• Təqvim

  • Unutma

  • Maraq



Hərbi xidmət sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət növləri


Həqiqi beynəlmiləlçilik və sülhsevər siyasəti ilə dünya ölkələrinə nümunə olan Azərbaycan Respublikasında müstəqilliyimizin qorunması və mənfur qonşumuz ermənilərin elan olunmamış müharibə nəticəsində işğal etdikləri torpaqlarımızın geri qaytarılıb ərazi bütövlüyümüzün bərpasının əsas təminatlarından biri kimi sivil və güclü Milli Ordunun yaradılması dövlət quruculuğunun prioritet istiqamətlərindən biri kimi müəyyən edilərək bu sahədə mühüm nailiyyətlər əldə edilmişdir. Müasir Azərbaycan dövlətinin, həmçinin Milli Ordumuzun formalaşması və inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Azərbaycan ordusunun hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini vermiş, təkcə bu gün üçün deyil, qarşıdakı onilliklər, yüzilliklər üçün dövlətimizin inkişaf strategiyasını müəyyən etmişdir. Qısa müddət ərzində müstəqilliyimizin təminatçısına çevrilən, vahid komandanlığa tabe olan güclü və qüdrətli ordu yaradılmışdır.

Ümummilli liderimizin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında başqa sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də hazırda da davam edən uğurlu islahatlar həyata keçirilir. Qeyd olunan islahatlar ordu quruculuğunun nəinki təminat və təşkilatı baxımdan möhkəmlənməsinə, həmçinin ordunun müasir qanunvericilik əsasında fəaliyyət göstərməsini də əhatə etmişdir. Hazırda qüvvədə olan qanunvericilik müasir standartlar səviyyəsində olmaqla, Milli Ordumzun bütün fəaliyyət sahələrini, həmçinin hərbi xidmətə çağırış və hərbi xidmət üzrə münasibətləri ətraflı tənzimləyir və qanunvericiliyin pozulmasına görə ən ciddi məsuliyyət tədbirləri nəzərdə tutur.

Qeyd etmək lazımdır ki. hər bir hüquq normasının tətbiqi mexanizminin və məsuliyyət tədbirlərinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyan məqamlardan biridir. Belə ki, qanunverciliyin tələbinin yerinə yetirilməməsinə görə məsuliyyət tədbiri nəzərdə tutulmamışdırsa, həmin norma yalnız kağız üzərində qalmaqla, heç bir əhəmiyyət daşımayacaqdır. Bu baxımdan hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri xüsusi əhəmiyyətlidir. Qanunvercilik müvafiq münasibətləri hər tərəfli tənzimləməklə, hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericiliyin pozulmasına görə çox ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur.

Belə ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsində göstərilmişdir ki, bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Məsuliyyət tədbirləri əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələrində öz təsbitini tapmışdır.

Bu baxımdan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin "Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar” başlıqlı 40-cı fəsli mühüm əhəmiyyət daşıyır.

Həmin Məcəllənin 603-cü maddəsindən görünür ki, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək, çağırışçıların və hərbi vəzifəlilərin sağlamlıq imkanlarının məhdudluğunun və ya əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz əlli manatadək, bu Məcəllənin 603.1-ci və 603.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi üçün tələb olunan məlumatların çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Bundan başqa, həmin Məcəllənin 604-cü maddəsinə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə otuz manat məbləğində cərimə edilir.

Əlavə olaraq, həmin Məcəllənin 605-ci maddəsində müəyyənləşdirilmişdir ki, çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə vəzifəli şəxslər səksən manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinin qeyd olunan müddəalarındakı müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrini ehtiva edir.

Həmçinin, həmin Məcəllənin 606.2-ci maddəsində vətəndaşların "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində müəyyənləşdirilmiş vəzifələri yerinə yetirməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur.

Belə ki, vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə otuz manat məbləğində cərimə edilir.

Hərbi vəzifə və hərbi xidmət üzrə qanunvericiliyin pozulmasına görə daha ağır məsuliyyət tədbirləri Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuşdur.

Belə ki, həmin Məcəllənin 321.1-ci maddəsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, yuxarıda göstərilən əməl müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göründüyü kimi qanunvericilik bütün fiziki və hüquqi şəxslər tərəfindən hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericiliyə əməl edilməsini tələb edir və yol verilmiş qanun pozuntularına görə çox ciddi məsuliyyət tədbirləri nəzərdə tutur.

Kənan NƏZƏROV,

Qazax rayon prokurorluğunun böyük müstəntiqi, 3-cü dərəcəli hüquqşünas



Facebook-da paylaş