• Təqvim

  • Maraq



Qazax: yeni dərs ili, yeni ünvanlar, yeni baxışlar...

Qazaxda yeni dərs ilinə hazırlığın vəziyyətini bilmək üçün şəhərdəki Səməd Vurğun adına 2 nömrəli məktəbə baş çəkmək kifayətdir. Göz oxşayan, müasir bir məktəbdir. Bu il əsaslı təmir olunub. Baxdıqca, baxmaq istəyirsən. Fərəh hissi keçirirsən ki, bizim fidan balalar belə bir məktəb binasında biliklərə yiyələnəcəklər, sevimli müəllimlərindən dərs alacaqlar. Daha nəyi yoxdur?! Hər cür şəraiti olan işıqlı sinif otaqları, laboratoriyalar, idman zalı, yeməkxana... Xanlıqlar və Daş Salahlı 1 saylı tam orta məktəbləri də bu il cari təmirdən sonra öz görkəmini tamamilə dəyişmişdir. 

Hazırda Qazaxda 33 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi orta, 6 ibtidai məktəb, 2 məktəbdənkənar müəssisə var. Şagirdlərin sayı 12 min 500 nəfəri, müəllimlərin sayı isə 1650 nəfəri keçir. Son illər məktəblərin maddi-texniki bazası nəzərəçarpacaq dərəcədə dəyişmişdir. Məktəblərdə nizam-intizam xeyli gücləndirilmiş, dərsə davamiyyət kökündən yaxşılaşdırılmışdır. Qazax bəlkə də nadir rayonlardandır ki, burada aşağı siniflər kimi, yuxarı siniflərdə də günün istənilən vaxtı şagirdlər yerində olur, digər hazırlıq müəllimlərinin yanına getmirlər. Məktəb rəhbərləri özləri də etiraf edirlər ki, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bu məsələdə prinsipial, bir qədər də sərt mövqeyi yalnız işin xeyrinə olmuşdur. İcra Hakimiyyəti başçısının tez-tez məktəblərə baş çəkməsi, davamiyyətlə, nizam-intizamla maraqlanması, şagirdlərlə, müəllimlərlə fərdi söhbətlər etməsi nəticəsində bu sahədə ümumi mənzərə tamamilə dəyişmişdir. Təhsildə əməlli-başlı uğurlar var və bunu ali məktəblərə qəbul faizinin necə artdığı da sübut edir. Məsələn, 2017-2018-ci tədris ili üzrə qəbulolma 54 faizi keçib. Qeyd edək ki, bu tədris ilində 676 nəfər məzundan 509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 274 nəfər ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Ümumiyyətlə, rayon üzrə ötən ilin məzunları ilə birlikdə 651 nəfər qəbul imtahanlarında iştirak etmişdir ki, onlardan da 329 nəfər ali təhsil müəssisəsinə qəbul olunaraq tələbə adını qazanmışlar. Sevindirici haldır ki, ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrdən 49 nəfəri ­500-dən, 19 nəfəri isə 600-dən çox bal toplamışdır. Əvvəllər heç vaxt belə yüksək göstəricilər əldə olunmayıb. 

Bir məsələ də diqqət çəkir ki, son illər Qazaxda hərbi məktəb və liseylərə daxil olanların sayı artmağa başlayıb. Bunun ən başlıca səbəblərindən biri rayonda hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi önəm verilməsi ilə bağlıdır. Başqa cür ola da bilməz. Qazax mənfur düşmənlə 168 kilometr sərhəddi olan, torpaqlarımızın ərazi bütövlüyü uğrunda 285 şəhid verən, 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında qalan bir rayondur. 

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən istər şəhərdə, istərsə də kəndlərdə olan şəhid qəbirlərini və Şəhid Xiyabanlarını əsaslı şəkildə təmir etdirməsi, şəhid ailələrinə daim diqqət, qayğı göstərməsi və həmin prosesin bu gün də davam etdirilməsi adamlarda, ilk növbədə, məktəbli – gənclərdə vətənpərvərlik hissini gücləndirmişdir. 

Ötən il yeni dərs ili ərəfəsində rayon rəhbərinin təşəbbüsü ilə Qazaxda daha bir ənənənin bünövrəsi qoyuldu. Qərara alındı ki, məktəblilər hər yeni dərs ilinə Şəhidlər xiyabanını ziyarətlə başlasınlar. Bu təşəbbüsin irəli sürülməsində əsas məqsəd böyüməkdə olan gənc nəsildə milli vətənpərvərlik ruhunu daha da inkişaf etdirmək, məktəblilərin mübariz ruhda tərbiyə olunmasını təmin etmək idi.

Rayon rəhbərliyi tərəfindən əsası qoyulan ənənə bu il də davam etdirilib. RİHB aparatının məsul işçiləri, onbirinci və birinci siniflərdə təhsil alan şagirdlər, müəllimlər Şəhidlər Xiyabanına gələrək şəhidlərin əziz xatirəsini yad edib, onların memorial lövhələri önünə gül dəstələri qoyublar.

Şəhidlərin ruhuna dualar oxunduqdan sonra əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Rəcəb Babaşov çıxış edərək bütün tədbir iştirakçılarını salamlayıb, yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edib, ən səmimi arzularını çatdırıb. Bildirib ki, bu il ikinci dəfədir ki, biz bu müqəddəs məkanı ziyarət edir, 20 faizdən çox torpağı işğal altında olan, minlərlə şəhid verən ölkəmizdə şəhidlərə olan ehtiramımızı bildiririk. Bu müqəddəs məkanı ziyarət etməklə Vətənə, xalqa, dövlətə sadiqliyimizi nümayiş etdirməklə yanaşı, şəhidlərimizə olan mənəvi borcumuzu qaytarırıq. Çünki şəhidləri yad etmək, onların xatirəsini anmaq hər bir insanın vətəndaşlıq borcudur. 

Qazaxda yeni dərs ilini səbirsizliklə gözləyənlər təkcə ümumtəhsil məktəblərinin şagirdləri deyil. Bakı Dövlət Univertsitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin də müəllim və tələbələri yeni dərs ilinə ciddi hazırlaşıblar. Məlum olduğu kimi, BDU-nun rayondakı filialı Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı bazasında yaradılmışdır.

İki il əvvəl filiala qəbul aparılmamışdır. Amma keçən il filialda turizm və otelçilik, riyaziyyat və informatika, tarix və coğrafiya, məktəbəqədər təlim və tərbiyə, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə birinci kursa qəbul aparılmışdır. Həmin tədris ilində filiala respublikanın 32 rayonundan 140 tələbə qəbul olmuş və tələbələrin sayı 350 nəfəri keçmişdi. 

2017/2018-ci tədris ilində isə filialda qəbul aparılan ixtisasların sayı 6-dan 13-ə qaldırılmışdır. Burada 7 yeni ixtisas üzrə (riyaziyyat, tarix, coğrafiya, fizika, kimya və biologiya müəllimliyi, sosial iş) qəbul aparılmışdır. Respublikanın 54 şəhər və rayonu üzrə 389 tələbə qəbul olumuşdur. Bu tədris ilində filialda 3 ixtisas üzrə – turizm və otelçilik, tarix və sosial iş ixtisaslarında qiyabi təhsil üzrə qəbul aparılmışdır. Filiala 2017/2018-ci tədris ilində 500 baldan yuxarı 4 tələbə, 400 baldan yuxarı 7 tələbə, 300 baldan yuxarı isə 94 tələbə qəbul olmuşdur. 


2018/2019-cu tədris ilində əlavə 4 yeni ixtisas (təhsildə sosial psixoloji xidmət, informatika, fililogiya (Azərbaycan dili və ədəbiyyatı) və fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi), bütövlükdə isə 17 ixtisas üzrə qəbul aparılmışdır. 2018/2019-cu tədris ilində isə 600 baldan yuxarı 1 tələbə, 500 baldan yuxarı 4 tələbə, 400 baldan yuxarı 16 tələbə, 300 baldan yuxarı 172 tələbə qəbul olmuşdur. Hazırda filialda tələbələrin sayı 1100 nəfəri keçmiş və onlar respublikanın 70-dən artıq regionunu əhatə edirlər.

1930-cu ildə yaradılan Qazax Dövlət Sosial-İqtisadi Kollecində 10 fənn birləşmə komissiyası fəaliyyət göstərir. Burada tədrisin kabinə sisteminə keçirilməsi üçün lazımi şərait var. İstehsalat təcrübələrinin yüksək səviyyədə təşkili üçün müvafiq təşkilatlarla əlaqə yaradılmışdır. Kollecdə 88 nəfər ali təhsilli müəllim çalışır. Onların 54 nəfəri gənc kadrlardır. 

2017/2018-ci tədris ilində kollecdə 13 ixtisas üzrə (fiziki tərbiyə müəllimliyi, peşə təlimi, maliyyə işi, mühasibat uçotu, bank işi, sosial iş, elektrik təchizatı, poçt rabitəsi, meşə və meşə-park təsərrüfatı, aqronomluq, zootexniklik, baytarlıq, aqrar (fermer) təsərrüfatının təşkili) 741 nəfər tələbə təhsil almışdır. 2017/2018-ci tədris ilində kollecin əyani şöbəsini müxtəlif ixtisaslar üzrə 204 nəfər bitirmişdir. 

2018/2019-cu tədris ilində Qazax Dövlət Sosial-İqtisadi Kollecinə 335 nəfər tələbə qəbul olunub. Kollecdə tədris üçün 31 sinif otağı, 1 kitabxana və oxu zalı, tələbələr üçün bufet, komputer mərkəzi fəaliyyət göstərir.

İstər ali və orta ixtisas müəssisəsi olsun, istərsə də ümumtəhsil məktəbləri – hamısı Rayon İcra Hakimiyyətinin tam diqqət və qayğısı ilə əhatə olunublar. İcra Hakimiyyətinin başçısı vaxtaşırı olaraq bu tədris ocaqlarına da baş çəkir, onların tədbirlərində iştirak edir, problemlərini öyrənir, kömək göstərir. Bütün bunlar onu göstərir ki, düşmənlə 168 kilometr sərhəddə yerləşən bu rayonda sağlam, vətənpərvər, savadlı kadrlar ordusu yetişir.



 

Hamlet Qasımov, 

"Xalq qəzeti”nin bölgə müxbiri

19 sentyabr 2018-ci il



Facebook-da paylaş