Prezident İlham Əliyev: ““Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi”
Cari ilin 31 may tarixi Prezident İlham Əliyevin 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirakı və çıxışı ilə yadda qaldı.
Ölkə Prezidenti İlham Əliyev çıxışı zamanı bildirdi ki, 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin ildə “Əsrin müqaviləsi” imzalandı ki, o ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.
Ölkə başçısı qeyd etdi ki, 1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı. O zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin 3 yaşı var idi və bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin harada yerləşdiyini bilmirdi və ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı.
Ölkə Prezidentinin qeyd etdiyi kimi, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi. Ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar sərmayəçiləri bir növ qorxudurdu. Bizim neft kəmərlərimiz yox idi, infrastrukturumuz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Ona görə də bir çox səylər tələb edildi ki, biz tərəfdaşlarımızı buraya dəvət edə bilək.
Ölkə rəhbəri vurğuladı ki, Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunak bu tədbirə öz məktublarını ünvanlayıblar. Bu, onun göstəricisidir ki, bu tədbir qlobal əhəmiyyətə malikdir. ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin. 30 il ərzində Azərbaycan dünya ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq aparır.
Dövlət başçısı vurğuladı ki, Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb.
Enerji təhlükəsizliyindən söz açan ölkə rəhbəri bildirdi ki, bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur. Ölkə rəhbərinin söylədiyi kimi, Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir. Avropa İttifaqı ilə Azərbaycan ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Memorandum uğurla icra edilir. Ölkəmiz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət şurasının üzvüdür.
Ölkə rəhbərinin qeyd etdiyi kimi, Azərbaycan özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın və lider, aparıcı ölkə olsun.
Dövlət başçısı qeyd etdi ki, bərpaolunan enerji ilə bağlı şirkətlər Azərbaycana böyük maraq göstərirlər. İllər keçdikcə bu şirkətlərin sayı artacaq.
Qlobal əhəmiyyətli layihələrə toxunan ölkə başçısı vurğuladı ki, Cənub Qaz Dəhlizi tarixi nailiyyətdir, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır.
Enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir. Bizim halda bu, hər iki məsələdir - həm marşrutlar şaxələndirilir, həm də mənbələr şaxələndirilir.
Ölkəmizin beynəlxalq statusunu artıran önəmli amildən danışan ölkə rəhbəri qeyd etdi ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır.
Ölkə Prezidenti çıxışında perspektiv planlardan söz açaraq qeyd etdi ki, əsas məqsəd 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artırmaq. Qaz təchizatımız ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql ediləcək. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr var: “Şahdəniz” və “Abşeron” yataqları. Enerji səmərəliliyi və bərpaolunan enerji məsələsi sahəsində də bizim Avropa İttifaqı ilə dialoqumuz mövcuddur. Bunun nəticəsində biz elektrik enerjisinin istehsalı üçün qaza qənaət edəcəyik və həmin qazı artıq beynəlxalq bazarlara çıxaracağıq.
Ölkə rəhbəri vurğuladı ki, strateji tərəfdaşımız olan BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layihələr həyata keçirilir. Bütün işlər plana uyğun getsə, gələn ilin sonuna qədər böyük dərinlikdən ilk qaz alacağıq.
Dövlət başçısı bildirdi ki, əhəmiyyətli tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışıdır. Bunun nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Bu ilin sonuna qədər qazımız Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcəkdir.
Ötən ilin dekabr ayında Buxarest şəhərində yaşıl enerjiyə dair mühüm tədbir keçirildi. Azərbaycan, Gürcüstan Macarıstan, Rumıniya bir araya gəldi və Avropa Komissiyasının Prezidenti də həmin tədbirdə iştirak etdi. Orada yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir. Bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcəyik.
“Həmrəylik Halqası” layihəsindən danışan ölkə başçısı bildirdi ki, bu layihəyə Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya daxildir. Bu da elə bir layihədir ki, orada əlavə interkonnektorlar inşa ediləcək.
Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan qazına ehtiyac artmaqdadır. Son il yarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq. Bəzi beynəlxalq maliyyə institutları neft-qaz sahəsini maliyyələşdirməyi dayandırıb. Amma biz realist olmalıyıq. Çünki qaz və neft təchizatı olmadan enerji təhlükəsizliyi tam olaraq təmin edilə bilməz. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var. Onun artıq ilkin hesablaması aparılıb, 157 qiqavat həcm yalnız Xəzər dənizində var. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da il yarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək.
Görüləcək işlər çoxdur, TANAP və TAP genişlənməlidir. Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Çünki biz burada böyük sərmayə qoymalıyıq.
Facebook-da paylaş