• Təqvim

  • Maraq



Yeni zirvələrə yol açan güclü partiya


90-cı illərin əvvəllərində Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşdu. SSRİ süqut etdi. Xalqımız uzun illərdən bəri arzusunda olduğu istiqlalına qovuşdu. Lakin bu elə bir təlatümlü dövr idi ki, bir yandan Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsini tələb edən erməni separatçılarının təxribatları, bir yandan Sovet qoşunlarının Bakıda törətdikləri silahlı qırğın, bir yandan da hakimiyyətdə olan AXC- Müsavat cütlüyünün yarıtmazlığı nəticəsində ölkədə yaranmış böhran, xaos artıq müstəqilliyimizi təhlükə qarşısında qoymuşdu. Olduqca çətin bir dövr idi. Həmin vaxt dahi şəxsiyyət Heydər Əliyev Moskvada 20 Yanvar faciəsinin səbəbkarlarına etirazını bildirərək Bakıya qayıtmış, ciddi təqiblərlə üzləşdiyindən Naxçıvana getmişdi. Əsl xilaskarlıq və müstəqilliyin qorunub-saxlanması missiyası da elə burdan başlamışdı. Xalqın istəyi ilə Naxçıvandan Azərbaycan Ali Sovetinə deputat seçilərək siyasi fəaliyyətə başlamalı olmuşdu. Məhz bu ərəfələrdə Naxçıvanı işğaldan qorumuş, böhranlı vəziyyəti aradan qaldırmış, Naxçıvan parlamentinin sessiyasında muxtar respublikanın adından “sovet sosialist” sözlərini çıxarmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aylı ulduzlu bayrağını dövlət bayrağı elan etmiş, 20 Yanvar faciəsinə siyasi qiymət verilməsini təmin etmişdir. Siyasi və mənəvi böhran içərisində boğulan Azərbaycanda isə vəziyyət getdikcə pisləşirdi. Xalqın ümidi, pənah yeri yalnız və yalnız Heydər Əliyev idi. Belə olan təqdirdə minlərlə azərbaycanlının da qoşulmağa hazır olduğu, Azərbaycanın taleyini düşünən insanlar - hələlik isə 91 nəfər ziyalı “Azərbaycan xalqı sizin sözünüzü gözləyir” deyərək ölkəyə rəhbərlik edəcək həqiqi bir liderin Heydər Əliyev olduğunu bəyan etdilər. Onlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü irəli sürürdülər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşirdilər. 

Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Həmin müraciətin cavabı bir neçə gün sonra Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavab olan “Yeni, Müstəqil Azərbaycan uğrunda!” sərlövhəli məktubunda öz əksini tapdı. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” (91 nəfər ziyalının 16 oktyabr 1992-ci il tarixli müraciətə Ulu Öndər Heydər Əliyevin cavabı). Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə Yeni Azərbaycan Partiyası yarandı. 

Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. 

Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “Dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. Bu gün qürurla deyə bilərik ki, YAP Vətəni sevən və xalqına sadiq olan vətəndaşların partiyasıdır. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. 5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Hazırda YAP-ın 773 770 üzvü var.

Yeni Azərbaycan Partiyası həm də qalib partiyadır. Ulu Öndərin qurub yaratdığı və bizlərə əmanət etdiyi müstəqil Azərbaycan beynəlxalq nüfuza malik, güclü və qalib Azərbaycandır. Dünənin, bu günün və sabahın partiyasında biz hələ neçə qalibiyyətlərə, neçə nailiyyətlərə şahidlik edəcək, imza atacağıq. Bu yolda hər birimizə uğurlar!

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş