Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova BDU Qazax filialının tələbələri ilə görüşüb
Avropa İttifaqının maliyyə
dəstəyi, UNİSEF-in, Gənclər və İdman Nazirliyinin texniki dəstəyi və Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Bakının
Xəzər, eləcə də Biləsuvar, Qazax, Şəmkir və Tovuz Rayon İcra hakimiyyətləri
yanında gənclərin yerli məşvərət şuralarının üzvlüyünə seçim prosesi başlayıb. Proqram çərçivəsində layihə
ilə əlaqədar ilk seçimlərə yanvarın 13-14-də Qazax rayonundan start verilib. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidovanın
növbəti görüşü bu gün Bakı Dövlət Universitetinin Qazax filialında təhsil alan tələbələrlə
olub. Ulu Öndər
Heydər Əliyevin adını daşıyan auditoriyada keçirilən görüşdə filialın
direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək qonaqları
salamlayıb, bugünkü görüşün məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün
Respublika Gənclər Təşkilatı gənclərimizin, eləcə də ali və orta ixtisas təhsili
müəssisələrində təhsil alan tələbələrin
ümumi maraqlarını və könüllülük prinsiplərini əldə rəhbər tutaraq onların hüquq
və maraqlarının müdafiəsini, intelektual inkişafını, asudə vaxtının səmərəli keçirilməsinin
təşkilini təmin etmək, onların təhsil müəssisəsinin ictimai həyatında fəallığını
artırmaq məqsədlərini uğurla həyata keçirir. A.Rüstəmov qeyd edib ki, BDU-nun
Qazax filialında da dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi sahəsində,
tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək,
respublikanın və rayonumuzun ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında
onların fəal iştirakını təmin etmək məqsədilə məqsədyönlü işlər görülür. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli
Şurasının sədri Məryəm Məcidova çıxış edərək
görüşün təşkil olunmasında göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə və
filialın kollektivinə minnətdarlığını bildirib. Sonra məruzə ilə çıxış edən sədr
layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin məqsədi adları çəkilən həmin rayonlarda
seçilmiş şuralar vasitəsilə qərarların qəbulunda yeniyetmə və gənclərin
fikirlərinin nəzərə alınması, gənclər arasında maraq doğuran və ya onları
narahat edən məsələlərin müəyyənləşdirilməsi və həlli üçün birgə layihələrin
hazırlanması və həyata keçirilməsidir. Həmçinin layihə çərçivəsində gənclərin
liderlik, ünsiyyət, proqram idarəçiliyi, araşdırma bacarıqlarının inkişaf
etdirilməsi, yerli idarəetmə orqanları ilə şuralar arasında müntəzəm dialoqun
qurulması, birgə layihələrin işlənib həyata keçirilməsi planlaşdırılır. Eyni
zamanda yerli məşvərət şurasının üzvlərinin regionun ictimai həyatında fəal
iştirakı, gənclər arasında şəbəkələşmənin inkişafı və digər istiqamətlərdə də
addımların atılması nəzərdə tutulub. M.Məcidova
yanvarın 1-dən start verilmiş "5 rayonda gənclərin yerli məşvərət şuralarının
yaradılması” layihəsinə bu il dekabrın 31-də yekun vurulacağını bildirib.
Yanvar-fevral aylarında gənclərin məşvərət şuralarına üzvlərin seçiminin
aparılacağını, növbəti iki ayda təlimlər keçiriləcəyini, may-iyunda isə
sorğunun hazırlanması və təlimlərin ikinci mərhələsinin təşkil olunacağını qeyd
edib. Vurğulayıb ki, bundan sonra iyul-oktyabr aylarında layihənin icrası təmin
ediləcək. Görülmüş işlərlə bağlı hesabat konfransının noyabr-dekabr aylarında
təşkil edilməsi planlaşdırılır. Layihədə həmin beş rayonda müxtəlif
təbəqələrdən olan yeniyetmə və gənclərin - şagirdlərin, tələbələrin, gənc
müəllimlərin, həkimlərin, məktəb və kolleclərdə çalışan şəxslərin, həmkarlar
ittifaqlarının və gənclər təşkilatlarının nümayəndələrinin, işsiz və əlilliyi
olan gənclərin, məcburi köçkün ailələrinin övladlarının və s. müraciət etməsi
nəzərdə tutulur. Müraciət edəcək gənclər arasından hər rayon üzrə 20 üzv
seçiləcəyini bildirib. Tədbirdə ARGTMŞ-nin
layihələr üzrə katibi Azər Əliyev, Qazax rayonu üzrə koordinator Akif Əmirov çıxış
edərək layihə barədə fikirlərini bölüşüblər. Sonda layihə haqqında ətraflı məlumatı özündəslayd nümayiş etdirilib, tələbələri maraqlandıran
suallar cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş