İcra başçısı kəndlərdə ipəkqurdu toxumunun mövcud vəziyyəti ilə maraqlanıb
Hər kəsə yaxşı məlumdur ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər respublikamızda kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 27 noyabr 2017-ci il tarixli Sərəncamı isə ölkəmizdə baramaçılığın inkişaf etdirilməsində mühüm rol oynayır. Dövlət Proqramının uğurla icra olunmasının nəticəsidir ki, respublikamızda ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu sahəyə dövlət dəstəyi sayəsində ölkədə barama istehsalı ildən-ilə artır.
Respublikamızın digər bölgələrində olduğu kimi, Qazaxda da ölkə başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində son illər ardıcıl tədbirlər həyata keçirilir və uğurlu nəticələr əldə olunur. Rayonun inkişaf edən sahələrindən olan baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. Bu proses isə 2016-cı ildən daha geniş vüsət almağa başlayıb. Təsadüfi deyil ki, son illər rayonda təsərrüfatın bu gəlirli sahəsinə maraq göstərənlərin sayı da xeyli artıb.
Bu il artıq beşinci ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Cari ildə kümçülər tərəfindən 6 ton yaş baramanın istehsalı nəzərdə tutulub. Alpout, Aşağı Salahlı, Aslanbəyli, Birinci Şıxlı, Çaylı, Cəfərli, Daş Salahlı, Dəmirçilər, Hüseynbəyli, Kəmərli, Kosalar, Orta Salahlı, Qaymaqlı, Xanlıqlar, Yuxarı Salahlı kəndləri üzrə barama yetişdirən kümçülərə 150 qutu ipəkqurdu toxumu paylanılıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahovla birlikdə rayonda ipəkqurdu toxumu paylanılmış Kəmərli, Qaymaqlı, Aslanbəyli, Daş Salahlı kəndlərində olub, ipəkqurdu toxumunun saxlanma şəraiti və mövcud vəziyyəti ilə maraqlanıb.
Rayon rəhbərinə məlumat verilib ki, ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Yem bazası da kifayət qədərdir.
Kəndlərdə barama yetişdirən kümçülər respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin rayon baramaçılarının da bu sahəyə olan marağını artırdığını qeyd ediblər. Kümçülər bu il də mütəxəssislərin məsləhətlərindən yararlanaraq daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını söyləyiblər.
Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini verib.
Kəmərli kəndi
Qaymaqlı kəndi
Aslanbəyli kəndi
Daş Salahlı kəndi
GOYEZEN.AZ
Facebook-da paylaş