• Təqvim

  • Unutma

  • Maraq



“Narkomaniyaya yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbdə keçirilib


Qazax Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizə tədbirlərinə həsr olunmuş maarifləndirici tədbirlər bu gün də davam etdirilir.

Yanvarın 21-də "Narkomaniyaya yox deyək!” başlığı altında növbəti maarifləndirici tədbir Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbdə keçirilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Məmməd Alıyev, RİH başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Rayon Təhsil Şöbəsinin məsul işçisi Donara Həsənova, narkoloq-həkim Nahidə Osmanova, məktəbin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə narkomaniya, onun törətdiyi fəsadlar və bununla bağlı ölkəmizdə aparılan mübarizə tədbirlərindən söz açılıb.  

Tədbirdə əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev tədbiri giriş sözü ilə açaraq məktəbliləri rayon rəhbərliyinin adından salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. M.Alıyev qeyd edib ki, bugünkü tədbirin əsas məqsədi bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini bir daha diqqətə çatdırmaqdır. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan birinci müavin bu sahədə olan mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib.

 

Respublika Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz nümunəsi kimi qiymətləndirib. Birinci müavin rayon rəhbərliyinin bütün sahələri olduğu kimi, narkomaniya ilə mübarizə sahəsini də daim diqqət mərkəzində saxladığını, ilk gündən barışmaz mövqedə olduğunu qeyd edib. Pandemiya dövrünə qədər belə maarifləndirmə tədbirlərinin keçirildiyini, illər öncə aparılan mübarizə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini, bu cür görüşlərin daha sıx təşkil ediləcəyini vurğulayıb. "Bu gün müstəqil Azərbaycanın inkişafı, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbəni qoruyub saxlamaq üçün ölkəmizin sizin kimi sağlam ruhda, əqidədə olan gənclərə ehtiyacı var. Gələcəyimiz siz gənclərin əlindədir”, - deyən M.Alıyev sonda bir daha gəncləri narkotik vasitələrdən uzaq duramağa səsləyib.  


Rayon Prokuroru Rauf Gözəlov çıxış edərək cəmiyyətimizi, sağlam gələcəyimizi təhlükə altına salan narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə ətraflı məlumat verib. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdən danışaraq, narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirdiyini vurğulayıb. Bugünkü tədbirin də həmin görüşlərin davamı olduğunu qeyd edib. Rayon Prokuroru gələcəyimiz olan uşaqlara, gənc və yeniyetmələrə narkotikdən, zərərli vərdişlərdən uzaq durmalarını tövsiyə edərək bu məsələdə daha həssas olmalarını bildirib.


Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov çıxış edərək məktəbliləri salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Polis rəisi sağlam cəmiyyətin formalaşması istiqamətində ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verib. İstər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd edib. Ölkəmizdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlərin keçirildiyini qeyd edən polis rəisi bugünkü tədbirin də məhz bu məqsədə xidmət etdiyini qeyd edib. Polis rəisi əsrin bəlasına çevrilən "ağ ölüm”ün zəmanəmizin ən aktual problemləridən biri kimi hər birimizi narahat etməli bir məsələ olduğunu söyləyib.  Polis rəisi bir dəfə narkotikadan istifadə edən şəxsin artıq ondan asılı vəziyyətə düşdüyünü, hətta, özü ilə bərabər xeyli sayda gənci də öz ətrafına topladığını vurğulayıb. S.Əsədov sonda bir daha gələcəyimiz olan gəncləri zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi keçirməyə, idmanla məşğul olmağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb. Polis rəisi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib.

 

Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin direktor əvəzi Leyla  Allahverdiyeva tədbirin məqsəd və əhəmiyyətindən danışaraq tədbirin təşkilatçılarına rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq yeniyetmələri sağlam həyat tərzi keçirməyə çağırıb. 

Tədbirdə erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından da danışılıb.

Sonda mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.



 

GOYEZEN.AZ



Facebook-da paylaş