Qazax Rayon İcra Hakimiyyəti, Rayon
Polis Şöbəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində narkomaniyanın
törətdiyi fəsadlar və onun qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbir
bu gün də davam edib.
Növbəti tədbir noyabrın 23-də Qazax şəhər
İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin şagirdləri üçün "Narkomaniyaya
yox deyək!” başlığı altında keçirilib.
Qazax RİH başçısı aparatında
Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi
üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir
müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, Rayon Polis Şöbəsinin rəisi, polis
polkovniki Sənan Əsədov, Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş
əməliyyat müvəkkili, polis mayoru Hikmət Nəsibov, yetkinlik yaşına
çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin
Sadıqov, rayon Prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Tərlan Kərimov, Qafqaz Müsəlmanları
İdarəsinin bölgə qazısı, Qazax Cümə Məscidi dini icmasının sədri İlham
Süleymanov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənov, Rayon Gənclər və İdman İdarəsinin rəisi
Vüqar Nəbiyev, Rayon Təhsil Şöbəsinin məsul işçisi Donara Həsənova, narkoloq-həkim
Nahidə Osmanova,rayon ağsaqqalları, məktəbin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə
narkomaniya, onun törətdiyi fəsadlar və onunla bağlı ölkəmizdə aparılan mübarizə
tədbirlərindən söz açılıb.
Rayon
Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov çıxış edərək iştirakçıları salamlayıb,
keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Əsrin bəlası olan narkomaniyaya qarşı
mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsinin mühüm
əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Polis rəisi sağlam cəmiyyətin formalaşması
istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar
barədə ətraflı məlumat verib. İstər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı
mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət
mərkəzində olduğunu qeyd edib. Ölkəmizdə "Narkotik
vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə
və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət
Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlərin keçirildiyini qeyd edən
polis rəisi bugünkü tədbirin də məhz bu məqsədə xidmət etdiyini qeyd edib. Polis rəisi bildirib ki, əsrin
bəlasına çevrilən "ağ ölüm” zəmanəmizin ən aktual problemləridən biri olaraq
qalır. Azərbaycanda da narkotik vasitələrdən istifadəyə görə, yüzlərlə insan
sağalmaz xəstəliklərin və hətta ölümün qurbanına çevrilir. O, bir dəfə
narkotikadan istifadə edən şəxsin artıq ondan asılı vəziyyətə düşdüyünü, hətta
özü ilə bərabər xeyli sayda gənci də öz ətrafına toplaya bildiyini vurğulayıb. Ona
görə də gənclər və yeniyetmələrin narkotik vasitələrdən bir dəfə istifadə etməsinə
belə yol verməməyə çalışmalı olduğumuzu söyləyib. Bugünkü görüşün də əsas məqsədinin
narkomaniyanın necə ağır bəla olduğunu məktəblilərə bir daha çatdırmaq olduğunu
vurğulayıb. S.Əsədov sonda bir daha gələcəyimiz olan gəncləri zərərli vərdişlərdən
uzaq durmağa, sağlam həyat tərzi keçirməyə, idmanla məşğul olmağa, faydalı
bilik və bacarıqlar öyrənməyə çağırıb. Polis rəisi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və
narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və
vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin
fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin
səfərbər olmalı olduğumuzu diqqətə çatdırıb.
Qazax
RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov çıxış edərək
istər narkomaniya, istərsə də dini radikalizmə qarşı aparılan mübarizə tədbirlərindən
danışıb. Bu sahədə əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu dövlət siyasətinin
bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini
bildirib. Narkomaniya
əleyhinə aparılan tədbirlərin hazırda aktual xarakter daşıdığını, yeniyetmə və
gənclərin bu bəladan uzaq durmaları üçün təşkil olunan belə görüşlərin böyük əhəmiyyəti
olduğunu qeyd edən C.Rüstəmov məktəblilərə bugünkü görüşdə söylənən fikirlərdən
nəticə çıxarmağı, eyni zamanda bəhrələnməyi söyləyib.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı, Qazax
Cümə Məscidi dini icmasının sədri İlham Süleymanov da narkomaniya,
onun törətdiyi fəsadlar, cəmiyyətimizə vurduğu ziyan barədə fikirlərini
bölüşüb. İ.Süleymanov insan orqanizminə təsir edən, insanları bihuş edən maddələrin
dində də haram hesab edildiyini diqqətə çatdırıb. Gəncləri insanları pis vərdişlərə
sürükləyən, həyatlarını məhv edən və haram bilinən nə varsa, həmin vərdişlərdən
uzaq durmağa çağırıb.
Qazax
RİH başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri
və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə
məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış
edərək narkotik vasitələrdən istifadənin ilkin mərhələdə
xoş əhvali-ruhiyyə yaratsa da, sonrakı mərhələlərdə geri dönüşü olmayan
asılılığa aparıb çıxardığını qeyd edib. Narkotik vasitələrdən istifadə edən
insanların keçrdiyi hisslər, onların ətraf mühit və cəmiyyət üçün necə
təhlükəli bir varlığa çevrildiklərini qeyd edən K.Cəfərova bu barədə
məktəblilərə ətraflı məlumat verib. O, qeyd edib ki, gəncləri bu bəladan xilas
etməyin yolu məktəbdə müəllimlərlə yanaşı, evdə də valideyn nəzarətinin
olmasıdır. Narkotikaya meyil ailədə nəzarətsiz qalmaq nəticəsində ən çox
yeniyetmələr arasında yayılır. İlkin dövrlərdə onun qarşısı alınmayanda
sonradan ağırlaşmış vəziyyətə keçir. Buna görə də mütəmadi olaraq yeniyetmə və
gənclər arasında xəstəliyin sonrakı fəsadları haqqında müəyyən təlimatlar
aparılmalıdır. Gəncləri "ağ ölüm”dən, narkomaniya və psixotrop vasitələrin
asılılığından xilas etmək üçün böyüklər kifayət qədər məlumatlı olmalı və
cəmiyyəti məhvə aparan xəstəliyə qarşı birlikdə mübarizə aparılmalıdır. RİH başçısı aparatında Yetkinlik
yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın bu
sahədə gördüyü işlərdən danışan K.Cəfərova bundan sonra da narkotikdən, onun
törətdiyi fəsadlardan əziyyət çəkən insanlara dəstək olmağa hazır olduğunu bildirib.
Gələcəyimiz
olan uşaqların, gənc və yeniyetmələrin narkomaniyanın törətdiyi fəsadlardan
uzaq duramaları üçün təşkil olunmuş tədbiri yüksək qiymətləndirən rayon
ağsaqqalı Ramiz Mansurov məktəblilərə bu məsələdə daha həssas olmalarını,
zərərli vərdişlərə meyil etməmələrini, həmin vərdişlərdən uzaq durmalarını
tövsiyə edib.
İsmət Qayıbov adına 3 nömrəli tam
orta məktəbin direktoru Ruslan Rzayev tədbirin məqsəd və əhəmiyyətindən danışaraq
tədbirin təşkilatçılarına rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını
bildirib. Zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin
əhəmiyyətini vurğulayaraq yeniyetmələri sağlam həyat tərzi keçirməyə çağırıb.
Maraqlı diskusiya şəklində keçirilən tədbirdə
şagirdləri maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ
Geri qayıt
|