Qazaxda 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş videokonfrans keçirilib
26 iyun BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin "Narkotik
vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə
haqqında” Bəyannaməsinə əsasən, "Narkomaniya və narkotiklərin qeyri-qanuni
dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur. Bu gün 26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüilə əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin və Rayon
Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək!”
mövzusunda videokonfrans keçirilib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə
komissiya tərəfindən təşkil olunmuş maarifləndirici
videokonfransda komissiya üzvləri, Bakı
Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin
tələbələri və fəal gənclər iştirak ediblər.
Qazax
Rayon İcra Hakimiyyəti başçısının müavini–İctimai–siyasi və humanitar məsələlər
şöbəsinin müdiri Gulaya Həsənova videokonfransı giriş sözü ilə açaraq 26 İyun -
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə ölkə Prezidenti,
Ali Baş Komandan İlham Əliyev başda olmaqla, hərbçilərimizi, əsgər və
zabitlərimizi, hər kəsi təbrik edib. Təşkil olunan videokonfransın məqsəd və
əhəmiyyətindən söz açan müavin 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı
Beynəlxalq Mübarizə Gününə dair hər il təşkil olunan silsilə tədbirlərin
pandemiya ilə əlaqədar olaraq onlayn konfrans şəkildə keçirildiyini bildirib.
"Bugünkü gənclik sabahımız,
gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən
çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və
cəmiyyətin əsas vəzifəsi hesab olunur”, - deyən G.Həsənova dövlət tərəfindən bu
sahədə görülən işlərdən danışıb. Cəmiyyətin inkişafını
ləngidən, insanların sağlamlığına və mənəviyyatına sarsıdıcı zərbə vuran
narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə ölkəmizdə, o cümlədən
Qazax rayonunda kompleks tədbirlərin mütəmadi olaraq həyata keçirildiyini və
təbliğat işlərinin genişləndirildiyini bildirib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında
aparıcı-məsləhətçi psixoloq, Yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Kəmalə Cəfərova
çıxış edərək Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət
göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə
üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyanın təşkilatçılığı ilə həyata keçirilən tədbirlərdən
söz açıb. Hər iki komissiya tərəfindən Rayon Polis Şöbəsinin Narkotiklərlə
Mübarizə Qrupunun, Rayon Gənсlər və İdman İdarəsinin, Rayon Təhsil Şöbəsinin
əməkdaşları ilə birlikdə rayon ərazisində fəaliyyət göstərən ali və orta
ixtisas məktəblərində narkomanlığa qarşı mübarizə məqsədilə keçirilmiş
tədbirlər barədə geniş məlumat verib.
Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının
narkoloq həkimi Nahidə Osmanova çıxış edərək narkomaniya, onun törətdiyi
fəsadlar barədə konfrans iştirakçılarını məlumatlandırıb. Narkomaniyanın gənc nəslə vurduğu zərərdən, narkomaniya
ilə mübarizənin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olmasından danışıb.
Narkomaniyanın cəmiyyətin sağlam inkişafına, mənəviyyatına ağır zərbə
vurmasından, narkotiklərin qəbulunun insan orqanizmi üçün zərərli
nəticələrindən və onun törətdiyi fəsadlardan söz açıb. Müasir dövrümüzdə
narkomaniyanın cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən
biri olduğunu qeyd edib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar
Nəbiyev çıxış edərək hər kəsi, xüsusilə də gəncləri bu bəlaya qarşı birgə
mübarizə aparmağa səsləyib. Qeyd edib ki, xalqın,
millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm)
günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan, dünyada qorxulu xəstəlik
kimi hər bir insanı düşündürür. Beynəlxalq problemin həllinə xidmət edən mühüm
addımlardan biri kimi, xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə
işlərinin genişləndirilməsi prioritet məsələdir.
Qazax Gənclər evi sosial xidmət müəssisənin
direktoru Vüsal Hüseynov çıxışında bu bəla ilə birgə mübarizə aparmaq üçün daim
gənclərin yanında olacaqlarını qeyd edib və bütün gəncləri narkomaniyaya qarşı
birlikdə mübarizə aparmağa çağırıb. Qazax
Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova videokonfransa yekun
vuraraq bu cür tədbirlərin bundan sonra da mütəmadi olaraq təşkil olunacağını
qeyd edib. Narkomaniya ilə mübarizədə hər kəsə uğurlar arzulayıb. GOYEZEN.AZ
Facebook-da paylaş