• Təqvim

  • Unutma

  • Maraq



Qazax Dövlət Rəsm Qalereyasında Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir və rəsm sərgisi keçirilib

Xocalı faciəsinin törədilməsindən 28 il ötür. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da faciə ilə bağlı silsilə tədbirlər keçirilir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın hazırlanması haqqında 13 fevral 2020-ci il tarixli 9-21/18 nömrəli Sərəncam imzalayıb. Sərəncama əsasən Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq rayonda fəaliyyət göstərən idarə və təşkilatlarda, eləcə də təhsil, səhiyyə və mədəniyyət müəssisələrində anım tədbirləri təşkil edilir.

Qazax Dövlət Rəsm Qalereyasında da Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir və rəsm sərgisi keçirilib.

Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, idarənin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov, mədəniyyət işçiləri, dərnək üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak  ediblər.

Məktəblilərin də iştirak etdiyi tədbirdə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qazax Dövlət Rəsm Qalereyasının müdiri Münəvvər Xəlilova çıxış edərək faciənin yaranma səbəblərindən, hadisəni törədənlərin vəhşiliklərindən danışıb. Xalqımızın qan yaddaşına silinməz izlərlə yazılan Xocalı faciəsinin bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş bir faciə olduğunu diqqətə çatdırıb.

 

Daha sonra çıxış edənlər ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilən vəhşiliyin təkcə azərbaycanlılara deyil, insanlığa qarşı törədilən qatı cinayət olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Bu müdhiş soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Bildirilib ki, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımlar atılır. Bu sahədə məqsədyönlü fəaliyyətə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıldığı, Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyi, fevralın 26-nın Xocalı Soyqırımı Günü elan edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. 

Tədbirdə rəsm dərnəyinin üzvlərinin mövzuya həsr olunmuş əsərləri nümayiş olunub və tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Məktəblilər faciəyə həsr olunmuş şeirlər səsləndiriblər.













 

GOYEZEN.AZ



Facebook-da paylaş