• Təqvim

  • Unutma

  • Maraq



Azərbaycana qarşı təcavüz siyasəti beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunub


Tarixin son dönəmlərində Azərbaycan torpaqlarında bilərəkdən həyata keçirilən siyasi proseslər nəticəsində sistemli şəkildə ərazilərimiz işğal və ilhaq edilmiş, xalqımıza qarşı etnik təmizləmə və deportasiya siyasəti aparılmış, qonşu ölkələrdən ermənilər kütləvi şəkildə Azərbaycana - xüsusilə Qarabağa köçürülmüşdür. 80-ci illərin sonlarından isə torpaqlarımızın 20 faizi işğala məruz qalmış, soydaşlarımız qaçqın və məcburi köçkünə çevrilmiş, milli-mədəni sərvətlərimiz darmadağın edilmişdir. Bütün bu dövrlər ərzində dünyanın bir sıra beynəlxalq təşkilatları BMT, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar siyasəti haqqında qərar və qətnamələr qəbul etsələr də bunlar hamısı kağız üzərində qalmış, təcavüzkar erməni hökuməti beynəlxalq ictimaiyyətin tələblərini heçə saymışdır. Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu isə bu illər ərzində fəaliyyətsizlik nümayiş etdirərək tərəfsiz vasitəçilik ilə məşğul olmuş, Ermənistanın Azərbaycana təcavüzü haqqında heç bir söz açmamış, sanksiya tətbiq etməmiş, işğalçı ölkəni öz adı ilə çağırmamışdır. Bir sıra beynəlxalq təşkilatlar Azərbaycan Respublikasının müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyərək prinsipial mövqe nümayiş etdirmələrinə baxmayaraq bəzi təşkilatlar hələ də ikili standart nümayiş etdirərək münaqişənin həlli üzrə heç bir şərt qoyulmadan döyüş əməliyyatlarının dayandırılmasını, gərginliyin azaldılmasını və atəşkəsə çağırmaqla Azərbaycanın beynəlxalq hüquqda təsbit olunmuş ərazi hüququnu dəstəkləməkdən çəkinmişdir. Bir sözlə, Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirməsi beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunub. Bu qeyri-müəyyən münasibət isə təbii ki, Ermənistanın işğalçılıq əməliyyatlarını genişləndirməsinə əlverişli şərait yaratmışdır. Ermənilər beynəlxalq birliyin hadisələrə obyektiv reaksiya verməməsindən istifadə edərək yeni təcavüz aktları həyata keçirmiş, Azərbaycanda, o cümlədən Cənubi Qafqazda sülhün bərqərar edilməsinə zərbə vurmuşlar. Lakin Azərbaycan müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun şücaəti ilə beynəlxalq hüququn norma və prinsiplərini özü təmin edərək, Ermənistan ordusunu darmadağın etdi, öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən üzərində möhtəşəm qələbə qazandı. Möhtəşəm Zəfərlə beynəlxalq sülhə töhfə verdi. Təəssüflər olsun ki, məğlub olmasına və kapitulyasiya aktına imza atmasına baxmayaraq Ermənistan hökuməti revanşist siyasətindən əl çəkmir, dəfələrlə Azərbaycana qarşı təxribatlar törətməkdə davam edir. Cari ilin 13 sentyabr tarixində Ermənistan Azərbaycanla dövlət sərhədində yenidən genişmiqyaslı hərbi təxribat törətmiş, Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışlar. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi isə narahatlıq doğurur. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi kağız üzərində qalıb. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qalıb. Bundan sonra da Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyi yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İlkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində iş aparılır. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrin nəqliyyat imkanlarını artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq. 

Bəli, bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan haqq yolundadır. Azərbaycan bütün məsələləri beynəlxalq hüququn norma və prinsipləri üzərindən həll edir. Azərbaycan bu gün ölkədə mövcud olan xalq-iqtidar birliyi ilə inkişaf etməkdədir. Ölkəmizi məşğul edən bir məsələ var - o da işğaldan azad edilmiş ərazilərimizdəki erməni vandalizminin izlərini təmizləmək və bu yerləri cənnətə döndərmək. Ermənistan hərbi xuntası istəsə də, istəməsə də Cənubi Qafqazda sülh bərqərar olmalıdır. Bunu isə Azərbaycan edəcək. Ermənistanın işğalçı rejimi və eyni zamanda onlara havadarlıq edən bəzi üzdəniraq beynəlxalq təşkilatlar bir şeyi dərk etməlidir ki, Azərbaycanın tarixi əraziləri müzakirə mövzusu deyil və olmayacaq. Cənab Prezidentin dediyi kimi, əks halda “Dəmir yumruq yerindədir” .

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş