Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib
Qazax Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində narkomaniyanın törətdiyi fəsadlar və onun qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbir bu gün də davam edib.
Növbəti tədbir noyabrın 23-də Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin şagirdləri üçün "Narkomaniyaya yox deyək!” başlığı altında keçirilib.
Qazax RİH başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov, Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Hikmət Nəsibov, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqov, rayon Prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Tərlan Kərimov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı, Qazax Cümə Məscidi dini icmasının sədri İlham Süleymanov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Rayon Təhsil Şöbəsinin məsul işçisi Donara Həsənova, narkoloq-həkim Nahidə Osmanova,rayon ağsaqqalları, məktəbin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə narkomaniya, onun törətdiyi fəsadlar və onunla bağlı ölkəmizdə aparılan mübarizə tədbirlərindən söz açılıb.
Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov çıxış edərək iştirakçıları salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Polis rəisi sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verib. İstər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd edib. Ölkəmizdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlərin keçirildiyini qeyd edən polis rəisi bugünkü tədbirin də məhz bu məqsədə xidmət etdiyini qeyd edib. Polis rəisi bildirib ki, əsrin bəlasına çevrilən "ağ ölüm” zəmanəmizin ən aktual problemləridən biri olaraq qalır. Azərbaycanda da narkotik vasitələrdən istifadəyə görə, yüzlərlə insan sağalmaz xəstəliklərin və hətta ölümün qurbanına çevrilir. O, bir dəfə narkotikadan istifadə edən şəxsin artıq ondan asılı vəziyyətə düşdüyünü, hətta özü ilə bərabər xeyli sayda gənci də öz ətrafına toplaya bildiyini vurğulayıb. Ona görə də gənclər və yeniyetmələrin narkotik vasitələrdən bir dəfə istifadə etməsinə belə yol verməməyə çalışmalı olduğumuzu söyləyib. Bugünkü görüşün də əsas məqsədinin narkomaniyanın necə ağır bəla olduğunu məktəblilərə bir daha çatdırmaq olduğunu vurğulayıb. S.Əsədov sonda bir daha gələcəyimiz olan gəncləri zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi keçirməyə, idmanla məşğul olmağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb. Polis rəisi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu diqqətə çatdırıb.
Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov çıxış edərək istər narkomaniya, istərsə də dini radikalizmə qarşı aparılan mübarizə tədbirlərindən danışıb. Bu sahədə əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu dövlət siyasətinin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Narkomaniya əleyhinə aparılan tədbirlərin hazırda aktual xarakter daşıdığını, yeniyetmə və gənclərin bu bəladan uzaq durmaları üçün təşkil olunan belə görüşlərin böyük əhəmiyyəti olduğunu qeyd edən C.Rüstəmov məktəblilərə bugünkü görüşdə söylənən fikirlərdən nəticə çıxarmağı, eyni zamanda bəhrələnməyi söyləyib.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı, Qazax Cümə Məscidi dini icmasının sədri İlham Süleymanov da narkomaniya, onun törətdiyi fəsadlar, cəmiyyətimizə vurduğu ziyan barədə fikirlərini bölüşüb. İ.Süleymanov insan orqanizminə təsir edən, insanları bihuş edən maddələrin dində də haram hesab edildiyini diqqətə çatdırıb. Gəncləri insanları pis vərdişlərə sürükləyən, həyatlarını məhv edən və haram bilinən nə varsa, həmin vərdişlərdən uzaq durmağa çağırıb.
Qazax RİH başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək narkotik vasitələrdən istifadənin ilkin mərhələdə xoş əhvali-ruhiyyə yaratsa da, sonrakı mərhələlərdə geri dönüşü olmayan asılılığa aparıb çıxardığını qeyd edib. Narkotik vasitələrdən istifadə edən insanların keçrdiyi hisslər, onların ətraf mühit və cəmiyyət üçün necə təhlükəli bir varlığa çevrildiklərini qeyd edən K.Cəfərova bu barədə məktəblilərə ətraflı məlumat verib. O, qeyd edib ki, gəncləri bu bəladan xilas etməyin yolu məktəbdə müəllimlərlə yanaşı, evdə də valideyn nəzarətinin olmasıdır. Narkotikaya meyil ailədə nəzarətsiz qalmaq nəticəsində ən çox yeniyetmələr arasında yayılır. İlkin dövrlərdə onun qarşısı alınmayanda sonradan ağırlaşmış vəziyyətə keçir. Buna görə də mütəmadi olaraq yeniyetmə və gənclər arasında xəstəliyin sonrakı fəsadları haqqında müəyyən təlimatlar aparılmalıdır. Gəncləri "ağ ölüm”dən, narkomaniya və psixotrop vasitələrin asılılığından xilas etmək üçün böyüklər kifayət qədər məlumatlı olmalı və cəmiyyəti məhvə aparan xəstəliyə qarşı birlikdə mübarizə aparılmalıdır. RİH başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın bu sahədə gördüyü işlərdən danışan K.Cəfərova bundan sonra da narkotikdən, onun törətdiyi fəsadlardan əziyyət çəkən insanlara dəstək olmağa hazır olduğunu bildirib.
Gələcəyimiz olan uşaqların, gənc və yeniyetmələrin narkomaniyanın törətdiyi fəsadlardan uzaq duramaları üçün təşkil olunmuş tədbiri yüksək qiymətləndirən rayon ağsaqqalı Ramiz Mansurov məktəblilərə bu məsələdə daha həssas olmalarını, zərərli vərdişlərə meyil etməmələrini, həmin vərdişlərdən uzaq durmalarını tövsiyə edib.
İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin direktoru Ruslan Rzayev tədbirin məqsəd və əhəmiyyətindən danışaraq tədbirin təşkilatçılarına rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq yeniyetmələri sağlam həyat tərzi keçirməyə çağırıb.
Maraqlı diskusiya şəklində keçirilən tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş