Körpələrə ögey münasibət ürək ağrıdır
Respublika mətbuatı Qazax haqqında
Ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların sağlamlığı, normal təhsil almaları, bir sözlə, qayğı və diqqətlə əhatə olunmaları üçün dövlət başçısı cənab İlham Əliyevin imzaladığı bir sıra qərar və sərəncamların icrası uğurla davam etdirilir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə əhəmiyyətli layihələrin həyata keçirilməsi davamlı hal almışdır. Məqsəd yalnız sağlam gələcəyin yetişdirilməsidir. Hər il onlarla yeni təhsil ocaqları və məktəbəqədər təhsil müəssisələri inşa edilir və əsaslı təmir olunaraq istifadəyə verilir.
Respublikanın inkişaf etmiş rayonlarından olan Qazax rayonunda fəaliyyət göstərən uşaq bağçalarının hazırkı vəziyyəti ilə tanış olmaq üçün bölgəyə üz tutduq. Məlumat üçün bildirək ki, Qazaxda cəmi 25 məktəbəqədər təhsil müəssisəsi var. Bunlardan 6-sı Qazax şəhərində, 19-u isə kəndlərdə fəaliyyət göstərir. Bəzi kəndlərdə isə uşaq bağçası yoxdur. 2016-2019-cu illər ərzində RİH tərəfindən şəhər bağçalarının hamısı, kəndlərdə isə 15-i əsaslı təmir olunmuş, bütün zəruri avadanlıqlarla təchiz edilmişdir. Hətta, bəzi uşaq bağçalarının darısqallığı nəzərə alınaraq əlavə otaqlar da tikilmişdir. Hər biri istilik sistemi ilə təmin olunmuşdur. Bu da körpə fidanların, valideynlərin, eləcə də işçilərin böyük sevincinə səbəb olmuşdur.
Qeyd etdiyimiz kimi, 2019-cu ildən bu proses dayandırılmış, nədənsə, qalan bağçaların təmir və təchizat işləri aparılmamışdır. Bəxti gətirməyən Hüseynbəyli kənd Uşaq bağçasına üz tutduq (əgər buna bağça demək mümkündürsə). Gördüyümüz mənzərə heç də ürəkaçan olmadı. 1960-cı illərdə başqa məqsədlə tikilmiş bu bina istismar müddətini çoxdan başa vurmuşdur. Köhnə binanın iki otağı guya təmir edilərək bağça kimi istifadəyə verilib. Binanın pəncərə və qapıları olmayan digər otaqlarına baxdıqca insan vahimələnir. Bura sanki müharibədən zərərçəkmiş, dağılmış bir xarabalığı xatırladır. Mövcud olan iki otağın birindən yataq və oyun otağı, digərindən isə mətbəx kimi istifadə olunur. Kustar üsulla hazırlanmış elektrik avadanlığı hər an qəzaya səbəb ola bilər. Bina isti və soyuq su ilə təmin olunmamışdır. Yemək bişirmək, qab-qacaq yumaq üçün heç bir şərait yoxdur. Ən acınacaqlı hal isə sanitar qovşağın olmamasıdır. Yaşadığımız XXI əsrdə bu vəziyyətdə uşaq bağçasının olması çox təəssüf doğurur.
İşçilər bildirirlər ki, bu günlərdə məktəbəqədər təhsil müəssisəsinə odun yanacağı verilmişdir. Lakin odun yaş olduğundan yandırmaqda əziyyət çəkirlər, soba yanarkən isə otaqları tüstü bürüyür. Yer darısqallığı səbəbindən bir çarpayıda iki uşaq yatmalı olur.
Növbəti baş çəkdiyimiz İkinci Şıxlı kənd 3 saylı Körpələr Evi-Uşaq bağçası oldu. Bu bağça da o birisindən heç də fərqlənmirdi. Binanın dam örtüyü tamamilə dəyişməlidir. Yağışlı havalarda yağışın otaqlara axmaması üçün hər yerə qab-qacaq qoyulur. Qapılar, pəncərələr pis vəziyyətdədir. Küləkli havalarda qapıdan içəri dolan külək özü ilə toz-torpaq gətirir və sözsüz ki, otaqları da isitmək çətinləşir. Tavandan tökülən torpaq natəmizlik yaradır. Bu bağçada da isti və soyuq su olmadığından qab-qacağın yuyulmasında da çətinlik yaranır. Avadanlıq çatışmır.
İkinci Şıxlı kənd 1 saylı Körpələr Evi-Uşaq bağçasında da olduq. Müəssisədə 19 uşaq tərbiyə alır. Bina tamamilə qəzalı vəziyyətdədir. İsti su ilə təminat yoxdur. Yağmurlu günlərdə tavandan içəri tökülən su acınacaqlı bir vəziyyət yaradır. Pəncərə və qapılar qırıq-salxaqdır. Körpələrin əylənməsi üçün heç bir şərait yoxdur. Sanitar qovşağın olmaması ən ağrılı məsələdir.
Daş Salahlı rayonun ən böyük, müasir və inkişaf etmiş yaşayış məskənlərindən biridir. Bu kənddə fəaliyyət göstərən məktəbəqədər müəssisənin 2-si RİH tərəfindən əsaslı təmir edilmiş, avadanlıqlarla, istilik sistemi, isti və soyuq su ilə təmin olunmuşdur. 1 saylı Körpələr Evi-Uşaq bağçası isə bərbad vəziyyətdədir. RİH-in təşəbbüsü ilə yeni uşaq bağçasının tikilməsi üçün yer ayrılmış, fundament qazılmış, lakin tikintisi aparılmamışdır. Yuxarıda qeyd etdiyimiz çatışmazlıqlar burada da hökm sürür. Bina günün tələblərinə qətiyyən cavab vermir.
Göründüyü kimi, körpə fidanlara göstərilən qayğı heç də ürəkaçan deyil. Gələcəyimiz olan uşaqların sağlam böyüməsi üçün aidiyyəti qurumların hərəkətə keçmələrinin vaxtıdır.
Vəli VƏLİYEV,
"Respublika" qəzetinin bölgə müxbiri
23 noyabr 2022-ci il, səhifə 7.
Facebook-da paylaş