• Təqvim

  • Maraq



Qazaxda daha bir avtomobil yoluna yeni asfalt örtüyü döşənir. İcra başçısı görülmüş işlərlə yerində maraqlanıb – FOTOLAR


Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində paytaxt Bakıda, eləcə də respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Təqdirəlayiq haldır ki, ölkə Prezidentinin rəhbərliyi altında son illər ölkəmizdə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. Məhz bu işlərin nəticəsidir ki, respublika və yerli əhəmiyyətli yollar yenidən qurulur, ən ucqar dağ kəndlərinə belə yeni yollar çəkilir.

Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər Qazaxda da uğurla icra olunmaqdadır. Ölkə Prezidentinin qayğısı sayəsində son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin bariz nümunəsidir.

Bu gün Qazax böyük bir tikinti meydançasını xatırladır. Rayonda aparılan abadlıq işləri, xüsusilə də nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə həyata keçirilən işlər bu il də uğurla davam etdirilir. Şəhərin Nəsrəddin Tusi, şəhid Yunis Kazımov (Bakı küçəsindən M.Ə.Rəsulzadə küçəsinin kəsişməsinə kimi), Ağköynək kəndində Çərkəz İsmayılov və Cabir Hüseynov (Mehdi Hüseyn küçəsinin kəsişməsindən magistral yola kimi) küçələrinə yeni asfalt örtüyünün döşənməsi, şəhərin Nəriman Nərimanov yaşayış massivində aparılan abadlıq işləri, Qazax şəhəri Azadlıq küçəsində yerləşən 206A saylı binanın fasadında təmir işlərinin aparılması, Əliağa Şıxlinski küçəsində asfalt döşənməsindən əvvəl yol kənarında yerləşən obyekt və hasarlarda abadlıq işlərinin aparılması, Aslan Kəmərli küçəsində yeni səkilərin salınması, şəhərin Heydər Əliyev prospektində müasir işıqlandırma sisteminin quraşdırılması, səkilərin kənarına məhəcərlərin vurulması söylədiklərimizin əyani sübutudur.

Sevindirici haldır ki, şəhərin küçələri ilə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Qazax Mənzil İstismar Sahəsinin balansında olan şəhərin Heydər Əliyev prospekti 127 və 158, Vidadi küçəsi 14 ünvanında yerləşən ikimərtəbəli yaşayış binalarının həyətlərinə, eləcə də Nəriman Nərimanov yaşayış massivində məhəllədaxili yollara yeni asfalt örtüyü vurulub. 

Artıq bir neçə gündür ki, rayonda uzun illər istifadə olunduğundan yararsız vəziyyətə düşmüş, ümumi uzunluğu 14 km olan Qazax-Uzuntala-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 12,8 km hissəsinin əsaslı təmir olunmasına start verilib. Hazırda “28 nömrəli Yol İstismarı” MMC tərəfindən sözügedən avtomobil yolunun Bala Cəfərli kəndi ərazisindən keçən hissəsində işlərə başlanılıb, avtomobil yoluna yeni asfalt örtüyü vurulur.

İyunun 2-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Bala Cəfərli kəndində olub, yeni asfalt örtüyü vurulmuş yolda görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb. 

Sakinlər rayonda aparılan abadlıq işlərinə, eləcə də yaşadıqları kəndə yeni asfalt örtüyünün vurulmasına görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Görülmüş işləri dövlətin, ölkə başçısının onlara olan növbəti qayğısı və töhfəsi kimi qiymətləndirirlər.



Facebook-da paylaş