• Təqvim

  • Maraq



Qazaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirilib

Dekabrın 11-də 12 dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin, YAP Qazax Rayon Təşkilatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, partiya veteranları, Ərazi partiya təşkilatının sədr və müavinləri,KİV nümayəndələri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev və tədbir iştirakçıları ilə birlikdə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək dahi şəxsiyyətin abidəsini ziyarət edib, abidə önünüə gül dəstləri düzərək əziz xatirəsini ehtiramla anıb. Tədbir iştirakçıları daha sonra Ümummilli Liderin adını daşıyan mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən stendlərlə tanış olublar.

YAP Qazax Rayon Təşkilatının inzibati binasında akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı, ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, həyatını xalqının və dövlətinin işıqlı gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıblar. Çıxışlarda vurğulanıb ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Azərbaycan xalqı Heydər Əliyevi sevirdi, ona inanırdı, ona həmişə dəstək olurdu. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyevin qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamız sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. XX əsrin 60-cı illərində Azərbaycanda durğunluq hökm sürürdü, respublika iqtisadi göstəricilərinə görə ittifaq miqyasında sonuncu yerlərdən birində idi. 1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi daxil oldu. Təsadüfi deyil ki, ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin, səhiyyənin misilsiz tərəqqisi illəri kimi qalıb. Azərbaycanda həyat ritmi büsbütün dəyişdi, ölkədə görünməmiş milli ruh, azərbaycançılıq məfkurəsi formalaşdı. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Qeyd olunub ki, 1982-ci ildə Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi SSRİ kimi nəhəng dövlətin hakimiyyət imperiyasında Azərbaycan oğlunun belə yüksək mövqe tutması çox qürurverici hadisə idi. Bu illərdəki coşqun fəaliyyəti, yüksək işgüzarlığı, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırır, sorağı SSRİ-nin hüdudlarını aşırdı. Heydər Əliyev Moskvada yaşadığı və işlədiyi dövrdə də Azərbaycana diqqət və qayğısını əsirgəmədi, həmin dövrdə bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəltdi. Heydər Əliyevin mərkəzi hakimiyyətdə yüksək vəzifə tutması ermənilərin Azərbaycanla bağlı məkirli planlarının həyata keçməsinə mane olurdu. Belə ki, 1985-ci ilin əvvəlində Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Karen Dəmirçiyan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna müraciət edərək, qondarma “erməni soyqırımı”nın tanınmasını, yəni, 24 aprelin “anım günü” elan olunmasını təklif etmişdi. Siyasi Büronun iclasını aparan Qorbaçov bu təkliflə razılaşsa da, Heydər Əliyevin sərt və prinsipial mövqeyi ilə qarşılaşdı. Bu səbəbdən də onların hədəfi Azərbaycanın böyük oğlunu bu vəzifədən uzaqlaşdırmaq idi. Mixail Qorbaçovun siyasi hakimiyyətə gəlişindən sonra Heydər Əliyevə qarşı aparılan bədnam kampaniya açıq müstəviyə keçdi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yürütdüyü siyasi xəttə etiraz olaraq Heydər Əliyev 1987-ci il oktyabrın 21-də tutduğu vəzifədən istefa verdi. Bununla da Azərbaycanın qara günləri başladı. Əminliklə demək olar ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, 20 Yanvar hadisələri baş verməz, torpaqlarımız işğal altına düşməzdi. 20 Yanvar faciəsindən bir gün sonra 1990-cı il 21 yanvar tarixində Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək sovet qoşunlarının Bakıda törətdiyi qırğınlarla əlaqədar bəyanət verdi. Xalqımızın kədərini bölüşməsi və sovet hakimiyyətinin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi. Həmin dövrdə Azərbaycana qayıdışına ciddi maneələr törədilməsinə baxmayaraq 1990-ci ilin 20 iyul tarixində Vətənin ağır günlərinə biganə qala bilməyən Heydər Əliyev Azərbaycana qayıtdı. Xalqın böyük ümid və ruh yüksəkliyi ilə gözlədiyi Heydər Əliyev Bakıdan Naxçıvana getdi. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Belə ağır bir dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi xaos və anarxiyadan qurtardı. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı, dövlətçiliyimiz hər cür sui-qəsddən, dövlət çevrilişi cəhdlərindən qorundu və ölkəmiz dayanıqlı inkişaf yoluna çıxdı. Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışı ilə bir çox sahələrdə genişmiqyaslı islahatların, o cümlədən qanunvericilik islahatlarının həyata keçirilməsinə başlanıldı. Bununla da Azərbaycan demokratik inkişafın yeni mərhələsinə qədəm qoydu. Bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. Çıxış edənlər bildiriblər ki, İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşır. Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində uğurlu addımlar atılır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi. Bu gün Respublika Prezidenti İlham Əliyevin elmə əsaslanan iqtisadi siyasəti respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Ölkəmizin inkişafı müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu gündən-günə artırır. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və dərin hörmətlə anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

Tədbirdə Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin şagirdləri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.



Facebook-da paylaş


{sape_links}