• Təqvim

  • Maraq



Tarixi həqiqətlər olduğu kimi yadda saxlanılmalıdır


Dağlıq Qarabağ münaqişəsi artıq başa çatmış, tarixə çevrilmişdir. Bu gün bizim yaşadığımız bu tarix olduğu kimi, təhrif olunmadan xalqın yaddaşında qalmalı, gələcək nəsillərə çatdırılmalıdır. Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər 30 il işğal altında olub. Bu illər ərzində insanlar min bir əziyyət çəkmiş, günahsız insanlar qurban getmiş, müsibət dolu bir zaman yaşanmışdır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik. Bu tarix olduğu kimi qalmalı, baş vermiş hadisələr gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.

Aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda Prezident İlham Əliyev dünyanın aparıcı beyin mərkəzləri nümayəndələrinin vasitəsilə həqiqətlərimizi bir daha dünyaya çatdırdı.

Azərbaycan 44 gündə BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini icra edərək haqqı, ədaləti bərpa etdi, işğala son qoydu, işğalçı Ermənistanın və ona havadarlıq edən dövlətlərin taktikasını açıqladı. Tarixi ədalətin bərpa olunması istiqamətində Azərbaycan Ordusunun rəşadəti, qələbə əzmi bu günədək ölkəmizə qarşı dövlətlərin hansı mövqedə dayandıqlarına, ən əsası kimin münasibətlərdə səmimi və ədalətli olduğuna işıq saldı. Dövlətimizin başçısının istər İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata müsahibələrinə, istər yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfrasına, istərsə də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransa diqqət yetirmək kifayətdir. Müxtəlif dövlətləri təmsil edən televiziya kanallarının suallarını diplomatik şəkildə, səbr və təmkinlə, tarixi faktların dili ilə cavablandıran Prezident İlham Əliyevin tarix və hüquq dərsləri Azərbaycanın nəinki döyüş meydanında, eyni zamanda, informasiya cəbhəsində üstünlüyünü bir daha təsdiqləyir. Ölkə Prezidenti bir daha müharibənin nə zamanadək davam edəcəyini, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyalarını yerinə yetirərkən neytrallığı qorumamalarını, ən əsası Rusiya, Fransa və ABŞ-ın təşəbbüsü ilə əldə edilən atəşkəs razılaşmasının üç dəfə Ermənistan baş nazirinin əmrinə uyğun olaraq sərhəddən xeyli uzaqda olan yaşayış məntəqələrimizin, iki dəfə Gəncənin, üçüncü dəfə Bərdənin raket atəşinə tutulması nəticəsində kobud şəkildə pozulmasını, həmçinin Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşündən sonra işğaldan azad edilən torpaqlarımızın atəşə tutulmasını və sair məqamları bir daha xatırladaraq, işğalçı dövlətin taktikasının nədən ibarət olduğunu geniş auditoriyaya çatdırdı.
Dövlətimizin başçısı İlham Əliyevin informasiya cəbhəsində Azərbaycanın qalibiyyətini təmin etmək üçün atdığı addımlar bəzən bilərəkdən, bəzən isə bilməyərəkdən, daha çox isə Ermənistana dəstəkdən həqiqətlərimizi inkar yolunu tutan beynəlxalq hüquq müdafiə təşkilatlarının mövqelərində də dəyişikliklərə yol açmışdır. Ermənistan silahlı qüvvələrinin qadağan edilmiş silahlardan istifadə etdiyi beynəlxalq hüquq təşkilatlar tərəfindən də təsdiqlənir.
"Amnesty International" və "Human Rights Watch" beynəlxalq hüquq təşkilatlarının hesabatları bu baxımdan diqqətçəkən oldu. Bu qurumların daim Azərbaycana qarşı qərəzli mövqedə dayanmaları, Ermənistanı müdafiə edən təşkilatlar kimi imic qazanmaları hər kəsə məlumdur. Bu qurumların hesabatları göstərdi ki, artıq həqiqəti gizlətmək çətinləşir.

İşğalçı Ermənistan illərdir dünyaya münaqişə ilə bağlı yalan informasiya yayırdı, həqiqətləri özünün yalan təbliğatının arxasında gizlətməyə çalışırdı. Münaqişənin diplomatik yolla həllinin mümkün olmadığını bildirən Ermənistanın baş naziri Nikol Paşinyanın bu sərsəmliyinin əksinə olaraq havadarları hərb yolunun mümkünsüzlüyünü qeyd edirdilər. Tarixi ədaləti bərpa edən Azərbaycan Ordusu münaqişənin hərb yolu ilə həlli variantının mümkünlüyünü nümayiş etdirir. 6 şəhər, 5 qəsəbə, 300-ə yaxın yaşayış məntəqələrimiz işğaldan azad edildi.

Mayasında yalan, hiylə və xəyanət olan ermənilər törətdikləri müharibə cinayətlərini, vəhşilikləri ört-basdır etmək üçün total yalan və feyklərdən istifadə edirlər. Bu günə qədər ermənipərəst siyasəti ilə diqqətdə olan, Azərbaycanın əleyhinə təbliğat aparan bir qrup beynəlxalq hüquq müdafiə təşkilatlarının bu gün ölkəmizin, ordumuzun ədaləti bərpa etməsinə öz dəstəyini göstərərək Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq tərəfindən qadağan edilmiş silahlardan istifadə etdiklərini təsdiqləməsi də diplomatik uğurlarımızın tərkib hissəsidir. 30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların bəyanatlardan konkret əməli işə keçəcəyinə inam nümayiş etdirən Azərbaycan dövləti, xalqı səbrinin tükənməz olmadığını göstərərək Dağlıq Qarabağ probleminin ədalət, milli qürur məsələsi olduğunu döyüş meydanında bir daha işğalçı Ermənistana və havadarlarına çatdırdı. Ermənilərin feyk xəbərləri fiaskoya uğradı.

Saxta tarix yazmaq çıxış yolu deyil. Bu saxtalıq gec-tez həqiqət qarşısında aciz duruma düşür. Necə ki, Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində diz çökdü, kapitulyasiya aktına imza atdı. Azərbaycanın üstünlüyünü şərtləndirən əsas amillərdən biri də məhz öz gücünə, beynəlxalq hüquqa, tarixi faktlara söykənməsidir.

Azərbaycan tarixinə zaman-zaman başqa don geyindirilmiş, saxtalaşdırılmasına təşəbbüs göstərilmişdir. Xalqımıza qarşı cinayət törədənlər qəhrəman kimi təqdim olunmuşdur. Azərbaycanlıları qətləyetirən, soyqırımı törədən Şaumyan və onun kimi digər cinayətkarlar ifşa olunmalı, əsl simaları və törətdikləri qanlı əməllər xalqa olduğu kimi çatdırılmalıdır. Gələcək gənc nəsillər Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilməlidir. Bilməlidir ki, Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi Azərbaycana məxsus olub. Bunu təsdiq etmək üçün XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Həmin xəritədə Göyçə gölü var. Həmin xəritədə Sevan gölü yoxdur. Gənc nəsil həqiqətləri bilməli, tarixi hadisələri olduğu kimi yadda saxlamalıdır.

Elçin İSMAYIL,

"Göyəzən” qəzetinin baş redaktoru



Facebook-da paylaş