• Təqvim

  • Unutma

  • Maraq



Qazax melioratorları sudan qənaətlə istifadə etməyə çalışırlar

Respublika mətbuatı Qazax haqqında


Dünya alimləri Yer kürəsində qlobal istiləşmənin artması, şirin su ehtiyatlarının hansı səbəbdən azalması istiqamətində bir sıra elmi araşdırmalar aparırlar. Bəllidir ki, problemin aradan qaldırılmasında mövcud su ehtiyatlarından səmərəli və qənaətlə istifadə etmək ən başlıca şərtlərdəndir. Əsasən əkinçiliyin inkişaf etdiyi bölgələrdə şirin suya olan tələbat bir neçə dəfə artır.

Son illərdə bütün sahələrdə, o cümlədən aqrar sahədə yüksək nailiyyətlərin əldə olunduğu Qazax rayonunda mövzu ilə bağlı rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilovla həmsöhbət olduq. Uzun illər meliorasiya sistemində çalışmış təcrübəli mütəxəssis söhbət zamanı bildirdi ki, idarə 18911 hektar kənd təsərrüfatına yararlı torpaq sahələrinin suvarılmasına xidmət edir.

Fermerlərə yaradılan hərtərəfli şərait nəticəsində, hətta təkrar əkin aparılmaqla bəzi ərazilərdə ildə iki dəfə məhsul əldə olunur. Belə olan halda suvarma suyuna olan tələbat bir qədər artır. Bu baxımdan, melioratorların üzərinə daha böyük məsuliyyət düşür. İdarə rəisi bir vacib məsələni xüsusilə vurğuladı ki, suvarmada mövcud olan çətinliklərin başlıca səbəbi torpaqlardan düzgün istifadə edilməməsidir.

Məlumdur ki, bitkilərin suvarma müddəti müxtəlif vaxtlarda aparılır. Yəni həmin ərazilərə bir dəfə yox, bir neçə dəfə su verilir. Su mənzil başına çatanadək xeyli su və vaxt tələb edir. Nəticədə su itkisi 2-3 dəfə artır. Problemdən çıxış yolu kimi kollektiv təsərrüfatların yaradılmasıdır. Belə olarsa, eyni zamanda suvarılma aparılmaqla su itkisinin qarşısı alınar.

Suvarılma vaxtlı-vaxtında aparılmaqla daha yüksək məhsuldarlığa nail olunar. Bununla yanaşı, müasir suvarma sistemlərində "PİVOT", damcılama və çiləmə üsullarından istifadə edilməklə suvarmanın keyfiyyətini yaxşılaşdırmaq və suya xeyli qənaət etmək olar.

M.Vəkilov bildirdi ki, xidmət olunan sahələrin 11808 hektarı öz axımı ilə, 7103 hektarı isə mexaniki üsulla, yəni nasos stansiyaları vasitəsilə suvarılır. Rayonun yuxarıda qeyd olunan sahələrinin suvarılması tutumları 120 milyon kubmetr olan Ağstafaçay, 20 milyon kubmetr olan Coğaz çay, 2,6 milyon kubmetr olan İncəçay su anbarları, 0,2 milyon kubmetr olan "Acı dərə" kiçik su tutarında yığılan sulardır. Habelə öz başlanğıcını Gürcüstan Respublikasının ərazisində Xram çayından götürən Şıxlı arxı, həmçinin Xram və Kür çayları üzərində quraşdırılmış nasos stansiyaları və 205 ədəd subartezian quyusudur.

2023-cü ilin vegetasiya suvarmasına hazırlıqla əlaqədar 2022-ci ilin noyabr ayından rayonun ərazisində indiyədək 358,1 kilometr uzunluğunda təsərrüfatlararası və təsərrüfatdaxili suvarma şəbəkələri rayon icra hakimiyyətinin bilavasitə rəhbərliyi, nəzarəti, yaxından köməyi, Suvarma Sistemləri İdarəsinin qüvvəsi ilə lildən və kol-kosdan təmizlənmişdir. Təmizlənmiş arxların 159,3 kilometri əl əməyi ilə, 198,8 kilometri isə texnika vasitəsilə aparılmışdır. Hazırda bu işlər davam edir.

İdarənin balansında olan 21 ədəd nasos stansiyasından hazırda istismar olunan 19 ədədində yaz vegetasiya işlərinə hazırlıqla əlaqədar cari təmir işləri davam edir. Belə ki, Aslanbəyli, Yuxarı Salahlı ll-pillə və Yeni Abbasbəyli nasos stansiyalarında elektrik avadanlıqları əsaslı təmir edilmişdir. Çaylı təsərrüfatdaxili kanalın 100 metr uzunluğunda hissəsinə beton üzlük çəkilmiş və 2 ədəd su buraxıcı qapı qoyulmuşdur. Sağ Sahil R-4 kanalında su buraxıcı qapı quraşdırılmış, təmir işləri aparılmışdır. Bundan başqa, Kosalar kəndində təsərrüfatdaxili arxlarda 2 ədəd su buraxan qapı təmir edilmişdir. Axmaz arxının Hüseynbəyli kəndindən keçən hissəsində su buraxan qapıların yanları və döşəməsinə beton tökülərək təmir edilmişdir. Bala Çaylı kəndində beton üzlüklü kanalların çökək hissələrinə yeni beton çəkilərək təmir edilmişdir. Eyni zamanda, idarənin balansında olan 205 ədəd subartezian quyusundan 21 ədədində cari təmir işləri aparılmışdır və il ərzində bu işlər davam etdiriləcəkdir.

Şübhə yoxdur ki, 2023-cü ilin vegetasiya suvarılmasını müvəffəqiyyətlə başa vurmaq üçün Qazax Suvarma Sistemləri İdarəsinin kollektivi bütün imkanlarını səfərbər edərək işlərini günün tələbləri səviyyəsində quracaqdır.

Vəli VƏLİYEV,

"Respublika" qəzetinin bölgə müxbiri 

12 may 2023-cü il, səhifə 12




Facebook-da paylaş