• Təqvim

  • Maraq



Azərbaycan Ədliyyəsi: 100 ildə keçilən şanlı tarixi yol


1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycanda dövlətçiliyin yeni mərhələsi-demokratik idarəçilik ənənələrinin formalaşması prosesi başlandı, bəşəri inkişafın yaratdığı mütərəqqi ictimai-siyasi görüşlərə söykənən dövlətçilik ənənələrinin nəhəng Şərqdə təməli atıldı. 
        Şərqdə yaranan bu ilk respublika həm də milli mədəniyyətimizin üzərində qurularaq, xalqımızın milli şüurunun inkişafını, milli varlığımızın qorunub saxlanmasını öz siyasətində əsas  məsələyə çevirdi.

Bu il həmin tarixi hadisədən 100 il ötür. Bu baxımdan Azərbaycan dövlətçiliyi və xalqı, ümumilikdə cəmiyyətimiz üçün 2018-ci il əlamətdar hadisələrlə zəngindir. Azərbaycan Xalq Cümhuriyyətinin, Qazax Müəllimlər Seminariyasının və 1918-ci ildə əsası qoyulmuş bir sıra dövlət orqanlarının, o cümlədən Azərbaycan Respublikası parlamentinin, ədliyyə, prokurorluq, polis orqanlarının, həmçinin Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi tamam olur.

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya birliyinin bərabərhüquqlu üzvü olmaqla sürətlə və dayanıqlı inkişaf edir. Azərbaycanın dinamik inkişafı onu nəinki siyasi, həmçinin iqtisadi və mədəni cəhətdən həm regional, həm də qlobal mərkəzə çevirir.

Qeyd edildiyi kimi, Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri - müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində geniş şəkildə qeyd edilir. Bu əlamətdar hadisə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə müvafiq sərəncamlar imzalanmışdır.

Xalq Cümhuriyyəti yarandığı ilk dövrdən dövlət mexanizmini sürətlə formalaşdırılmağa başladı. Cümhuriyyətin ilk parlamenti və hökuməti yaradıldı. Eyni zamanda, yeni hüquq sisteminin formalaşdırılması istiqamətində işlər aparılmış, dövlət qurumları qanunvericilik aktlarının qəbulu və ictimai həyatın yeni normalara uyğun tənzimlənməsi ilə bağlı mühüm tədbirlər həyata keçirə bildi. Bu istiqamətdə hökumətlə yanaşı, parlamentin gördüyü işlər dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edirdi.

Hüquq sisteminin inkişafına verilən əhəmiyyətə görədir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bir ildə Ədliyyə Nazirliyi də təsis edildi. 1918-ci ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən mühüm akt-nazirliyin Əsasnaməsi təsdiq olundu. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu təməl əsasında müasir dövlətçilik ənənələrinə və konsepsiyasına söykənən Azərbaycan ədliyyəsinin tarixi yazılmağa başlandı. Xəlil bəy Xasməmmədov da ilk ədliyyə naziri təyin olundu. 

Ədliyyə Nazirliyi Xalq Cümhuriyyətinin mövcud olduğu qısa dövr ərzində digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməklə yanaşı, qanunvericilik, normativ aktların hazırlanması və tətbiqi, hüquq mühafizə fəaliyyəti sahəsində önəmli işlər həyata keçirmişdir. Nazirlik ölkədə qanunçuluğun təmin edilməsi üçün qısa müddət ərzində müstəqil məhkəmə sisteminin formalaşması baxımından mühüm işlər görə bilmişdir. Nazirlər Şurasının qərarları ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq həmin ilin noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi qəbul olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra 13 may 1920-ci il tarixdə Ədliyyə Nazrliyi ləğv edilmiş və əvəzində Xalq Ədliyyə Komissarlığı qurulmuşdur. 1933-cü ildə Xalq Ədliyyə Komissarlığının yenidən təşkili nəticəsində qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, Ali Məhkəməyə, prokurorluq orqanlarına və vəkillərə nəzarət edilməsi kimi bir sıra yeni səlahiyyətlər Komissarlığa həvalə olunmuşdur. 1937-ci ildə təsdiq olunmuş Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsinə görə Komissarlığın fəaliyyəti bir xeyli məhdudlaşdırıldığından səlahiyyətlərinin əsas predmetini məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara nəzarət təşkil etmişdir. 7 dekabr 1959-cu il tarixdə isə Ədliyyə Komissarlığı ləğv edilərək səlahiyyətləri digər dövlət orqanları arasında bölüşdürülmüşdür.

Sovet hakimiyyəti illərində Azərbaycanda ədliyyə sisteminin yenidən inkişafı ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Yalnız ümummilli lider Heydər Əliyevin 1969–cu ildə respublikamıza rəhbərliyə gəlişindən sonra ədliyyə sisteminə zəruri diqqət göstərilmiş, Ədliyyə Nazirliyi yenidən bərpa edilmiş, onun vahid strukturu formalaşdırılmışdır

Bununla da Azərbaycanın ədliyyə tarixində yeni 2 mərhələnin təməli qoyulmuşdur. Ulu öndərimiz ədliyyənin inkişafı və mühüm dövlət orqanı kimi formalaşması üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə başlanan ədliyyənin inkişafının əsaslı dönüş mərhələsi də ulu öndərin adı ilə bağlı olmuş, Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri genişləndirilmiş, nazirlik milli dövlətçiliyimizin əsas sütunlarından birinə çevrilmişdir.    

27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin yenidən yaradılması Azərbaycan ədliyyəsinin tarixində mühüm rol oynamış və bu sahədə formalaşan təcrübə bugünkü ədliyyə sisteminin qurulmasına öz töhfəsini vermişdir. O dövrdən başlayaraq ədliyyə sistemi dövlət mexanizminin mühüm elementi kimi öz rolunu artırmış, hüquq-mühafizə fəaliyyəti, struktur formalaşması, digər orqanlarla qarşılıqlı əlaqənin səmərəli və operativ təmin edilməsi istiqamətində işlərin normativ və praktiki təşkili üzrə mühüm təcrübə formalaşmışdır. Həmin bu təcrübə Azərbaycanda müstəqilliyin ilk illərində ədliyyə sisteminin gələcək inkişafını qura bilmək üçün mühüm baza rolunu oynamışdır.

Ümummilli liderin yenidən hakimiyyətə gəlməsi ilə cəmiyyətin və dövlətin həyatında sürətli dəyişikliklər, quruculuq işləri başladı. Müstəqil dövlət quruculuğu istiqamətində görülən işlər, aparılan islahatlar bir neçə il ərzində sabit və dinamik inkişaf xəttini tuta bilən dövlət aparatının formalaşmasına, bu inkişafa imkan verən qanuvericlik bazasının, hüquq sisteminin yaradılmasına səbəb oldu. Bu cür dinamik dəyişikliklər nəticəsində Ədliyyə Nazirliyi zəngin və şərəfli inkişaf yolu keçərək cəmiyyətimizin həyatında qanunçuluğun, hüququn aliliyinin, ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində əsas rol oynayan orqanlardan birinə çevrildi.

Müstəqillik illərində həyata keçirilən islahatlar çərçivəsində ədliyyə işinin müasir tələblər səviyyəsinə yüksəldilməsi üçün əsaslı tədbirlər görüldü, Ədliyyə Nazirliyinin üzərinə yeni mühüm vəzifələr qoyuldu. Bu köklü islahatlar sayəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun olan inkişaf yoluna qədəm qoydu, onun çoxşaxəli fəaliyyətinin tənzimlənməsi məqsədilə onlarca normativ sənədlər qəbul edildi. Ulu öndərimiz Heydər Əliyev müdrikcəsinə demişdi ki, yeni siyasi şəraitdə hüquqi və demokratik dövlətin qurulması güclü ədliyyə sisteminin formalaşdırılması ilə sıx şəkildə bağlıdır. Çünki yalnız möhkəm və güclü ədliyyə sistemi olan dövlətlərdə vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında bərabərliyi, ən əsası isə Qanunun aliliyi yüksək səviyyədə təmin olunur.

Həyata keçirilən məhkəmə–hüquq islahatlarının başlıca məqsədi Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik 3 prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər məsələlərin konseptual həlli olmuşdur. Ümummilli liderin 1998–ci il dekabrın 1–də imzaladığı fərmanla qüvvəyə minmiş ― Məhkəmələr və hakimlər haqqında  qanunlar  bu sahədə qanunvericiliyin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm addım olmuşdur. Məhkəmə fəaliyyətinin hüquqi əsaslarını və ədalət mühakiməsinin daha səmərəli təşkili qaydalarını özündə əks etdirən qanunda hakim vəzifəsinə seçkilərlə bağlı bir sıra zəruri tələblər də əksini tapmışdır. Hakim vəzifəsinə seçkilərin test üsulu ilə, tamamilə açıq, şəffaf, obyektiv və ədalətli prosedur əsasında keçirilməsi prinsiplərini müəyyənləşdirən qanunda məhkəmə hakimiyyətinin dövlət idarəçilik sistemində nüfuzlu, mötəbər və müstəqil orqan  kimi formalaşması məsələsinə də xüsusi diqqət ayrılmışdır.

Ümummilli liderin islahatların sürətlə aparıldığı bir dövrdə ədliyyə sisteminin dövlət mexanizmininin işləkliyinin təmin olunmasında oynadığı rola verdiyi əhəmiyyətə görədir ki, 11 noyabr 2000-ci il tarixli Sərəncamla 22 noyabr-Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiqləndiyi gün, Respublikamızda ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunmağa başlanmışdır.

16 avqust 2001-ci ildə Azərbaycanın Ədliyyə tarixi ilə bağlı muzeyin yaradılması da dövlət başçısı tərəfindən ədliyyəyə verilən dəyərin göstərici idi. Ümummilli liderin təşəbbüsü əsasında muzeyin açılışı Xalq Cümhuriyyəti zamanından bu günə qədər gəlib çıxan ədliyyəmizin tarixi ənənəsinə varisliyin dövlət tərəfindən qəbul edilməsi adına atılmış önəmli və dəyərli addım olmuşdur.

Ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə edilmiş, həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində nazirliyin cəmiyyətin idarə olunmasında yeri və rolu daha da artmış, nüfuzu və mövqeyi möhkəmlənmişdir. 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilməklə Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusunun verilməsi bu gün böyük səlahiyyətlərə malik olan Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinin, onun qarşısında duran mühüm vəzifələrin miqyasının ciddi şəkildə genişlənməsinin hüquqi göstəricisidir.

26 may və 17 avqust 2006-cı il tarixlərində dövlət başçısı tərəfindən müvafiq Fərmanlar imzalanmaqla "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" və "Ədliyyə orqanlarının inkişafı haqqında" Qanunlar qəbul olunmuşdur. Həyata keçirilmiş islahatlar nəticəsində Ədliyyə orqanlarına qəbul prosesi durmadan inkişaf etdirilmiş və 2006-cı ildən sonra isə ədliyyə orqanlarında xidmətə qəbul prosesi müsabiqə yolu ilə aparılmağa başlanmışdır. Sənədlərin qəbul edilməsi prosesinin optimallaşdırılması və imtahan prosesinin internet üzərindən canlı yayımlanması ədliyyə orqanlarında qulluğa qəbulun təkmilləşdirilməsinin təzahürüdür.

Dövlət başçısı cənab İlham Əliyev tərəfindən ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə mühüm qərarlar qəbul olunmuş, ədliyyə fəaliyyətinin mükəmməl normativ–hüquqi bazası yaradılmış, ədliyyə işi beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılmış, onun üzərinə yeni mühüm vəzifələr qoyulmuş, gələcək inkişafına dair əhatəli proqramlar qəbul edilmişdir.

Ədliyyə fəaliyyətinin normativ–hüquqi əsasları təkmilləşdirilmiş, 2008–ci ildə nazirliyin yeni Əsasnaməsi təsdiqlənmiş, ona hüquq–mühafizə orqanı statusu verilmişdir ki, bununla da ədliyyə sisteminin cəmiyyətdəki mühüm rolu təsbit edilmişdir.

Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli Sərəncamına əsasən isə Azərbaycanda ədliyyənin inkişafına dair Dövlət Proqramı təsdiq olunmuş və icra edilməyə başlanmışdır. "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" ölkəmizdə ədliyyə sisteminin daha da təkmilləşməsində, işinin müasir tələblərə uyğun qurulmasında, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən orqanların fəaliyyətindəki səmərəliliyin artırılmasında önəmli rol oynamışdır. Eyni zamanda, Azərbaycan Respublikasında aparılan uğurlu siyasət nəticəsində Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələri dərinləşmiş, dövlətimiz nüfuzlu beynəlxalq qurumlarda böyük uğurlara nail olmuşdur.

Onu da xüsusi vurğulamaq lazımdır ki, Ədliyyə Nazirliyi hüquq-mühafizə orqanı olmaqla yanaşı, əhalinin mütəmadi təmasda olduğu notariat orqanlarında xidmətin təşkili təkmilləşdirilmiş, notariat kontorlarının işi vətəndaş məmnunluğu prinsipinə uyğun qurulmaqla təşkil olunmuşdur. Təsadüfi deyil ki, rəsmiləşdirilən notariat hərəkətlərinin 90 faizdən çoxu ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür. Ölkəmizdə notarius korpusunun şəffaf prosedurlar əsasında formalaşdırılması, xüsusi notariatın və elektron notariatın geniş tətbiqi notariat işinin səmərəli təşkilinə böyük töhfələr verir. Notariat orqanlarının işinin təşkilində əldə olunan nailiyyətlər Azərbaycandan kənarda da ciddi maraq doğurmuş, islahatlar və dəyişikliklər beynəlxalq qurumlar tərəfindən diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki, hətta xarici dövlətlərin notariusları tərəfindən bu cür müsbət təcrübəyə xüsusi diqqət göstərilir və nail olunan yeniliklər onlar tərəfindən maraqla öyrənilir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ı çərçivəsində təşkil edilən həmin tədbirlər cəmiyyətimizin gənc təbəqələri arasında Konstitusiya haqqında biliklərin inkişaf etdirilməsinə yönəlmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət” mərkəzləri yaradılmışdır. "ASAN xidmət” mərkəzlərinin əsas məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin – "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır. Həmin mərkəzlərdə Ədliyyə Nazirliyinin qeydiyyat və notariat şöbələri də fəaliyyət göstərir.

Ölkəmizdə məhkəmə hakimiyyətinin demokratik dövlət hakimiyyətinin müstəqil qolu kimi bərqərar olması və inkişafı sahəsində islahatlar aparılmış, məhkəmə hakimiyyətinin gerçəkliyə həqiqi təsir göstərmək imkanının təmini, insanların hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin realılığa çevrilməsi uğurla həyata keçirilmişdir.

Hazırda ölkəmizdə yaradılmış müasir məhkəmə sistemi müvəffəqiyyətlə fəaliyyət göstərir, vətəndaşlar üçün məhkəməyə çatımlılığın təmini məqsədilə bölgələrdə apellyasiya və ağır cinayət məhkəmələri yaradılmış, inzibati məhkəmələr fəaliyyətə başlamışdır. Hakim korpusu dünya standartlarına cavab verən şəffaf metodlar əsasında formalaşdırılmış, məhkəmələrin normal fəaliyyəti üçün maddi-texniki baza yaradılmışdır.

Bu sahədə qazanılmış uğurları məhz ulu öndərin məhkəmə hüquq sistemində islahatlara verdiyi önəmlə, dahi rəhbərin siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilməsi ilə bağlıdır.

Ağarza SƏMƏDOV,

Qazax Rayon Məhkəməsinin hakimi



Facebook-da paylaş