• Təqvim

  • Maraq



Əbədiyyət yolçusu İnsanlığın zirvəsində


İnsanın əsl ömrü onun xatırlandığı qədərdir, deyibdir müdriklər. Elə insanlar var ki, dünyasını dəyişsələr də ölmür, mənən yaşayırlar. Unudulmayanlar sağlığında öz əməlləri ilə ölməzlik qazanıb, təmiz və uca mənəviyyatları ilə cəmiyyətə nümunə olan insanlardır.

Akademik Zərifə xanım Əliyeva belə unudulmayan, zaman-zaman xatırlanan, ölümsüzlüyə qovuşan gözəl ana, istedadlı həkim, novator alim, sədaqətli həyat yoldaşıdır. Özünün işıqlı və humanist peşəsi, yenilikçi və faydalı fəaliyyəti ilə minlərlə insana xoşbəxtlik bəxş etmiş, XX əsr Azərbaycan oftalmologiya məktəbinin yaradıcılarından biri olmuş Zərifə xanım Əliyeva Tanrının sevib seçdiyi və əbədiyaşarlılıq haqqını qazanmış insandır. 

1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir. Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir.

Zərifə xanım Əliyeva 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlayır. O, işləməklə yanaşı, elmi fəaliyyətlə də məşğul olmaq istəyir. Bu məqsədlə 1950-ci ildə aspiranturaya daxil olaraq praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirir.

Lakin həmin illərdə ölkədə iqtisadi vəziyyət olduqca ağır idi. Böyük Vətən Müharibəsi təzəcə qurtarmışdı, dağıntıları bərpa etmək lazım idi, işçi qüvvəsi çatışmırdı, sosial- iqtisadi gerilik hökm sürürdü. Ciddi həkim çatışmazlığı da var idi, tibbi xidmətin keyfiyyətindən isə danışmağa dəyməzdi. Zərifə xanım Əliyeva ilk əmək fəaliyyətinə ölkənin belə bir ağır vəziyyətində başlamışdı.

Həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta, tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmağa başlamışdı. Bu mərəzə qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirmişdi. Ona görə də Zərifə xanım Əliyeva elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir, vəziyyəti yerində öyrənmək üçün bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır. O, bununla işini bitmiş hesab etməyərək yerlərdə göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.

Görülən genişmiqyaslı işlər, həyata keçirilən tədbirlər və elmi axtarışlar öz bəhrəsi verir. Çox keçmir ki, Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Gənc alim tədqiqatlarının yekunu olaraq 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və traxoma bir xəstəlik kimi respublikamızda ləğv olundu. Bu sahədə yorulmaz və faydalı fəaliyyətinə görə Zərifə xanım Əliyevanın adı Azərbaycan tibb tarixinə qızıl hərflərlə yazılmışdır.

Ötən əsrin 60-70-ci illərində böyük sənaye mərkəzlərinə çevrilmiş Bakı və Sumqayıtdakı zavodlarda istehsal edilən, istifadə olunan müxtəlif kimyəvi maddələrin gözə təsirinin öyrənilməsi, qarşısının alınması və müalicəsi sahəsində o vaxtki SSRİ miqyasında ilk öncüllərdən biri, bəlkə də birincisi akademik Zərifə Əliyeva olmuşdur. O, həkimlik və alimlik fəaliyyətinin böyük bir dövrünü, o cümlədən, doktorluq dissertasiyasını artıq sənayesi sürətlə inkişaf edən Azərbaycanda gözün yeni bir spesifik xəstəliyinin peşə xəstəliyinin müalicə və profilaktikasına həsr etmişdir.

1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir. 

1967-ci ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin – Zərifə xanımın atasının adını daşıyırdı. Həmin dövrdə Zərifə Əziz qızı həkimlik fəaliyyəti ilə məşğul olur: bir çox cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir. Bununla yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparır. Traxoma ilə yanaşı Zərifə Əliyeva qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi.

1968-ci ildən başlayaraq elmi fəaliyyətinin çox hissəsini professional oftalmologiyanın problemlərinin öyrənilməsinə həsr etmiş Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. 

Elmi araşdırmalar nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Zərifə Əliyevanın daktriologiyadan bəhs edən – “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Z.Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə­ri­nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl­lifi olmuşdur.

Görkəmli alim "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda doktorluq dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində - Q.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olan dissertasiya işi zamanı Sovet İttifaqının aparıcı alimləri tərəfindən çox yüksək qiymətləndirilmişdir. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.

Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Bundan sonra onun fəaliyyəti daha da genişləndi. Alimin elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətdə rəğbət qazanmışdır. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və s. məhz bu məsələlərə həsr olunmuşdur.

Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə 1981-ci ildə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşmüşdür.

Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. 

Tibb elminin inkişafına verdiyi böyük töhfələrə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.

Akademik Zərifə Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Zərifə Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adını almışdır.

Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Azərbaycan adlı bir məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən, onu bütün dünyaya tanıdan bir insanı tək qoyub getdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.

Bəlkə də bəşər tarixində nadir şəxslərə qismət olmuşdur ki, dövlət xadiminin övladı, həyat yoldaşı və anası kimi şöhrətin ən uca mərtəbəsinə yüksəlsin, lakin özünün qazandığı insanlıq zirvəsini bütün şan-şöhrətlərdən ucada tuta bilsin. Məhz akademik Zərifə xanım Əliyeva insanlığın zirvəsində qərar tutmuş əbədiyyət yolçusudur.

Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva haqqında bir-birindən dəyərli sözlər söylənmiş, qiymətli fikirlər səslənmişdir. Onun haqqında ən dəyərli sözü isə Ulu Öndər Heydər Əliyev demişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.

Prezident İlham Əliyev Zərifə xanım Əliyevanı ən kövrək sözlərlə xatırlayır: “Mənim anam əsl alim idi.  O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.

Elçin İSMAYIL, 

“Göyəzən” qəzetinin redaktoru,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 

“Tərəqqi” medalı, “Qızıl qələm” mükafatı laureatı, şair-publisist.



Facebook-da paylaş