• Təqvim

  • Maraq



120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə olan böyük hörmət və etimadın göstəricisidir


İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı oldu.

Konfransda səslənən fikirlərdən də aydın şəkildə görmək olur ki, Qoşulmama Hərəkatı üzvləri təşkilatın 2019-2022-ci illərdə sədri olan Azərbaycan Prezidentinin pandemiya ilə mübarizə üçün təqdim etdiyi təşəbbüsləri yüksək qiymətləndirir.

Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Azərbaycanın səyləri təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir. Təşəbbüsümüzlə hazırlanmış ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı məlumat bazası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən geniş istifadə olunmuşdur.

Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərildi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə olunub və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır.

Ölkəmiz üzv olduğu hər bir təşkilatda daim öz fəallığı ilə seçilir. Ölkəmiz BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olmasına baxmayaraq, fəaliyyətinin ilk günlərindən başlayaraq həmrəylik, qarşılıqlı əməkdaşlıq, eyni zamanda, Bandunq prinsiplərinin təşviqinə töhfəsini verməyə çalışıb. Bandunq prinsipləri ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi Azərbaycan tərəfindən qəbul edilir. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı.

Azərbaycan davamlı olaraq təşəbbüslər göstərir. Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunan və iştirak edən Azərbaycanın bu təşkilata sədrlik etməsinin əsas səbəblərindən biri də elə bu idi. Qoşulmama Hərəkatına sədrliyimizin üzv ölkələrin qərarı ilə 2023-cü ilin axırına kimi uzadılması ölkəmizə göstərilən böyük hörmət və fəaliyyətimizə verilən yüksək qiymətdir.

Azərbaycan peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri idi. Pandemiyanın ilk günləri və aylarında bəzi zəngin ölkələr onlara lazım olduğundan ola bilsin üç və ya dörd dəfə çox peyvəndləri tədarük edir və bununla da digər ölkələri peyvəndlərə çıxışdan məhrum edirdi. Digər ölkələrin çıxılmaz vəziyyətdə olduğu bir vaxtda zəngin ölkələr peyvəndlərin mütləq əksəriyyətindən istifadə edirdi. Buna görə də peyvənd millətçiliyinə qarşı mübarizəmiz Beynəlxalq Millətlər Təşkilatı tərəfindən də dəstəklənmişdir.

Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi.

Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa davam edəcək.

Səidə QOCAYEVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi



Facebook-da paylaş