• Təqvim

  • Maraq



Qazaxda tütün yığımı sürətlə davam edir


Ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, əlverişli torpaq-iqlim şəraiti və mövcud işçi qüvvəsi ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını önə çəkmişdir. Xüsusilə unudulmuş sahələrdən olan tütünçülüyün inkişafına diqqətin artırılması nəticəsində bu sahədə müəyyən uğurların əldə olunmasını təmin etmişdir. 

"Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması bu sahədə başlanan işlərə təkan vermişdir. Qəbul olunmuş dövlət proqramı respublikamızın bütün bölgələrində tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmiş, rəqabət qabiliyyətini yüksəltmiş və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahının daha da yaxşılaşmasını təmin etmişdir.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da ölkənin ümumi iqtisadi inkişafında mühüm rol oynayan tütünçülüyə maraq xeyli artmışdır. Məhz bunun nəticəsidir ki, son iki ildə rayonda tütünçülüyün inkişafı istiqamətində bir sıra uğurlar əldə edilmişdir. Əgər 2016-cı ildə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəm 50 hektara çatdırılmışdır. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər 80 tondan çox məhsul götürmüşlər. Əldə olunan qazancdan razı qalan tütünçülər bu il əkin sahələrini 10 hektar da genişləndirmişlər. Bu məqsədlə rayonun Kosalar kəndində 32 hektar, Qazaxbəyli kəndində 8 hektar, İkinci Şıxlı və Çaylı kəndlərinin hər birində 1 hektar, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı və Alpout kəndlərinin hər birində 2 hektar, Dəmirçilər kəndində 1,5 hektar, Cəfərli kəndində 2,5 hektar və Fərəhli kəndində 4 hektar sahədə tütün əkilmişdir.

Rayon rəhbərliyi tez-tez tütünçülüklə məşğul olan fermerlərin yanında olur, onların arzu və istəklərini dinləməklə yanaşı, problemlərinin həllinə də yaxından kömək göstərir. Növbəti görüş rayonun Kosalar kəndində olmuşdur. Rayonİcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tütün sahələrini gəzərək mövcud vəziyyətlə tanış olduqdan sonra yığımda çalışan kənd sakinləri ilə görüşmüşdür. Tütünçülərlə səmimi söhbət zamanı fermerlər rayon rəhbərliyinə görülən işlər haqqında məlumat vermiş və bildirmişlər ki, bu il sahələrdə bol məhsul yetişdirilmişdir.

Bu günədək 149 ton yaş tütün tədarük edilib. 7 tondan çox məhsul "İlham-M” MMC-yə təhvil verilib. Hazırda tütün dərimi sürətlə davam edir. Onlar dərimin vaxtında və itkisiz başa çatdırılması üçün əlverişli keçən hava şəraitindən maksimum istifadə etməyə çalışırlar. Yığılmış tütün xüsusi talvarlar altında ipə düzülərək qurudulur. Hazırda tütün yığımında 150 nəfər çalışır ki, onlar da gündəlik əməkhaqlarını iş gününün sonunda elə sahədəcə alırlar.

Qeyd edək ki, rayonun digər kəndlərində olduğu kimi, Kosalar kəndində də tütün yığımında və qurudulmasında çalışan insanlar üçün lazımi şərait yaradılıb. Onlar gündə bir dəfə yeməklə təmin edilməklə yanaşı, zəruri avadanlıqlarla da təmin edilmişlər.

Sabir ƏLİYEV,

"Azərbaycan” qəzeti

19 sentyabr 2018-ci il



Facebook-da paylaş