"Ailəm sizə əmanət"
“Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüş meydanında silaha sarılıb düşməndən qisas almağı, torpağı azad etməyi qarşıya məqsəd qoyan qəhrəmanlarımız heç zaman unudulmayacaqlar. Çünki həmin oğullarımız bu məqsədə çatmaq üçün şirin canlarından keçərək Vətənin oğlu olduqlarını sübut etdilər. Canları bahasına Vətəni qoruyaraq göstərdilər ki, torpağın hər qarışı bizim üçün doğma, əziz və qiymətlidir. Hərb tariximizdə qanları ilə şanlı tarix yazan oğullarımızı Vətən sevgisi, yurda olan bağlılıq Şəhidlik zirvəsinə ucaltdı. Bu cür oğullarımız illər keçsə də qəlblərdə əbədi yaşayacaqlar. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib.
Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.
3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Xanlıqlar kəndində olub, kitabı qəhrəman şəhidimizin anasına və həyat yoldaşına təqdim ediblər.
Kitabda 2021-ci ildə Şəhidlik zirvəsinə ucalmış Mərdanov Məmməd Ələddin oğlu haqqında yer almış "Ailəm sizə əmanət" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
"Ailəm sizə əmanət"
Məmməd dünyaya gələndə Qazax rayonunun Xanlıqlar kəndində yaşayan Mərdanovlar ailəsində hamı sevinmişdi. Həmin günü - 1988-ci ilin 18 fevral gününü xatırlayan atası Ələddin Mərdanov deyir:
- Özüm yeddi yaşımdan atasız qalmışdım. Məmməd doğulanda elə bildim ki, bütün dünya mənimdi. İki qurbanlıq erkək kəsmişdim həmin gün. Mənə arxa, həmdəm doğulmuşdu Məmməd. Sonradan ailəmizdə daha iki oğlan uşağı - Neyməddinlə Nurəddin də doğuldu. Amma nədənsə Məmmədin yeri ayrı idi ürəyimdə.
Zəhmətkeş bir insan kimi gəlmişdi dünyaya Məmməd. Lap uşaqlıq çağlarından alışmışdı zəhmətə. İş onun ən yaxın dostu, alnından tökülən tər ən böyük mükafatı idi Məmmədin. Əlinin zəhməti ilə böyümüşdü lap kiçik yaşlarından. Ona görə də oxumağı deyil, halal zəhmət yolunu seçmişdi yeniyetməliyindən.
Anası Rəna xanım danışır:
- Məmmədi məktəbə əlindən tutub mən aparmışdım. Həmin gün elə sevinirdik ki. Təlim-tərbiyəsinə, təhsil almasına söz ola bilməzdi. Məktəbdəki müəllimlərindən Rəna müəllim, Rəmziyyə müəllim, Maral müəllim, Şofiq müəllim, Firəngiz müəllim Məmmədin tərbiyəli olmasından, yaxşı oxumasından danışır, ondan həmişə razılıq edirdilər.
Amma nədənsə 9-cu sinifi bitirəndən sonra Məmməd Mərdanov oxumaq istəməyib. Zəhmətə bağlı olduğundan bu yolla davam etdirmək arzusunda olub. Çünki halal zəhmət onun ömrünün amalı idi. "Zəhmət çəkməyəndə çörək də keçmir boğazımdan" deyirdi.
Öz amalına çatmaq, öz məqsədinə yetmək üçün sənədlərini kəndlərində yerləşən peşə məktəbinə verib. 3 il burada təhsil aldıqdan sonra traktorçu peşəsinə yiyələnib. Bu peşəni elə sevib, onu elə mükəmməl öyrənib ki, sonradan onun adını "Robot Məmməd" deyə çağırıblar.
Məmməd Mərdanov 2008-2009-cu illərdə hərbi xidmətdə oldu. Nümunəvi xidmət etdiyinə görə "çavuş" rütbəsi də alıb. Əsgərlikdən qayıdandan sonra traktorçu kimi əvvəlcə öz doğma kəndlərində, sonradan isə bütün rayonda tanınmağa başladı. Traktorla bağlı olan bütün işlərin öhdəsindən layiqincə gəlir, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirirdi. Ona görə də rayon sakinləri həmişə ondan razılıq edir, minnətdarlıqlarını bildirirdilər. Bu səbəbdən də onun haqqında "Hansı daşı qaldırsan, orda Məmmədin əlinin izi var" sözünü əbəs yerə demirdilər. İşlədiyi Qazax Suvarma Sistemləri İdarəsində rəhbərliyin, eləcə də kollektivin böyük hörmətini qazanmışdı.
Müharibənin ağrı-acılarını da çox görmüşdü Məmməd. Qonşu Barxudarlı və Sofulu kəndlərinin ermənilər tərəfindən işğal olunması, Cəfərli kəndini, elə özünün yaşadığı Xanlıqlar kəndini mütəmadi olaraq düşmənlərin atəşə tutması onun uşaqlıq yaddaşına hopub qalmışdı. 44 günlük Vətən müharibəsində yaxınlarını itirməsi də ona çox pis təsir göstərmişdi. Xalası oğlu Elşən Orucovun, bibisi oğlu Amid Məmmədovun şəhid olması onun ürəyində düşmənə olan qəzəbi daha da artırmışdı. Ona görə də ehtiyac olmamasına baxmayaraq, ermənilərlə sərhəddə dayanan hərbçilərə əlindən gələn köməyi göstərməyə çalışır, öz texnikası ilə ona aid olan işləri görməyə səy göstərirdi. İçində bir Vətən sevgisi, torpaq yanğısı var idi. Qazax şəhərində Vətən müharibəsindəki Tarixi Qələbəmizə həsr olunmuş "Qarabağ Azərbaycandır!" Abidə Kompleksinin tikintisinə başlanan zaman öz texnikası ilə könüllü olaraq inşaat meydançasına gəlmiş, ona aid olan texnika ilə bağlı işləri yerinə yetirmişdi. Rayon rəhbərliyi Məmməd Mərdanovun bu vətənpərvərliyini, xeyirxahlığını yüksək qiymətləndirmişdi. Abidə Kompleksinin açılışını bildirən qırmızı lenti məhz Məmməd Mərdanovun övladları kəsmişdi.
Çox qorxmaz adam idi Məmməd. Qəti qorxusu yox idi. "İş olan yerdə qorxu olmaz" deyirdi. "Qorxdunsa, o işi görə bilməyəcəksən" söyləyirdi yeri gələndə. Elə özü də bu qorxmazlığın, bu mərdi-mərdanəliyin qurbanı oldu, həyatı yarıda qırıldı.
Ölümündən bir gün əvvəl axşamüstü həyat yoldaşı Ayişəni, uşaqlarını da götürüb atasıgilə getdi. Elə bil valideynləri, qardaşları ilə vidalaşmağa gəlmişdi. Səhər tezdən işğal altında olan Barxudarlı və Sofulu kəndlərinə gedən yolu texnikası ilə açmağa gedəcəkdi. Bu barədə atasına bir kəlmə də olsun demədi. Bilirdi ki, icazə verməyəcək. Ürəyinə dammış kimi qardaşlarını bir tərəfə çəkib təklikdə onlara:
- Dünyanın işini bilmək olmaz. Sabah mən gedirəm. Əgər başıma bir iş gəlsə, ailəm sizə əmanət, - deyib.
22 sentyabr 2021-ci il. O gün barədə söz düşəndə həyat yoldaşı Ayişə xanım deyir:
- Həmin gün Məmməd söz verdiyi işi görməyə gedəcəkdi. Ona görə də səhər tezdən yola çıxıb işinin dalınca getdi. Həmin gün həm də atasının adını qoyduğu Ələddin məktəbə, birinci sinifə gedəcəkdi. Bu münasibətlə evimizdə kiçik bir şənlik keçirmək istəyirdik. Ona görə də Məmməd evdən çıxanda günortaya qədər qayıdacağını söylədi.
Amma haradan biləydi? Deyir, sən saydığını say, gör bir fələk nə sayır. Oğlunun məktəbə getməyini görmək, nə də şənlik keçirmək qismət olmadı Məmmədə.
Həmin gün Qazax rayonunun ermənilər tərəfindən işğal olunmuş Barxudarlı və Sofulu kəndlərinə gedən yolu texnikası ilə açarkən Məmməd Mərdanov minaya düşərək Şəhidlik zirvəsinə yüksəldi.
"Həyat qəribəlikləri ilə doludur" sözünü əbəs yerə deməyiblər. Mərdanovlar ailəsinin timsalında bunun əyani şahidi olmaq olar. Belə ki, Məmmədin babası da 33 yaşında rəhmətə gedib, Məmməd də. Onun da 3 uşağı başsız qalıb, Məmmədin də.
Tanrının bu işinə nə deyəsən?..
Sən ki, yol açırdın əziz torpağa,
Orda gül-çiçəklər bitirəcəkdin.
Həsrətlə yolunu gözləyən yurda,
Tezliklə özünü yetirəcəkdin.
Amma arzuların yarıda qaldı,
Sənin də ömrünə düşdü Şəhidlik.
İndi bütün ellər səndən danışır,
Silinməz yaddaşdan belə igidlik.
Facebook-da paylaş