Qazax Rayon İcra Hakimiyyəti, Rayon
Polis Şöbəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil
məktəblərində narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan
mübarizə tədbirlərinə həsr olunmuş maarifləndirici tədbirlər bu gün də davam etdirilir.
Yanvarın 21-də "Narkomaniyaya
yox deyək!” başlığı altında növbəti maarifləndirici tədbir Qazax şəhər Firuddin
Şamoyev adına 4 nömrəli tam orta məktəbdə keçirilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini, Rayon
İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Məmməd Alıyev, RİH başçısı aparatında
Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi
üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi,
polis polkovniki Sənan Əsədov, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqov, Rayon Gənclər və
İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Rayon Təhsil Şöbəsinin məsul işçisi
Donara Həsənova, narkoloq-həkim
Nahidə Osmanova, məktəbin müəllim və
şagirdlərinin iştirak etdiyi tədbirdə narkomaniya, onun törətdiyi fəsadlar və
bununla bağlı ölkəmizdə aparılan mübarizə tədbirlərindən söz açılıb.
Tədbirdə əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini Məmməd Alıyev tədbiri
giriş sözü ilə açaraq məktəbliləri rayon rəhbərliyinin adından salamlayıb, tədbirin
məqsəd və əhəmiyyətindən danışıb. M.Alıyev qeyd edib ki, bugünkü tədbirin əsas
məqsədi bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi
bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya, ağ ölümə
qarşı mübarizə aparmağın vacibliyini bir daha diqqətə çatdırmaqdır. Ölkə
Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən
görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət
proqramlarından söz açan birinci müavin bu sahədə olan mübarizə tədbirlərinin
bu gün də davam etdirildiyini söyləyib.
Respublika Prezidentinin 2019-cu
il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik
vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz
dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün
Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz
nümunəsi kimi qiymətləndirib. Birinci müavin rayon rəhbərliyinin bütün sahələri
olduğu kimi, narkomaniya ilə mübarizə sahəsini də daim diqqət mərkəzində
saxladığını, ilk gündən barışmaz mövqedə olduğunu qeyd edib. Pandemiya dövrünə
qədər belə maarifləndirmə tədbirlərinin keçirildiyini, illər öncə aparılan
mübarizə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini, bu cür görüşlərin
daha sıx təşkil ediləcəyini vurğulayıb. "Bu gün müstəqil Azərbaycanın
inkişafı, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbəni qoruyub
saxlamaq üçün ölkəmizin sizin kimi sağlam ruhda, əqidədə olan gənclərə ehtiyacı
var. Gələcəyimiz siz gənclərin əlindədir”, - deyən M.Alıyev sonda bir daha
gəncləri narkotik vasitələrdən uzaq duramağa səsləyib.
Rayon Prokuroru Rauf Gözəlov çıxış edərək cəmiyyətimizi, sağlam gələcəyimizi təhlükə altına
salan narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə ətraflı
məlumat verib. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair
2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən
işlərdən danışaraq, narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət
mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata
keçirildiyini bildirib. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının
əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə
yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də
keçirdiyini vurğulayıb. Bugünkü tədbirin də həmin görüşlərin davamı olduğunu
qeyd edib. Rayon Prokuroru gələcəyimiz olan uşaqlara, gənc
və yeniyetmələrə narkotikdən, zərərli vərdişlərdən uzaq durmalarını tövsiyə
edərək bu məsələdə daha həssas olmalarını bildirib.
Rayon Polis Şöbəsinin rəisi, polis
polkovniki Sənan Əsədov çıxış
edərək məktəbliləri salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən
danışıb. Əsrin bəlası olan narkomaniyaya
qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə
malik olduğunu diqqətə çatdırıb. Polis rəisi
sağlam cəmiyyətin formalaşması istiqamətində ciddi təhlükələrdən olan
narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verib. İstər narkotiklərin
qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə
aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını, hər
zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd edib. Ölkəmizdə "Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və
narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın
icrası istiqamətində müvafiq tədbirlərin keçirildiyini qeyd edən polis rəisi
bugünkü tədbirin də məhz bu məqsədə xidmət etdiyini qeyd edib. Polis rəisi əsrin bəlasına çevrilən "ağ ölüm”ün zəmanəmizin
ən aktual problemləridən biri kimi hər birimizi narahat etməli bir məsələ
olduğunu söyləyib. Polis rəisi bir dəfə
narkotikadan istifadə edən şəxsin artıq ondan asılı vəziyyətə düşdüyünü, hətta,
özü ilə bərabər xeyli sayda gənci də öz ətrafına topladığını vurğulayıb. S.Əsədov sonda bir daha gələcəyimiz olan gəncləri zərərli
vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi keçirməyə, idmanla məşğul olmağa,
faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb. Polis rəisi Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın
yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla
operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət
göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər
olmalı olduğumuzu söyləyib.
Qazax şəhər Firuddin Şamoyev adına 4
nömrəli tam orta məktəbin direktor əvəzi Leyla Allahverdiyeva tədbirin məqsəd və əhəmiyyətindən
danışaraq tədbirin təşkilatçılarına rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını
bildirib. Zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini
vurğulayaraq yeniyetmələri sağlam həyat tərzi keçirməyə çağırıb.
Tədbirdə erkən
nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların
yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan
ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından
da danışılıb.
Sonda
mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ
Geri qayıt
|