• Təqvim

  • Maraq



İcra başçısı Daş Salahlı kənd sakinlərinin su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərlə yerində tanış olub


Bu gün heç kəsə sirr deyil ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğı dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətini təşkil edir. Son illər ölkə rəhbərinin vətəndaşlarla bağlı apardığı uğurlu dövlət siyasətinin və görülən işlərin təməlində də vətəndaş məmnunluğu dayanır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlər, atılan addımlar, icra olunan layihələr bir daha onu göstərir ki, dövlət hər zaman öz vətəndaşının yanında olmağı əsas götürür. Ölkə başçısının verdiyi tapşırıq və tövsiyələr vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir. 

Ötən yazımızda Qazax rayonunun ən böyük kəndlərindən olan, 10 mindən çox əhalinin yaşadığı Daş Salahlı kəndində sakinlərin su təminatının yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülməsi barədə məlumat vermişdik. Abbasbəyli kəndində yerləşən Coğazçay su anbarından Daş Salahlı kəndinə gələn köhnə dəmir borular istismar müddətini başa vurduğu üçün kənd əhalisinin məişət suyu ilə təminatında müəyyən çətinliklər yaratması, bu səbəbdən Daş Salahlı Bələdiyyəsi tərəfindən sözügedən dəmir boruların yeni polietlin borularla əvəzlənməsi barədə qeyd etmişdik. Belə ki, köhnə dəmir boruların əvəzinə diametri 315 mm olan 500 paqonmetr uzunluğunda yeni polietilen borular çəkilib. Qazax Rayon Suvarma Sistemləri İdarəsinin və 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinin əməkdaşları da işlərə cəlb olunmaqla artıq bu sahədə işlər yekunlaşıb. 


Avqustun 29-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Abbasbəyli kəndində olub, görülmüş işlərlə yerində maraqlanıb. İşlərlə yerində tanış olan rayon rəhbəri aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Daş Salahlı kəndində su təminatının yaxşılaşdırılması istiqamətində görülən işləri kənd sakinləri də razılıqla qarşılayır. Sakinlər onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Rayonda bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsinə, qaldırdıqları məsələlərin həlli istiqamətində görülmüş işlərə görə rayon rəhbərliyinə razılıqlarını ifadə edirlər.



Facebook-da paylaş