən söhbət açan şairə bildirib ki, onu dinlədikcə insanın ruhu dincəlir, onun şeirlərini oxuyanda sanki başqa bir dünya görünürdü. Xalq şairinə həsr etdiyi şeirlə əziz xatirəsini yad edən şairə onun daim qəlbində yaşayacağını söyləyib. 


“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədr müşaviri Vüsal Sehranoğlu çıxış edərək tədbir iştirakçılarına səmimi ürək sözlərini çatdırıb. Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xalq şairi Mirvarid Dilbazinin yurdu olan Qazaxda olmaqdan məmnunluq duyduğunu qeyd edib. “Mirvarid Dilbazi nümunəvi şəxsiyyət idi. Şair kimi şair, insan kimi insan, ləyaqət sahibi idi. İnsanlıq nümunəsi idi”, - deyən natiq onun adını daşıyan bir məclisin üzvü olmaqdan qürur duyduğunu söyləyib.


Şair, Mirvarid Dilbazinin yaxın qohumu Zaməddin Ziyadoğlu çıxış edərək salamlarını çatdırıb, yubiley tədbirinin təşkilində əməyi keçən insanlara, xüsusilə də rayon rəhbərliyinə minnətdarlığını bildirib, Xalq şairinə həsr etdiyi şeirini təqdim edib.   

Muğənni Mehranə Vəliqızının Xalq şairi Mirvarid Dilbazinin sözlərinə yazılmış “Anam yadıma düşdü”, Arif Mehmandostun Xalq şairi Mirvarid Dilbazinin sözlərinə yazılmış “Təbrizdən Bakıya salamlar gəlir” mahnıları tədbirə toplaşanlara xoş ovqat bəxş edib. 

 

Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin şagirdlərinin ifasında Mirvarid Dilbazinin şeirləri səslənib. 10-cu sinif şagirdi Ceyhunə Omarlı “Xatirələr olan yerdə”, 9-cu sinif şagirdləri Nuray Qədimalıyeva “Kişi”, Sunay Qədimalıyeva “Oğul qeyrəti” şeirlərini təqdim ediblər.


Xalq şairinin adını daşıyan Cəfərli kənd tam orta məktəbin şagirdlərinin ifasında isə Mirvarid Dilbaziyə həsr olunmuş şeirlər səsləndirilib. Məktəbin 11-ci sinif şagirdi Əfruzə Mustafayeva el şairi Həvəskarın “Hələ sənin nə yaşın var?”, 8-ci sinif şagirdləri Aysu Elləzova Qara Qafqazlının “Niyə gəlmədin?”, Samir Nəbiyev Qazaxlı mühacir şair Alazan Baycanın  “Mirvarid Dilbaziyə” şeirlərini səsləndiriblər.


Aşıq Samir Allahverdiyevin saz havası üstə şair Eldar Nəsibli Sibirelin “Bura Qazaxdır oğlum” şeirini səsləndirməsi alqışlarla qarşılanıb.  


Tədbirdə Kəmərli kənd sakini, təqaüdçü müəllim Rəhimov Rəhim Məcid oğluna rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilib. R.Rəhimov ona verilən dəyərə görə rayon rəhbərliyinə minnətdarlıq edib, özünün timsalında ziyalılara, ağsaqqallara olan qiymət kimi dəyərləndirib. 


GOYEZEN.AZ




Facebook-da paylaş