“Heydər Əliyev - əsrin lideri və mədəni irsimiz” mövzusunda keçiriləcək intellektual yarış iştirakçılarının Qazax, Tovuz və Şəmkir rayonlarında olan tarixi abidələrə ekskursiyası təşkil olunub
Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi şəxsiyyəti, Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. Və bu gün hər birimiz qürurla söyləyirik ki, müstəqil Azərbaycan dövləti bütün ömrünü xalqına həsr etmiş Heydər Əliyevin şah əsəridir. Bəli, illər ötsə, qərinələr bir-birini əvəz etsə də xalqımız Dahi oğlunu Azərbaycanın tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı hər zaman qoşa çəkiləcəkdir. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
“Heydər Əliyev İli” çərçivəsində 26.05.2023-cü il tarixdə Qazax Rayon İcra Hakimiyyəti, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə “Heydər Əliyev - əsrin lideri və mədəni irsimiz” mövzusunda intellektual yarış keçiriləcəkdir.
Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə keçiriləcək intellektual yarışda 17 komanda üzrə 68 nəfər Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri iştirak edəcəkdir.
Mayın 23-də yarış iştirakçılarının Şəmkir şəhərində “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruğuna və Lüteran kilsəsinə, Tovuz rayonunda Göytəpə yaşayış düşərgəsinə, Qazax rayonunda “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialına və Göyəzən dağına ekskursiyası təşkil olunub.
Ekskursiyada Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nərmin Hüseynzadə, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva və qoruğun əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının müəllim və tələbələri iştirak ediblər.
Ekskursiya zamanı tələbələrə tarixi abidələr barədə ətraflı məlumat verilib. Ulu Öndər Heydər Əliyevin tarixi abidələrimizin, milli-mənəvi dəyərlərimizin qorunması sahəsində gördüyü işlərdən, misilsiz xidmətlərdən söz açılıb.
Tarixi yerlərimizə ekskursiya edən tələbələr həmin ünvanlardan xoş təəssüratla ayrılıblar.
“Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruğuna ekskursiya
Lüteran kilsəsinə ekskursiya
Tovuz rayonunda Göytəpə yaşayış düşərgəsinə ekskursiya
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialına ekskursiya
Göyəzən dağına ekskursiya
GOYEZEN.AZ
Facebook-da paylaş