• Təqvim

  • Unutma

  • Maraq



“Qazax Müalicə Diaqnostika Mərkəzi” PHŞ-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib


Mayın 8-də “Heydər Əliyev İli” çərçivəsində “Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, “Qazax Müalicə Diaqnostika Mərkəzi” PHŞ-in kollektivi, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidovun köməkçisi Akif Əmirov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının entoqrafiyası” şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin sədri, t.e.d. türkoloq Güllü Yoloğlu, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Sevda Məmmədova və başqaları iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda olub, abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Ümummilli Liderin adını daşıyan Mərkəzi ziyarət edərək həyat və fəaliyyəti ilə yaxından tanış olublar. 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə baxıblar.

Mərkəzin konfrans zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 


Sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, dahi şəxsiyyət Heydər Əliyev haqqında ürək sözlərini bölüşüb. İcra başçısı Ulu Öndərin Azərbaycanda fəaliyyətdə olduğu bütün dövrlərdə yalnız və yalnız xalqına ləyaqətlə, sədaqətlə xidmət etdiyini, xalqının rifahı, ölkənin milli maraqları üçün misilsiz xidmətlər göstərdiyini bildirib. Rayon rəhbəri Heydər Əliyevin dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan olduğunu qeyd edərək xalqımızın böyük oğlunu hər zaman hörmət və ehtiramla yad etdiyini söyləyib. İcra başçısı Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini – 1969-1982, 1982-1987, 1990-1993, 1993-2003-cü illəri əhatə edən dövrlərini xüsusilə vurğulayaraq həmin illərdə Ümummilli Liderin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə uğurlu nailiyyətlərin əldə edildiyini, hər bir ilin dahi rəhbərin adı ilə bağlı olduğunu qeyd edib. İcra başçısı Ümummilli Liderin həyata keçirdiyi siyasətin ölkəmizdə bütün sahələri, o cümlədən səhiyyə sahəsini canlandırdığını diqqətə çatdırıb. Bildirib ki, görkəmli siyasi xadimin xüsusi nəzər yetirdiyi sahələrdən biri insanların sağlamlığı, tibb işçilərinin peşəkarlığının artırılması, insanlara keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi idi. Bütün ömrü boyu xalqının əmin-amanlığı naminə yorulmadan çalışan dahi lider səhiyyənin inkişafına zəmin yaradan islahatlar həyata keçirdi. Ümummilli Liderin hakimiyyəti illərində mövcud səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsi, yüksək potensiallı tibb kadrlarının hazırlanması işlərinə xüsusi diqqət yetirildi. Onun düşünülmüş və gələcəyə hesablanmış addımlarının nəticələri qısa zamanda özünü göstərməyə başladı. Əminliklə demək olar ki, müasir səhiyyənin inkişafı məhz Ulu Öndərin vaxtilə vəziyyəti düzgün dəyərləndirib situasiyanı xeyrimizə dəyişmək üçün verdiyi doğru qərarların məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyevin miras qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi səhiyyə sisteminin daha da təkmilləşdirilməsinə, əhaliyə daha yüksəkkeyfiyyətli xidmətlərin göstərilməsinə səbəb olub.


“Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Kamandar İbrahimov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, dahi şəxsiyyətin 100 illik yubileyinə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. K.İbrahimov bildirib ki, Azərbaycanın rəhbərliyi dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Yüksək siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim öndə çəkmiş, respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. K.İbrahimov qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə ölkənin səhiyyə sistemində görülən işlərdən biri səhiyyənin hüquq-normativ bazasının təkmilləşdirilməsidir. Ulu Öndər hər zaman səhiyyənin cəmiyyətimizdə ən mühüm sahə olduğunu qeyd edir və onu yüksək qiymətləndirərək deyirdi: ”Səhiyyə hər bir insan üçün çox vacib bir sahədir. Özünü tibb, səhiyyə işinə, insanların sağlamlığının keşiyində durmaq işinə həsr edən adamlar həqiqətən çox yüksək hörmət və ehtirama layiq olan insanlardır”.


Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov çıxış edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. A.Əmirov vurğulayıb ki, Heydər Əliyev çətin dövrlərdə Azərbaycanın daxili siyasətinin formalaşması ilə yanaşı, xarici siyasətinin gücləndirilməsinə, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına xüsusi diqqət ayırırdı. A.Əmirov bildirib ki, Respublika Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilmişdir. Respublika Prezidenti İlham Əliyevin "Heydər Əliyev İli" çərçivəsində Tədbirlər Planını təsdiq etməsi haqqındakı sərəncamı Azərbaycanın müstəqillik tarixinin qüdrətli yaradıcısı və müstəqil Azərbaycan dövlətinin böyük qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin parlaq irsinin öyrənilməsi və müstəqil Azərbaycan Respublikasının çiçəklənməsi yolunda xidmətlərinin əhatəli şəkildə xalqımıza çatdırılmasında mühüm əhəmiyyətə malik dövlət sənədidir. "Heydər Əliyev İli" müstəqil Azərbaycan dövlətinin keçdiyi şərəfli və məsuliyyətli inkişaf yolunun, əldə etdiyi nailiyyətlərin möhtəşəm hesabatı ilidir. "Heydər Əliyev İli" - Azərbaycan Respublikasında hər bir dövlət qurumunun, bütün vətəndaşların Ümummilli Liderin idealları qarşısında, müstəqil dövlətimiz qarşısında mənəvi-siyasi borcunu qürurla yerinə yetirməsi ilidir. Qarşıda daha böyük nailiyyətlərimiz olacaq. Əminəm ki, Heydər Əliyevin nəhəng Azərbaycan arzusu gərçəkləşəcək, çünki, niyyətimiz təmizdir, xalqımız müdrikdir. Ordumuz güclüdür, Prezidentimizin isə dəmir iradəsi, möhkəm intellekti, imzası qədər qüvvətli olan sözü və bunları reallığa çevirmək üçün zəruri olan bütün şəxsiyyətləri var. 


YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, xalqımızın böyük oğlu Heydər Əliyev haqqında ürək sözlərini bölüşüb. A.Nəbiyev 2023-cü ilin xalqımız üçün əlamətdar bir il olduğunu bildirib. Natiq çıxışında Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycanın deyil, bütün türk dünyasının dahi lideri, şəxsiyyəti olduğunu söyləyib. Ulu Öndər Heydər Əliyevin ilahi arzularının ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında günbəgün reallaşdığını, gerçəkliyə çevrildiyini söyləyib. 


 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının entoqrafiyası” şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin sədri, t.e.d. türkoloq Güllü Yoloğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirə dəvətə görə razılığını ifadə edib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti naminə gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, misilsiz xidmətlərdən söz açan G.Yoloğlu dahi şəxsiyyətin ömür yolunun hər kəs üçün bir məktəb olduğunu bildirib. Ulu Öndərin ideyalarının, əsasını qoyduğu uğurlu dövlət siyasətinin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdiriləcəyini, müstəqil Azərbaycanımızın daha böyük uğurlara imza atacağını qeyd edib. 


“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim-ümumi cərrah Cəbrayıl Vəlizadə çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti və müstəqil Azərbaycan dövlətinin memarıdır. Qeyd edib ki, Ulu Öndərin yenidən hakimiyyətə qaydışı Azərbaycanı parçalanmaq, dağılmaq təhlükəsizdən xilas etdi. Ölkəmizdə rifahın, tərəqqinin əsası qoyuldu. Təsadüfi deyil ki, Ulu Öndər səhiyyə sektorunun inkişafına xüsusi önəm verirdi və bunu əsas prioritet istiqamətlərdən birinə çevirmişdi. Ümummilli Lider Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar tədbirlər kompleksinə - köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, əhalinin kütləvi dispanser qeydiyyatından keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından başladı. Ulu Öndər hər zaman tibb işçilərinə böyük qayğı göstərmiş və çıxışlarında həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vuğulayırdı. Məhz onun ölkəyə rəhbərliyi dövründə müasir səhiyyə ocaqlarının istifadəyə verilməsinə başlandı. Nəinki paytaxt Bakıda, ən ucqar regionlarda, kəndlərdə belə ən müasir tibbi mərkəzlər yaradıldı ki, bu mərkəzlərdə tibb işçilərinin fəaliyyəti üçün geniş imkanlar vardı. Ölməz liderin elm, təhsil və səhiyyə sistemlərindəki müstəsna xidmətlərindən danışarkən xatırlatmaq lazımdır ki, XX əsrin son onilliklərində tibb üzrə xarici mütəxəssislərin, alimlərin  Azərbaycana gəlişi, yerli mütəxəssislərlə körpülərin qurulması, eləcə də tibb elmi və tibb təhsili ilə bağlı inkişaf strategiyası birmənalı şəkildə Heydər Əliyevin adı ilə bağlıdır. Elmi tarixə ekskursiya edərkən görürük ki,  Səhiyyə nazirliyinə bağlı elmi tədqiqat institutlarının dayanıqlı  inkişafı da məhz  həmin illərdən başlayır. Həmin dövrdə çoxlu sayda səhiyyə mərkəzlərinin, xəstəxanaların, tibb müəssisələrinin yaradılmasına ayrılan diqqətlə bərabər yeni nəslin, doğulan körpələrin, doğum evlərinin qayğı ilə əhatə olunması xalqımızın qarşısında ən böyük xidmətlərdən biridir. Məhz zəngin təcrübəsi və dünyagörüşü sayəsində Ulu Öndər Azərbaycan naminə mümkünsüz sayılan ən çətin layihələri  həyata keçirməyə müvəffəq oldu. Nəticədə stabil, inkişaf edən və beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və rolu olan bir dövlətin əsası qoyuldu. Qeyd etmək lazımdır ki, Ümummilli Liderin başladığı inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, ən müasir avadanlıqlarla təchizatı səhiyyəmizin yüksəlişinin təzahürləridir. Bu sahədə qəbul edilən dövlət proqramları gələcək nəslin sağlam inkişafına bir töhfədir. Prezident insan sağlamlığını cəmiyyətimizin sərvəti hesab etməklə yanaşı, Azərbaycan səhiyyə sistemində aparılan islahatlara da yüksək dəyər verir. Ulu Öndərin diqqət yetirdiyi ən vacib məsələ - insanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi bu gün də dövlət başçısı İlham Əliyevin daim nəzarətindədir.


“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim-terapevt Elxan Bayramov çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşdığını, bu sahənin cəmiyyət həyatında həlledici rol oynadığını dəfələrlə vurğuladığını bildirib. Ümummilli Liderin səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm, prioritet sahə kimi qiymətləndirərək söylədiyi “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir” fikirlərini bu gün hər bir tibb işçisinin yaxşı xatırladığını söyləyib. Qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk dövrdən rayonlarda, xüsusən ucqar dağlıq və dağətəyi bölgələrdə səhiyyənin inkişafına xüsusi diqqət yetirilirdi. Ötən əsrin 70-ci illərinin əvvəllərində həmin rayonlarda ixtisaslı həkimlərin, xüsusən kardioloq, onkoloq, ginekoloq, nevropatoloq, sanitar həkim və epidemioloqların, orta ixtisas təhsilli tibb işçilərinin və şəfqət bacılarının çatışmazlığı kəskin hiss olunurdu. Bu problemin həlli üçün, ilk növbədə, tibbi profilli ali və orta ixtisas məktəblərinə  tələbə qəbulunun sayı artırıldı, ucqar yaşayış məntəqələrindən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Məhz bu kompleks tədbirlər sayəsində bölgələrin səhiyyə müəssisələrində kadr çatışmazlığı aradan qaldırıldı. Uzaqgörən dövlət xadimi olan Heydər Əliyev ölkəmizə birinci rəhbərliyi dövründə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Keçən əsrin 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların keçirilməsini təşkil edən Ulu Öndər ölkəmizin səhiyyə işçilərinin, tibb alimlərinin beynəlxalq arenaya çıxmalarına şərait yaratdı. Həmin dövrdən Ulu Öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş sovetlər ittifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşələr və ixtisaslar üzrə təhsil almağa göndərildi. Bu, gələcəyin kadr hazırlığının təmininə istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. İndi Azərbaycanın milli tibbi kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş dövlətlərinin məşhur səhiyyə müəssisələrində uğurla fəaliyyət göstərirlər. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də uğurlara yeni vüsət verib. Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Tam əminliklə demək olar ki, əbədiyaşar liderimiz Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözləyir.


“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim-Sığortanın təşkili şöbəsinin bölmə müdiri Leyla Nəsibova çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev özünün zəngin həyat yolu və çoxşaxəli fəaliyyəti ilə yalnız adını tarixə yazmayıb. O, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi tarixini, Azərbaycanın müxtəlif sferalarının, o cümlədən səhiyyənin inkişaf tarixini yazıb. 1993-cü il iyunun 15-də müstəqillik yolu ilə addımlayan xalqının köməyinə gələn Heydər Əliyevin əzmkarlığı, xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. Ulu Öndər Azərbaycanda hər bir sahənin inkişafı üçün mühüm təşəbbüslə çıxış edirdi, amma heç şübhəsiz ki, onun üçün əsas məsələ – əhalinin sağlamlığının qorunması, tibbi xidmətin yüksək səviyyədə təşkili, Azərbaycan xalqının demoqrafik göstəricilərinin yaxşılaşması idi. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında” və sair qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı. Ulu Öndərin rəhbərliyi ilə bu sahədə 15-dən çox qanunun qəbul edilməsi səhiyyəmizin müasir tələblər səviyyəsində yenilənməsinə, həm də insanların sağlamlıqlarının etibarlı şəkildə qorunmasına xidmət edir. 1918-ci il iyunun 17-də Şərqdə ilk demokratik ölkə olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təşkil edilən Səhiyyə Nazirliyinin yaranma tarixi şərəfinə 17 iyun günü 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan tibb işçilərinin peşə bayramı günü elan edildi. Həmin il peşə bayramı ərəfəsində Ulu Öndər Heydər Əliyevin tibb işçilərinə göndərdiyi ilk təbrik məktubunda deyilirdi: “Tibbin insan cəmiyyəti ilə yaşıd olan bir tarixi var və siz də bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə – insanların sağlamlığının qorunması işinə həsr etmisiniz”. Biz səhiyyə işçiləri də əminliklə deyə bilərik ki, Azərbaycan xalqının hər bir nümayəndəsinin sağlamlığının qorunması, xalqımızın demoqrafik göstəricilərinin yaxşılaşması hər zaman xalqımıza böyük məhəbbətlə, sədaqətlə xidmət edən Ulu Öndərin amallarına sadiq olan müasir Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Ölkəmizdə bu gün həyata keçirilən Dövlət Proqramları, genişmiqyaslı tədbirlər xəstəliklərin profiliaktikasına, əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına göstərdiyi qayğının parlaq təzahürüdür.


“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim-kardioloq Nigar Dəmirçiyeva çıxış edərək bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində onun Azərbaycan Respublikasının tarixində, bugünkü mövcudluğunda, ictimai–siyasi həyatın müxtəlif sahələrində, o cümlədən səhiyyə sahəsinin inkişafı, onun yenidən qurulmasındakı xidmətlərini bir daha qeyd etmək hər birimizin borcudur. Ulu Öndər üçün ən vacib sahələrdən biri məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. O, ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini respublikaya cəlb etməyə, onların yerli mütəxəssislərlə əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışırdı. Bununla da dahi rəhbər respublika səhiyyəsində mövcud olan durğunluğun aradan qaldırılmasına səy göstərirdi və buna müvəffəqiyyətlə nail olurdu. 1969-cu ilin dekabrında Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyası Onun təşəbbüsü ilə məhz həmin gələcək nailiyyətlərin bünövrəsində dayanan Sağlamlıq Məcəlləsi adlı sənədi qəbul etdi. 1970–ci ildə Ümumdünya Səhiyyə Təşkilatının regionlararası seminarının, 2 il sonra isə Beynəlxalq Tibbi Avadanlıqlar Sərgisinin məhz Bakıda keçirilməsi respublikamızın bu sahədə artan rolundan xəbər verirdi. Sonralar ölkəmizin bu cür tədbirlərə ev sahibliyi etməsi artıq ənənəvi hal aldı. Bu kimi tədbirlərin Bakıda keçirilməsini təşkil edən Ümummilli Lider ölkəmizin səhiyyə sahəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasa çıxmasına, bütün sahələrdə olduğu kimi bu sahələrin də dayanıqlı və sabit inkişafının təmininə əlverişli şərait yaradırdı. 2000-ci ildə Heydər Əliyevin göstərişi ilə Azərbaycan Tibb Universitetinin nəzdində strateji əhəmiyyət daşıyan hərbi-tibb fakültəsi yaradıldı. 2020-ci ildə Vətən müharibəsi zamanı həmin fakültənin məzunları olan qəhrəman həkimlərimiz yüzlərlə əsgərin həyatını xilas etdiyinin şahidi olduq. Bu gün Azərbaycan səhiyyəsi Ulu Öndərin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində inkişaf yolundadır. Vətəndaşların sağlamlığına göstərilən qayğı Azərbaycanın həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır.

GOYEZEN.AZ



Facebook-da paylaş