• Təqvim

  • Maraq



Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində “Milli ideologiyamızın formalaşmasında və mənəvi dəyərlərimizin təbliğində Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib


Mayın 6-da Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Dünya Türkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Milli ideologiyamızın formalaşmasında və mənəvi dəyərlərimizin təbliğində Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. 

“Heydər Əliyev İli” çərçivəsində keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının entoqrafiyası” şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin sədri, t.e.d. türkoloq Güllü Yoloğlu, Bakı Dövlət Universitetinin Qazax filialının müəllim və tələbələri, rayonun ümumtəhsil məktəblərinin direktorları və müəllimlər iştirak ediblər. 


Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılmış memorial abidə kompleksini ziyarət edib, əbədi məşəl önünə gül dəstələri düzərək bütün şəhidlərimizin unudulmaz xatirəsini hörmət və ehtiramla anıblar.


Tədbirdə Dünya Türkologiya Mərkəzinin sədri, t.e.d. türkoloq Güllü Yoloğlunun ssenarisi əsasında çəkilmiş "Heydər Əliyev və Dədə Qorqud" sənədli filmindən fraqment təqdim olunub. 


Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində baş məsləhətçi Yeganə Göyüşlü tədbiri giriş sözü ilə açaraq ADA Universitetinin rəhbərliyi tərəfindən bərpa olunaraq yenidən həyat verilən Qazax Müəllimlər Seminariyasında qonaqları salamlamaqdan qürur duyduğunu bildirib. Y.Göyüşlü Ulu Öndərin təhsil sisteminin inkişafına verdiyi töhfədən, təhsil tariximizə olan diqqət və ehtiramından danışıb. Qeyd edib ki, Ümummilli Lider Qazax Müəllimlər Seminariyasının açılması üçün var qüvvələri ilə çalışmış Firidun bəy Köçərli və silahdaşlarının əməyini fədakarlıq və əsl vətənpərvərlik adlandırmış, Seminariyanın fəaliyyətinə yüksək qiymət verərək onun Azərbaycan təhsil tarixində xüsusi yerini, bu Seminariyanın respublikanın digər bölgələri üçün müəllim kadrları hazırladığını, adları Azərbaycan ədəbiyyatı tarixinə qızıl hərflərlə yazılmış Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Mehdi Hüseyn kimi ədəbiyyat xadimlərinin bu Seminariyanın ilk məzunları olduğunu vurğulayıb.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində keçirilən tədbirin əhəmiyyətindən söz açıb. İcra başçısı Heydər Əliyevin dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan olduğunu, bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etdiyini bildirib. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərinin yaddaşlarda təkcə iqtisadi yüksəliş ili kimi deyil, eyni zamanda, təsərrüfatın bütün sahələrində olan inkişaf ili kimi yadda qaldığını, həmçinin, elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi yaddaşlara həkk olunduğunu bildirib. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin tarixində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Hələ Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə Azərbaycan dilinin əhəmiyyəti artmış, milli dövlətçilik düşüncəsi, təhsilin, mədəniyyətin, xalq təsərrüfatının inkişafı baş vermişdir. Azərbaycançılıq ideologiyası istər sovetlər dövründə, istərsə də müstəqillik dövründə məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşmışdır. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində cəmiyyətin həyatında ədəbiyyata, sənətə son dərəcə önəm vermiş, onun böyük təsir gücündən milli tərəqqi naminə dövlətçiliyin inkişafında faydalanmışdır. İcra başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə görkəmli söz ustalarının, alim və mütəfəkkirlərin - Nizami Gəncəvinin 840 illiyi (1981), Əcəmi Naxçıvaninin 850 illiyi (1976), İmadəddin Nəsiminin 600 illiyi (1973), Nəsirəddin Tusinin 780 illiyi (1981), eləcə də digər klassiklərimizin yubileyləri geniş miqyasda keçirildi. Aşıq Ələsgərin 150 illik yubileyi (1972), Azərbaycan teatrının 100 illiyi (1974) geniş qeyd olundu. 1979-cu ildə Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində keçirilməsi böyük ədəbi-mədəni hadisəyə çevrildi. Bakıda Nəriman Nərimanovun (1972), Mehdi Hüseynzadənin (1973), İmadəddin Nəsiminin (1980) və Cəfər Cabbarlının (1982) əzəmətli abidələri ucaldıldı. Göyçə mahalının Ağkilsə kəndində Aşıq Ələsgərin qəbirüstü abidəsi, Naxçıvan şəhərində Əcəmi Naxçıvaninin büstü, Şuşa şəhərində Xurşidbanu Natəvanın büstü və Molla Pənah Vaqifin məqbərəsi ucaldıldı. Görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin, o cümlədən Səməd Vurğunun, Nəriman Nərimanovun, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Mirzə İbrahimovun, Hüseyn Ərəblinskinin, Mirzə Fətəli Axundzadənin, Fikrət Əmirovun və digər görkəmli şəxsiyyətlərin yubileyləri keçirildi. Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş tarixi filmlər (“Nəsimi”, 1974; “Dədə Qorqud”, 1976; “Babək”, 1979), müasir mövzularda və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkildi. “İstintaq” (1979) filmi SSRİ Dövlət mükafatına (1981), bir çox digər filmlər isə respublika Dövlət mükafatına layiq görüldü. Müstəqilliyin ilk onilliyində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyinin 1994-1996-cı illərdə Bakıda, Türkiyədə, İraqda, Moskvada, Parisdə, “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin 1997-2000-ci illərdə Bakıda, Türkiyədə, Drezdendə, Parisdə UNESCO səviyyəsində geniş qeyd olunması cəmiyyət quruculuğunda klassik dəyərlərə geniş yer verməklə yanaşı, mahiyyətcə həm də Azərbaycan ədəbiyyatı və mədəniyyətinin milli tarixi kontekslərini dirçəltməyə yönəlmişdi. Rayon rəhbəri qeyd edib ki, 1993-cü ilin iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Ulu Öndərin gəlişi Azərbaycana müstəqillik, suverenlik, dövlətçilik, milli-mənəvi dəyərlərə qayıdışı bəxş etdi, ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaratdı, təhsilin, mədəniyyətin yüksəlişi təmin edildi. Məhz bu prinsiplərin fövqündə milli ideologiyamızın əsası olan azərbaycançılıq formalaşdı. Ulu Öndərin formalaşdırdığı milli dövlətçilik ideologiyasında azərbaycançılıq təlimi ön plana çəkilmişdir. Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında Ulu Öndər qeyd etmişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini, yaşatmalıyıq”. Belə demək olar ki, Ulu Öndərin qurduğu və azərbaycançılıq ideologiyasına əsaslanan milli dövlətimiz cəmiyyətin hər bir üzvünü vahid ideya ətrafında birləşdirən, mənafelərini qoruyan, müdafiə edən qürur mənbəyimizdir. Hər bir dövlətin qüdrəti onun iqtisadi potensialı və hərbi gücü ilə yanaşı, həm də xalqın birliyi, həmrəyliyi ilə ölçülür. 44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş, milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir. Məhz bu milli birliyimizin təmin edilməsi ölkə Prezidenti tərəfindən həyata keçirildi. “Dəmir yumruq” əməliyyatı nəticəsində torpaqlarımız 30 illik işğaldan sonra azad edildi. Hazırda həmin ərazilərdə bərpa-quruculuq işləri aparılır. Milli ideologiyamızın əsasını təşkil edən Azərbaycançılıq bu gün də Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ölkə Prezidenti İlham Əliyevin söylədiyi fikrə diqqət edək: “Ulu Öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Dövlətimizin hazırki nailiyyətlərinin əsasını Ümummilli Lider tərəfindən qoyulan ideyalar təşkil edir. Bizim vəzifəmiz bu gündən sonra da azərbaycançılıq məfkurəsini davam və inkişaf etdirmək, milli-mənəvi dəyərlərimizi, eləcə də adət-ənənələrimizi daima yaşadaraq vahid bir ideologiya ətrafında birləşmək və azərbaycançılığı Azərbaycan dövlətinin milli siyasi məfkurəsinə çevirməkdir. Qloballaşan dünyada milli mənsubiyyətimizin qarantı azərbaycançılıq simvoludur”. “Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi hər bir azərbaycanlı gənc üçün həyat məktəbidir”, - söyləyən icra başçısı bildirib ki, bu gün Respublika Prezidenti İlham Əliyevin elmə əsaslanan iqtisadi siyasəti respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsəd yönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Prezidentin müəyyən etdiyi strateji xəttə əsaslanaraq dayanıqlı iqtisadi inkişafın təmin olunması məqsədilə çevik, adekvat addımlar atılıb, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb. Aparılan genişmiqyaslı iqtisadi islahatların nəticəsində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş və etməkdədir. Bu iqtisadi inkişaf müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu gündən-günə artırır.


AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının entoqrafiyası” şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin sədri, t.e.d. türkoloq Güllü Yoloğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Qazax Müəllimlər Seminariyasının yenidən bərpa edilməsində əziyyəti keçən insanlara minnətdarlığını bildirib. Seminariyanın bərpa edilməsini Azərbaycan təhsilinə verilən qiymətin bariz nümunəsi kimi qiymətləndirib. Ulu Öndər Heydər Əliyevlə olan görüşlərini, xatirələrini bölüşən Güllü Yoloğlu dahi şəxsiyyəti hər zaman ehtiramla yad etdiyini bildirib. G.Yoloğlu "Heydər Əliyev fenomeni" mövzusunda geniş məruzə ilə çıxış edərək milli dəyərlərin qorunmasında Ulu Öndərin xidmətlərini diqqətə çatdırıb. 


BDU-nun Qazax filialının Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdir əvəzi, f.ü.f.d. İradə Arıxova ”Heydər Əliyev və Ana dili” mövzusunda çıxış edərək Ulu Öndərin dilimizin inkişafı sahəsində gördüyü işlərdən danışıb. “Ana dili, Azərbaycan dili hər bir xalqın milli sərvəti, onun varlığının təsdiqidir. Bir millətin varını, dövlətini əlindən alsan o millət yenə də yaşayacaqdır. Ancaq dilini əlindən alsan məhv olacaqdır”, - söyləyən İ.Arıxova Ulu Öndərin Azərbaycan dilini məhv olmaq təhlükəsindən qoruduğunu, yaşatdığını, doğma ana dilimizə sahib çıxaraq bugünkü nəsillərə çatdırdığını, dilimizi qorumağın nə qədər vacib bir amil olduğunu bizlərə örnək qoyduğunu bildirib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafına həsr etdiyi dövrün 1993-2003-cü illərə qədərki dövrü əhatə etdiyini söyləyib. Bu dövrlərdə ana dilimiz haqqında Heydər Əliyevin ancaq bir məqsədi - bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq olmuşdur. İ.Arıxova Ulu Öndər Heydər Əliyevin dil sahəsində irəli sürdüyü ideyaların gerçəkləşdiyini, Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabancı təsirlərdən qorunması istiqamətində Ulu Öndərin yeritdiyi siyasətin onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev təəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.


BDU-nun Qazax filialının İctimai və təbiət fənləri kafedrasının müəllimi Həqiqət Mehdiyeva “Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf yolu” mövzusunda çıxışı zamanı Ümummilli Liderin ölkəmizin iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində olan misilsiz xidmətlərindən söz açıb. Ulu Öndərin fəaliyyəti dövründə bir çox sahələrdə olduğu kimi, ölkənin sosial-iqtisadi inkişafı sahəsində də mühüm işlər gördüyünü, ölkə iqtisadiyyatının dirçəldilməsi sahəsində lazımi addımlar atdığını qeyd edib. H.Mehdiyeva Ulu Öndərin ölkə iqtisadiyyatının inkişafı istiqamətində gördüyü işlərin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.


Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Bayramova ”Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda çıxış edərək Ulu Öndərin bu sahədə olan xidmətlərindən danışıb. A.Bayramova çıxışı zamanı qeyd edib ki, Ulu Öndərin söylədiyi kimi bu gün hər birimiz milli mənəvi dəyərlərimizə xüsusi qayğı ilə yanaşmalı, milli kimliyimizi əks etdirən dəyərlərimizə sahib çıxmalıyıq. Vətən, millət, xalq kimi mənəvi dəyərlərimizə sahib çıxmağı bacarmalıyıq. A.Bayramova ana dilimizin və ədəbiyyatımızın inkişafı sahəsində görülən işlərin Ulu Öndərin adı ilə bağlı olduğunu söyləyib. 


Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Məlahət Abdullayeva ”Heydər Əliyev və gənclər siyasəti” mövzusunda çıxış edərək Ulu Öndərin gənclər siyasətindən danışıb. Vətən və xalq qarşısında misilsiz xidmətləri olan Ulu Öndərin 100 illik yubileyinin təntənə ilə qeyd edildiyini, xalqımızın öz dahi rəhbərini böyük ehtiramla yad etdiyini qeyd edib. Ulu Öndər hakimiyyətə gəldikdən sonra dövlət siyasətinin əsasını təşkil edən sahələrdən birinin də məhz gənclərə göstərilən qayğı olduğunu vurğulayıb. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə gələcəyimiz adlandıran Ulu Öndərin qayğısı sayəsində uğurlu gənclər siyastinin formalaşdığını söyləyib. 

Tədbirdə Güllü Yoloğlu öz kitablarını Mərkəzin kitabxanasına hədiyyə edib. Sonda xatirə şəkli çəkdirilib. 

GOYEZEN.AZ



Facebook-da paylaş