Prezident İlham Əliyev: “Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”
Cənab Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya
İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı
Qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən prezident və
parlament, 14 apreldə keçirilən prezident (2-ci tur) seçkiləri ilə bağlı
proqram xarakterli olduqca vacib məqamlara toxunmuşdur. Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və
parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti
illərdir keçirilən "məzhəkə oyununun” nəticələrini tanımayıb. Hətta Dağlıq
Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk
qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən
seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə
seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı,
Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu
seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda
adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı. Avropa
Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament
Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən
salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda
"beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir.
Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu
halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq
hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşan bəşəri
və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın
mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi
olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı. Prezident İlham Əliyev daha sonra çıxışına belə davam edib: "Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul
edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə
tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan
mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm
sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır”.
Prezident İlham Əliyev Avropa Şurası ilə münasibətləri xarakterizə edərək,
bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytardıqlarını, indi bu
dünyada bəzi ölkələrdə nələr baş verməsi ilə bağlı Avropa Şurasından bəyanat vermələrini gözlədiklərini qeyd edib. Prezident İlham Əliyev elə Avropa dövlətlərinin özlərində polis
zorakılığının, nümayişçilərə qarşı tətbiq edilən gücün, nümayişçilərin öldürülməsinin,
onların gözlərinin çıxarılmasının, kütləvi surətdə həbslərin, jurnalistlərin
döyülməsinin, həbs edilməsinin müşahidə edildiyini ifadə edib. Açsınlar gözlərini,
baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən
qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti
yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də
heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur
ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda
keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar. Prezident İlham Əliyev nitqinə
davam edərək belə deyib: Mart ayında şouların təşkili
üzrə peşəkar olan (şoumen) Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində
qondarma "prezident və parlament seçkiləri” keçirildi. Həmin "seçkilər” beynəlxalq
ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildi. Dünyanın aparıcı və mötəbər
təşkilatları və bir sıra ölkələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi
bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə etməklə yanaşı, qondarma
"seçkiləri” tanımadıqlarını bildirdilər. Lakin Azərbaycanı tənqid eləmək üçün ən
kiçik fürsətdən belə yararlanmağa çalışan AŞPA Monitorinq Komitəsinin Azərbaycan
üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək qəribə səssizlik
nümayiş etdirdilər. Göründüyü kimi, qərəz və kin yuvası olan AŞPA bir daha mötəbər
olmağı bacarmadı. Qeyd edək ki, qondarma Dağlıq
Qarabağ xunta rejimində prezident və parlament seçkilərinin koronavirus (COVID-19)
pandemiyasının geniş yayıldığı bir zamanda keçirilməsi məsələsi də geniş izah
olunmalıdır. Pandemiya dövründə keçirilən seçkilərdə belə Qərb dövlətləri və
AŞPA səslərini çıxarmadı.Hətta BBC seçkilərlə bağlı xəbərləri "Koronavirusun
ortasında seçkilər” kimi manşetə çıxardaraq bunun bir "cəsarət nümunəsi” kimi təqdim
etməyə çalışdı. Qondarma Dağlıq Qarabağ xunta rejimində prezident və parlament
seçkiləri zamanı insan həyatına bu qədər ucuz dəyər verilməsi, bütün dünya
koronavirus pandemiyasına qarşı ümumi mübarizə edərkən xunta rejiminin
pandemiyaya qarşı gərəkli önləyici tədbirlərin almaması da diqqətdən kənarda
qalmamalı və gündəmə gətirilməlidir. Azərbaycan və Ermənistanın
eyni tarixlərdə Avropa Şurasına üzv olduqlarını və bərabər bir sıra öhdəliklər
götürdüklərini vurğulayan Prezident İlham Əliyev, Ermənistandan fərqli olaraq
Azərbaycanın götürdüyü öhdəliklərə sadiq qalmasına baxmayaraq, bu iki ölkəyə
münasibətdə AŞ-nın ikili standartlarda siyasət həyata keçirdiyini xatırladıb: Azərbaycan 2001-ci il yanvarın
17-də Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan
Avropa Şurası qarşısında bir sıra öhdəliklər götürmüşlər. Həmin öhdəliklərin
biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Xüsusilə
vurğulanmalıdır ki, həmin öhdəliklərin monitorinqini Avropa Şurası həyata
keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin
birbaşa mandatına daxildir. AŞ-dan fərqli olaraq, Azərbaycan hər zaman Avropa
Şurası qarşısında öhdəliklərinə sadiq almışdır. AŞPA-Azərbaycan münasibətlərinə toxunan Prezident İlham Əliyev son
vaxtlar Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana qarşı nifrət
aşıladığını deyib və təbii ki, mahiyyət etibarilə azərbaycanafobiyanı özündə
ehtiva edən mövqeyi diqqətindən yayınmayıb: Prezident İlham Əliyev qeyd edib ki, heç kəsə sirr
deyildir ki, son vaxtlar Avropa Şurası Parlament Assambleyası tamamilə nüfuzdan
düşən bir quruma çevrilib, AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq
yığmağa çalışır və heç kəsə sirr deyil ki, AŞPA-da son illər aparılan müzakirələr
ədalətli deyil, demokratik dəyərlər və insan haqları kobud şəkildə pozulur,
sönük keçir. AŞPA-nın 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda
ümumi sayın 1/3 və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak edir. Məsələn,
AŞPA-nın bu ilin yanvarın sonlarında keçirilən qış sessiyasında Assambleyanın
monitorinq proseduru ilə bağlı tərəqqi hesabatının səsverməsində 69 deputat,
son vaxtlar AŞ-nin əsas müzakirə mövzularından biri olan yeni komplementar
prosedurla bağlı qətnamənin səsverməsində isə 163 deputat iştirak edib. AŞPA-nın fəaliyyətinin bəşəri
dəyərlərlə və beynəlxalq hüququn prinsipləri ilə üst-üstə düşmədiyini, ikili standartlar nümunəsinə
rast gəldiyini qeyd edən Prezident İlham Əliyev belə davam edib: AŞPA ikili standartların ən
geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu
yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20
ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə
qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər. Bu gün biz dünyanın
demokratiyanın beşiyi sayılan ölkələrində Hollivud filmlərini xatırladan polis
qəddarlığının, zorakılığının, insanların polis tərəfindən döyülməsinin, təhqir
edilməsinin, insanların üstünə itlər göndərilməsinin, atlarla əzilməsinin
şahidi oluruq. Lakin Azərbaycanda kiçik bir çırtmaya dərhal reaksiya verən AŞ və
Qərbin bəzi dairələri bu kimi hallara göz yumur və səsini belə çıxarmağa cürət/cəsarət
etmir. Son zamanlarda ABŞ-da kütləvi
etirazların yaşanması probleminə də toxunan Prezident İlham Əliyev problemə
münasibətini belə şərh edib: ABŞ-ın Minneapolis şəhərində
"Nəfəs ala bilmirəm” deyə inildəyən silahsız qaradərili Corc Floydun ölümü ilə əlaqədar
kütləvi iğtişaşlar səngimək bilmir. Həmin səhnələrə baxdıqda məşhur Hollivud
filmləri olan "Qara cəngavərin yüksəlişi” və "Coker” filmləri insanın gözü
qarşısında keçir. Heç kimə sirr deyildir ki, ABŞ-da qaradərililərə qarşı
sistematik hal almış ayrı-seçkilik mövcuddur. Mayın 26-dan başlamış iğtişaşlar
zamanı 11 mindən çox insan həbs olunmuş, 16-dan çox insan həyatını itirmişdir.
Hadisələr zamanı internetdə jurnalistlərin xəsarət alması ilə bağlı da kifayət
qədər materiallar mövcuddur. Aksiyalar zamanı biz habelə lüzumsuz yerə hədsiz dərəcədə
güc tətbiqinin də şahidi olduq. Lakin ölkəmizi tənqid etməyə vərdiş eləmiş qüvvələr
nədənsə həmin hadisələri görməzdən gəlirlər. AŞPA və ATƏT-in Azərbaycana yönəlik haqsız siyasətini qiymətləndirən
Prezident İlham Əliyev belə deyib: AŞPA və ATƏT-in müvafiq strukturları heç cür azərbaycanafobiya
halını almış Azərbaycana qarşı antipatiyasını gizlədə bilmir. Bunun əsas səbəblərindən
biri yəqin ki hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır. Görünür AŞPA-da
bəziləri bu qurumu sırf "xristian klubu” kimi görmək istəyindədirlər. "Beyin
iflici” keçirən Qərbin özünün məhsulu olan Suriya və Liviyadakı vəziyyətdən
sonra yaranmış miqrasiya problemi zamanı islamofobiyanı aydın şəkildə sezmək
mümkündür. Prezident İlham Əliyev AŞPA-nın Azərbaycana yönəlik
siyasətində siyasi məhbuslar məsələsinin haqsız və əsassız olaraq hər zaman
gündəliyə gətirməsi məsələsinə də münasibət bildirib: Azərbaycana qarşı AŞPA-da antipatiyanın daha da
güclənməsinin səbəblərindən biri şübhəsiz ki 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda
siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsi
dayanır. Bu məğlubiyyətdən sonra anti-Azərbaycan qüvvələri daha da
quduzlaşdılar. Revanş hissi ilə yaşayan həmin qüvvələr ilk növbədə ölkəmizdə
keçirilən mühüm tədbirlər ərəfəsində Azərbaycanı qaralamağa başladılar. Bunun
kampaniya olduğu və kimlərsə tərəfindən idarə edildiyi aydın şəkildə dərhal
sezilirdi. Ölkəmizə qarşı ciddi nəsə edə bilməyən qüvvələr
mifik "Azərbaycan landromatı” söhbətini ortaya atdılar. Bir anlıq təsəvvür edək
ki, guya bu iddialar doğrudur. Onda belə çıxır ki, AŞPA-da olan deputatlar,
siyasətçilər pula satılmış prinsipsiz və əqidəsiz tülüngülərdir. Bəs onda bu
satılmış siyasətçi və deputatlar hansı əsasla insan hüquqları və dəyərlərdən
danışırlar?! AŞPA-nın cari ilin 9 fevral
tarixində keçirilən parlament seçkiləri ilə bağlı qərəzli və ədalətsiz münasibəti
də Prezident İlham Əliyevin nitqində yer alıb: AŞPA-nın Azərbaycanda keçirilmiş parlament seçkilərinə
münasibəti qəbuledilməz idi. Bütün seçki prosesini, atılan addımları, tərəqqini
kənara qoyaraq diqqəti bir neçə nəfərin üzərinə cəmləmək və Azərbaycana qarşı
iftiralar atmaq sırf qərəzdən xəbər verir. Bu mənada, 2020-ci il yanvarın 30-da
AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş qətnamənin məzmunu bir yana, vaxtı da
suallar doğurdu. AŞPA-nın seçkiyə az qalmış belə bir destruktiv addım atması
onun sadəcə siyasi cəhətdən yetişməməsinin bariz nümunəsidir. Sual olunur. AŞPA
Azərbaycanı məgər bu qədər çox sevir? AŞPA-nın bu qədər Azərbaycana canı yanır? AŞPA-Azərbaycan münasibətlərini təhlil edən
Prezident İlham Əliyev qurumun təməlini təşkil edən bəşəri demokratik dəyərlərin
qurumun özü tərəfindən heç də bəşəri qəbul edilmədiyini göstərməsi baxımından
maraqlı müqayisə aparıb: Əgər belədirsə, AŞPA nə üçün Azərbaycan ərazilərinin
işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüzminlərlə azərbaycanlının
taleyinə biganə qalır. AŞPA-da 2005-ci ildə qəbul edilmiş "ATƏT-in Minsk
Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı
1416 (2005) saylı qətnamə çox yüksək əhəmiyyətə malik sənəddir. Bu sənəddən irəli
gələrək, yaradılmılş Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə
heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmışdır. Bu
xüsusda, AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin
və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq.
Azərbaycanda məişət zəminində baş vermiş ürək getməsinə belə reaksiya verən
AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya
vermir. Prezident İlham Əliyev qondarma Dağlıq Qarabağ
xunta rejimində əsirlikdə olan iki mülki Azərbaycan vətəndaşının - Dilqəm Əsgərov
və Şahbaz Quliyevin hələ də qanunsuz olaraq xunta rejimində həbsdə
saxlanılmasına aidiyyəti qurumların səssiz qalmasına münasibət bildirib: AŞPA azərbaycanlıları sevirsə, niyə indiyədək
hazırda Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər
Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı
kiçik də olsa bir fikir səsləndirmirlər. Axı onlar da insandırlar və onların
işgəncə altında da saxlanıldığı heç kimə sirr deyil. AŞPA-da Ermənistan nümayəndə heyətinin üzvlərinin
Azərbaycana qarşı qərəzli mövqeyinə, faşistlərlə əməkdaşlıq etmiş Qareqin
Njdenin İrəvanda heykəlinin qoyulmasına bu qurumun münasibət bildirilməməsi məsələsinə
toxunan Prezident İlham Əliyev çıxışına belə davam edib: AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvləri
zaman-zaman Azərbaycana qarşı nifrət dolu çıxışlar edir, ölkəmizi tamamilə qəbulolunmaz
formada ittiham edirlər. Məsələn, AŞPA-nın 2020-ci ilin yanvarında keçirilmiş
qış sessiyasında Qaregin Njdeyə kimi əli günahsız insanların qanına batmış və
faşistlərlə əməkdaşlıq etmiş Ermənistanın bir deputatı Azərbaycanı faşizm ilə əlaqələndirmişdir.
Təəssüf ki, bu kimi hallarda AŞPA rəhbərliyi tərəfindən məsələyə adekvat
reaksiya verilmir. AŞPA kimin tərəfindədir? Faşistlərlə əməkdaşlıq etmiş
Qaregin Njdeni dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın, yoxsa mədəniyyətlərarası
və dinlərarası dialoqu özünün xarici siyasətinin əsas prioritetlərindən birinə
çevirmiş Azərbaycanın?! Utanmasan, oynamağa nə var ki? Gör kim kimə faşist
deyir? Sanki qədim Azərbaycan şəhərini həyasızcasına özününküləşdirmiş İrəvan şəhərində
faşistə abidəni də Azərbaycan qoyub. AŞPA-nın qərəzli, ədalətsiz və beynəlxalq hüququ nəzərə
almadan qarayaxma kampaniyasının Azərbaycanın siyasi iradəsindən döndərə bilməyəcəyini,
doğru və qanuni bildiyi yoldan uzaqlaşdırmayacağını qeyd edən Prezident İlham
Əliyev deyib: AŞPA-da bəziləri Ermənistan, erməni lobbisi və
islamofobların apardıqları qatı anti-Azərbaycan kampaniyası ilə ölkəmizi öz
yolundan döndərmək mümkünsüzdür. Azərbaycanda siyasi məhbuslarla bağlı qəbul
edilmiş son qətnamə heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin Azərbaycan
üçün dəyəri bir kağız parçasından artıq deyil. Azərbaycan orada səslənən
uydurma ittihamların heç birini qəbul etmir. Azərbaycanla hədə, şantaj dilində
danışmaq olmaz. Azərbaycan AŞPA-nın qərəzli qətnamələrinin heç birini icra etməyəcəkdir.
AŞPA isə bundan sonra da Azərbaycanla bütün körpüləri yandırmaq siyasətini
davam etdirmək istəyirsə, bu onun öz seçimidir. Azərbaycanın müstəqilliyini bərpa
etməsindən sonra iqtisadi, siyasi uğurlar qazandığını, pandemiya dövründə qəbul
etdiyi doğru qərarlar və istər vətəndaşlarına, istərsə də digər dövlətlərə göstərdiyi
humanitar yardımlar və başqa tərəqqiləri göstərmək baxımından aşağıdakı abzas
xüsusi əhəmiyyət daşıyır. 30 ilə yaxındır ki, Azərbaycan müstəqillik əldə
edib və bu dövr ərzində ölkəmiz kifayət qədər uğurlar qazanıb. Hamının
qarşısında aciz qaldığı COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan əhəmiyyətli
töhfə verib. Multilateralizmin can verdiyi bir şəraitdə Azərbaycan çoxtərəfli
diplomatiyanın vacibliyini və zəruriliyini uzunmüddətli müstəqillik tarixi olan
dövlətlərə nümayiş etdirə bildi. Pandemiya dövründə belə Azərbaycanı ağ-qara
ekrandan izləməyə vərdiş edən AŞPA və Qərbin bəzi dairələrinin bir daha qərəzinin
canlı şahidi olduq. Prezident İlham Əliyev şəxsi təşəbbüsü
ilə pandemiya dövründə keçirilən Türk Şurasının və Qoşulmama Hərəkatının fövqəladə
zirvə görüşləri, bu görüşlərin nəticələri barədə danışıb və çıxışında bu məsələlərə
də yer verib. Bu məsələlər də geniş şəkildə gündəmə gətirilməlidir. Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü
ilə aprelin 10-da Türk Şurasının və mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə
zirvə görüşləri keçirilib. Qeyd olunmalıdır ki, Türk Şurası dünya miqyasında
ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19
pandemiyasına həsr olunan Zirvə görüşünü keçirib. Qoşulmama Hərəkatının zirvə
görüşündə dünyanın dörd bir yanından 40-dan çox ölkənin dövlət və hökumət
başçıları və xarici işlər nazirləri iştirak ediblər ki, bu da bir daha ölkəmizə
və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir. Eyni
zamanda, Azərbaycan pandemiya dövründə 30-dan çox beynəlxalq təşkilata və dövlətə
maliyyə və humanitar yardım edib. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Xəzər
hövzəsindəki enerji resurslarının dünya bazarlarına çıxarılması, Avropanın
enerji tələbatının qarşılanmasında mühüm yerə sahib olması, həyata keçirdiyi
beynəlxalq infrastruktur layihələri olduqca əhəmiyyətlidir. Bu baxımdan
aşağıdakı məsələlər gündəmə gətirilməlidir. Azərbaycan dünyada artıq "orta miqyaslı” (middle
power) ölkə kimi tanınır. Ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan
apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən
dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə
mühüm töhfə verir. Eyni zamanda, uğurlu regional enerji və infrastruktur layihələri
ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinə və davamlı
inkişafına töhfə verir. Azərbaycan Rusiya və NATO arasında dialoqun
aparılmasında dəfələrlə vasitəçi kimi çıxış etmişdir. Bütün bunlar ölkəmizin
nüfuzundan xəbər verir ki, bu da öz növbəsində azərbaycanafobiya qüvvələri
narahat etməyə bilməz.
Facebook-da paylaş